“Tramp üçün üzr diləyirik” – Amerikalı professor

Baxış sayı:
6358

İstanbul Ticarət Palatasının (İTP) dəvəti ilə İstanbula gələn dünya şöhrətli idarəçilik və marketinq mütəxəssisi kimi tanınan Amerikalı professor Filip Kotler ilə qlobal marketinq üsulları, müəssisələri gözləyən problemlər və qlobal ticarətin qarşı-qarşıya olduğu risklər müzakirə olunub. Dünya Marketinq Zirvə Toplantısından sonra İTP prezidenti Şekib Avdagiçin ev sahibliyi etdiyi görüşdə sualları cavablandıran Filip Kotler, ABŞ prezidenti Donald Trampı ağır ifadələrlə tənqid edib.
 
TRAMP BU DÜNYADA YAŞAMIR
 
Çinin dünyaya açılma siyasətlərinə qarşı ABŞ-ın ölkələri hədəfə almasının, gömrük tariflərini qaldırmasının uğurlu marketinq üsulu olub olmadığını soruşduğumuz Kotler, bunları deyib: "Tramp bir çox baxımdan çox ziddiyyətli bir şəxsdir. Hazırda ABŞ-ı tamamilə bölmüş vəziyyətdədir. Ölkənin yarısı onu prezidentlikdən endirmək və cəzalandırmaq istəyir. İnsanların 40 faizi isə onu dəstəkləyir, onunla əylənir. Eqoist, xudbin bir adamdır və heç bir şey bilmir. Hər hansı bir şey oxumur və heç kəsi eşitmir. O, bu dünyada yaşamır, öz zehnində yaşayır".
 
PARAŞÜTLƏ VƏ DRONLA GƏLƏCƏKLƏR
 
Trampın gömrük tariflərini qaldırması ilə yanaşı, qaçqınlara qarşı divar hörməyi də tənqid edən Kotler, bunun çarə olmadığını vurğulayıb: “Davamlı divarlar hörür, amma insanlar paraşütlərlə, dronlarla gələcək. Elə bir dəyişiklik olacaq ki... Tramp müvəqqətidir. Onun üçün üzr istəyirik. Əgər demokratlar düzgün namizədi taparsa, Tramp 2020-də gedəcək. Mən Maykl Bloombergi bəyənirəm. Nyu Yorku idarə etdi. Tramp bir iş adamı idi, amma şirkətini çox pis idarə edirdi. Məsələn, Starbucksu idarə edən şəxsin ABŞ-ı idarə etməsini istəyirəm".
Müxalifət.az