TRAMP RUSİYANI ÇİNİN AĞUŞUNA İTƏLƏYİR! – Moskva-Pekin oxu sürətlə möhkəmlənir!

Baxış sayı:
1528

1970-ci illərin birinci yarısında ABŞ xarici siyasətinin başında dayanan Henri Kissincer “Strateji üçbucaq” konsepsiyasını işləyib hazırlamışdı.

Bu strategiyaya uyğun olaraq Rusiya və Çin bir-birlərindən xeyli uzaq, Amerika ilə isə eyni cür yaxın olmalıydılar. Kissincer 1972-ci ildə Riçard Niksonu Pekinə gedərək Çin ilə diplomatik əlaqələr qurmağın və həmin ilin may ayında isə Moskvaya səfər edərək strateji silahların məhdudlaşdırılması ilə bağlı müqavilənin imzalanmasının vacibliyinə inandıra bilmişdi.

Donald Tramp Amerikası isə tamamilə əks istiqamətdə gedir. Vaşinqtonun Moskva və Pekinlə münasibətlərinin daha da pisləşməsi üçün heç bir həftə də vaxt keçmir.27 avqustda ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib. Yeni məhdudlaşdırıcı tədbirlər zərfi Moskvanın kimyəvi silahdan istifadədə ittiham olunması ilə bağlıdır və ABŞ milli təhlükəsizlik nöqteyi-nəzərindən həssas olan Amerika mallarının və texnologiyasının Rusiyaya nəql olunmasını qadağan edir. Bu sanksyalar 2018-ci ilin martında Solsberi şəhərində rusiyalı keçmiş casus və hal-hazırda Böyük Britaniya xüsusi xidmətinə çalışan Skripala qarşı sinir-iflic qazından istifadəyə görə Rusiyanın cəzalandırılması məqsədini daşıyır. Kremlin mətbuat katbi Dmitri Peskov Rusiyanın bu zəhərləmə hadisəsinə hər hansı bir aidiyyatının olmasını qəti şəkildə rədd edib. O, bu sanksiyaları “qeyri-qanuni” adlandıraraq, ABŞ-ı Rusiya ilə “düşünülmüş şəkildə qarşıdurma yolunu seçməkdə” günahlandırıb. Finlandiya prezidentini Soçidə qəbul edən Putin isə bu sanksiyaları “qeyri-məhsuldar və mənasız” adlandıraraq, Amerikan isteblişmentini reallığı anlamağa çağırıb.

Vaşinqton, eyni zamanda Çinlə apardığı ticarət müharibəsini də davam etdirir. 23 avqustda ABŞ Çindən idxal edilən mallara 25% gömrük rüsumu tətbiq edib və ümumi həcm 50 milyard dollara çatır. Trampın fikrinə görə, çinli mütəxəssislər Amerikan texnologiyasını oğurlamaqda davam etmək və böyük ticarət kəsirini azaltmaq üçün “rezini dartırlar”.

Pekin də Amerikanın tarif tədbirlərini qeyri-qanuni adlandıraraq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib. Si Çzinpin öz avtoritetinin düşməsinə imkan verməmək üçün əks tədbirlər görəcək və bu qarşıdurmanın haraya gedəcəyi heç kimə bəlli deyil. İstənilən anda bu xoşagəlməz strateji dönüşə gətirib çıxara və Şimali Koreya işində manipulyasiya vasitəsinə çevrilə bilər. Vaşinqton artıq Çini Şimali Koreyaya qarşı BMT sanksiyalarını pozmaqda günahlandırır.

ABŞ Rusiyanı istənilən vasitəylə keçmiş SSRİ ərazisini “öz təsir sferasına” qaytarmaq istəyində günahlandırmaqda və ya Çini Ümümdünya Ticarət Təşkilatının qaydalarına məhəl qoymamaqda ittiham etməkdə haradasa haqlıdır.

putin si

Lakin onlar bunu o dərəcədə bacarıqsızcasına edirlər ki, əks nəticə əldə etmək riski qazanırlar. Cəza diplomatiyasını praktikadan keçirməklə Amerika özü də istəmədən Rusiya-Çin oxunu möhkəmləndirməkdə davam edir.

Sentyabrın birinci yarısında Rusiya 1981-ci ildən indiyədək ən iri hərbi təlimlərini keçirəcək. Bu təlimlərə Çin də dəvət olunub. Çin həmin hərbi təlimlərə 900 tankdan və 3,5 min əsgərdən ibarət qrup göndərəcək. İki böyük dövlət 1950-ci illərdə olduğu kimi, yenidən müttəfiq olurlar.

Onlar BMT Nizamnaməsini birtərəfli qaydada kobud şəkildə pozan ABŞ-a bütün yer kürəsinə öz istədiyini sırımağa imkan vermək fikrində deyillər. Çin və Rusiya dolların dünya ehtiyat və dövriyyə pulu kimi hakimiyyətinə yenidən baxmaq istəyirlər. Bu iki dövlət Vaşinqtonun sərt boykot etdiyi İranı dəstəkləyirlər.

Otuz il bundan öncə Amerikan strateqləri hesab edirdilər ki, Çinə qarşı münasibətdə açıqlıq nümayiş etdirmək lazımdır. Amma bu gün Çinin dünyadakı təcavüzkar siyasətindən və onun ordusunun böyüməsindən narahat olanlar qabaqlayıcı tədbirlər görülməsi strategiyası ilə çıxış edirlər. Əlbəttə ki, ruslar bu işdə onlara yardım etməzlər.

Tramp Çinlə apardığı ticarət müharibəsində iki dəfə bacarıqsızlıq nümayiş etdirib. Birincisi – o, Sakit okean ticarət əməkdaşlığı müqaviləsini qəbul etməyib, ancaq halbuki, bu təşkilat Çinə qarşı güclü Asiya blokunu formalaşdırırdı. İkincisi – Tramp Avropa Birliyi ilə birləşə bilmədi. Çin-Amerika rəqabəti XXI əsrin mühüm strateji rəqabəti hesab edilir. Lakin Amerika hələ anlamır ki, bu gün rusları çinlilərin ağuşuna itələmək onun maraqlarına xidmət etmir.

(Le Figaro-Fransa)