​Tramp razılaşdı – Yeni NAFTA müqaviləsi imzalanacaq

Baxış sayı:
3613

ABŞ, Meksika və Kanada hökumətləri noyabrın 30-da yeni üçtərəfli ticarət müqaviləsi imzalayacaqlar. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Meksikanın iqtisadiyyat naziri İldefonso Quaxardo mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ, Meksika və Kanada arasında üçtərəfli ticarət müqaviləsi “G20” (“Böyük iyirmilik”) sammiti çərçivəsində Argentinanın paytaxtı Buenos Ayrosda imzalanacaq. 
“Dəqiq olan odur ki, müqavilənin imzalanması 30 noyabrda Argentinada baş tutacaq. Lakin ABŞ və Meksika prezidentlərilə Kanada baş nazirinin imzalanma mərasimində iştirak edəcəkləri hələ ki dəqiqləşdirilməyib” – Quaxardo bəyan edib. 
Qeyd edək ki, Trampın Şimali Amerika Azad Ticarət Zonası haqqında müqavilənin (NAFTA) yenilənməsi ilə bağlı tələbi üzündən bir ildən çoxdur davam edən ABŞ-Kanada danışıqları nəhayət ki, sentyabrda razılıq əldə olunmasilə nəticələnib. Bunadək isə ABŞ Meksika tərəfi ilə ikitərəfli sazişi artıq imzalamışdı. Lakin ABŞ-Meksika-Kanada Razılaşması (USMCA) adlanan yeni üçtərəfli ticarət paktı qüvvəyə minərək realizə olunmazdan əvvəl, hər üç ölkənin qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir.