TRAMPIN “ABŞ SURİYADAN ÇƏKİLƏCƏK” BƏYANATI NƏYƏ HESABLANIB? – TƏHLİL

Baxış sayı:
5198

 Nihal Bengisu Karaca
 
“Habertürk”, Türkiyə, 01 aprel 2018-ci il
 
“Suriyadan çox yaxında çıxacağıq. Artıq onunla başqaları məşğul olsun.”Trampın bomba təsiri yaradan açıqlaması belə idi. Bomba deməyimizin səbəbi onun belə bir açıqlama verəcəyini, verməyə hazırlaşdığını Ağ evdəkilər daxil olmaqla, önəmli qurumlardakı şəxslərin bilməməsidir. XİN-in mətbuat katibi Hezır Nauertdən soruşurlar, o da belə bir plandan xəbərinin olmadığını söyləyir.
 
Kampaniya vədləri
 
Beynəlxalq mətbuat XİN, Müdafiə Nazirliyi və MKİ-dən olan 4 vəzifəli şəxsin Trampın açıqlamalarından çaşdığını bildirir. Hətta MKİ-dən olan üst səviyyəli kəşfiyyat əməkdaşı Trampın sözlərilə əlaqədar olaraq “Görünür ki, tamamən düşünülmədən söyləyib” deyir.
ABŞ-ın beynəlxalq miqyasda müdaxiləçi davranışı, başqa ölkələrə ixrac etdiyi rəngli inqilablar, sabitsizlik yaratmaq istədiyi ölkələrə yönəlik olaraq keçirdiyi iqtisadi əməliyyatlar və apardığı/apartdırdığı hərbi əməliyyatlar son 50-60 ilə o qədər güclü damğa vurub ki, Tramp ənənənəvi respublikaçıları da əsəbiləşdirmə bahasına seçki kampaniyası boyunca “Əsgərlərimizin o qədər uzaqlarda nə işi var?” sualını təkrarlayıb durdu.
O, gəlinən nöqtəni xülasə etmək üçün İŞİD-in qurulmasında ABŞ-ın rolu olduğuna dair etiraflar/ittihamlar belə etdi. Bütün bunlara xəsis kartel patronu davranışı ilə “Pullarımız nə üçün buralara axır?!” deməyi də heç unutmadı.
Xatırlayıram ki, Tramp, ABŞ-ın xarici siyasət və təhlükəsizliyini təmin etmə seçimlərini tənqid edərkən, ən çox bu siyasətlərin ABŞ-a çox baha başa gəldiyini və xalqı yoxsullaşdırdığını ön plana çıxarmışdı. Yəqin ki, “Suriyadan çox yaxında çıxacağıq” deməsi də seçicisinin qarşısında olduğu o anda, kampaniya boyunca vəd etdiklərini unutmadığını göstərmək istəyir.
Sürətlə aldığı “Suriyadakı yenidənqurma fəaliyyətinə ayrılan 200 milyon dollarlıq yardım fondunu dondurma” qərarı da Trampa səs verənlərin könlünü almaq üçündür.
 
Tez-tələsik çıxmaq olarmı?
 
Bu qərarın xarici siyasətlə bağlı tərəfi isə daha mürəkkəbdir. Yardım fondlarını dondurma qərarı mətbuatda “ABŞ-dan YPG həmləsi” ifadələrilə yer aldı. Çünki ayrılan bu 200 milyon dollara ABŞ-ın İŞİD-ə qarşı əməliyyat apardığı və ondan boşalan yerlərə PYD/YPG-nin yerləşdiyi, onlara qalmasını“təmənna etdiyi” bölgələrin yenidən qurulmasına sərf ediləcək maliyyə vəsaiti kimi baxılırdı.
Bu qərar haqqında xəbər ciddidirsə, onun geri dönüşü yoxdursa, bu durum, həqiqətən, ABŞ-ın Suriyanın gələcəyindəki öz rolunu və Suriyanın gələcəyində rol alacaq aktyorları yenidən ölçüb-biçməyə başladığı anlamına gəlir.
Ağırlıq qazanan baxış bunun həmən, tez-tələsik olmayacağı yönündədir.Çünki ABŞ-ın Suriyadan tez-tələsik əlini çəkməsi Obama dövründə artan İran təsirinin genişlənməsinə qarşı əməlli-başlı həyəcanlanmış Səudiyyə Ərəbistanını və onun periferiyasındakı ölkələri, İran-Hizbullah-Dəməşq oxunu o zamandan bəri təhdid olaraq görən İsrail kimi müttəfiqlərini çətin vəziyyətə salmaqla qalmaz… Hazırda “Kim harada nüfuz sahibi olacaq?” xətlərinin az-çox müəyyən edildiyi, nəzərdə tutulan durumu dəyişdirər və tərəfləri sadəcə vəkil təşkilatlar vasitəsilə deyil, bir-birilərilə açıq şəkildə isti müharibəyə sövq edə bilər.
 
ABŞ-ın, bu ehtimalla birlikdə və ya onsuz, hər şeyini bir anda toplayıb Suriyadan ayrılması bütün Orta Şərqin rus hakimiyyəti altına girməsi kimi bir nəticəyə də səbəb olar ki, bu durum, hər halda, Türkiyənin də işinə gəlməz.
 
ABŞ-Rusiya balansı
 
Bəziləri avrasiyaçılığın öz mahiyyət etibarı ilə rusçuluq olduğunu, Rusiyanın nüfuzundan asılı vəziyyətdə qalmanın uzunmüddətli nəticəsinin də“Türkmənistan olmaq” anlamına gəldiyini nəzərə almayaraq əsib coşa bilər, lakin Ərdoğan Rusiya ilə yaxınlaşmanın ABŞ-la masada, qismən də olsa, uzlaşmaqla balanslaşdırılmasının lazım olduğunun çox yaxşı fərqindədir. Doğrusu da budur.
Xülasə, Trampın “Suriyadan çox yaxında çıxacağıq” ifadəsi daxili siyasətdə seçicisinin qorunması məqsədilə söylənmiş ola bilər. Amma mən bu ifadənin həm Rusiya ilə “çox yaxın” əlaqələr quran İsrailə, həm də bir tərəfdən Rusiya ilə güclü əməkdaşlıqlara imza atan, digər tərəfdən də milli gündəliyinə görə addımlar atan Türkiyəyə blef etmək üçün sərf edilmiş olduğunu düşünməyə bilmirəm.
 
Tərcümə Strateq.az-ındır