​TRAMP PUTİNİN QƏLƏBƏSİNİ GÖZLƏYİRDİ, ÇÜNKİ…

Baxış sayı:
2881

Nüvə potensialına malik olan Rusiya ilə ABŞ arasında münasibətlər yoluna düşməsə, bu, dünya düzəninə və onun gedişinə mənfi təsir edəcək. Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a Rusiya və ABŞ prezidentlərinin gözlənilən görüşü ilə bağlı danışan politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Tramp İran və Şimali Koreya məsələlərini həll etməyi qarşısına məqsəd qoyub, bu isə Rusiyasız mümkün deyil: “Eyni zamanda, Rusiya Yaxın Şərqdə gedən proseslərə də birbaşa təsir edir. Tramp isə ümumiyyətlə biznesmen təfəkkürlü bir rəhbərdir və hər görüşdən özü üçün xeyir götürməyə çalışır. Əslində, Tramp gözləyirdi ki, Putin prezident seçilsin və ondan sonra addımlar atsın. Məlum məsələdir ki, xarici siyasətdə qardaşlıq, dostluq məhfumu yoxdur, ümumi maraqlar var. Skripal olayından sonra bir-birinə zidd olan iki dövlət - Britaniya və Almaniya, eyni zamanda, Fransa arasında Rusiyaya qarşı danışıqlar oldu. ABŞ da prosesə qoşuldu. Hesab edirəm ki, bu fonda bundan sonra da Rusiyaya qarşı sanksiyalar artacaq. Çünki Tramp ABŞ demək deyil, onun ətrafında çox güclü komandası var və o, həmin xətdən kənara çıxa bilməz. Ancaq Buş dönəmində də Rusiya ilə yaxınlaşma imkanı var idi və bu arzulanan idi. Sona çatdıra bilməsə də, Obama da bu istiqamətdə addımlar atmışdı. Ona görə də Trampın Putinə zəngi gözlənilən idi”. Politoloq qeyd edib ki, liderlər arasında telefon danışığı hələ onların görüşəcəyi anlamına gəlmir: “Çünki hər bir görüşün məram və protokolu olmalıdır. Lakin ümumi götürdükdə soyuq müharibə təhlükəsi Rusiya və ABŞ liderlərinin görüşünü labüd edir. Çünki bu gün hərbi sənaye kompleksini tam şəkildə əlində saxlayan Rusiya rəhbərliyi bu potensialdan istifadə etməyə başlayıb. Bu da özlüyündə böyük müharibələrə səbəb ola bilər. ABŞ Prezidenti Donald Trampın əsas məqsədi isə dünyada baş verən proseslərə təsir imkanını daha da genişləndirməkdir”. Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın telefon danışığında görüşün hazırlıqları üçün XİN rəhbərlərinə tapşırıq verilməsi barədə razılıq əldə edildiyini açıqlayıb.