​Tramp Maduro ilə telefonla danışmaqdan imtina etdi

Rəsmi Karakas Nikolas Maduro ilə Donald Tramp arasında telefon bağlantısına dair Vaşinqtona sorğu göndərib, lakin ABŞ prezidenti venesuelalı həmkarının təklifini rədd edib.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Amerika Birləşmiş Ştatları təqiblər və sıxıntılara məruz qalan Venesuela xalqını dəstəkləyir. Ölkədə demokratiya bərpa olunan kimi, prezident Tramp məmnuniyyətlə Venesuela prezidenti ilə söhbət edəcək”, məlumatda deyilir.
Ağ Evdən həmçinin bildiriblər ki, ABŞ dəfələrlə Venesuelanı ədalətli seçkilər keçirməyə, siyasi məhbusları azad etməyə, insan haqlarına hörmətlə yanaşmağa çağırıb: “Lakin bütün bu çağırışlar cavabsız qalıb, əvəzində prezident Maduro diktatura yolunu seçib”.
 
***
Tramp: “Venesuelaya qarşı hərbi variantı istisna etmirəm”

 
ABŞ prezidenti Donald Tramp Venesuelada hərbi əməliyyat keçirilməsini nəzərdən keçirir.
Bunu ABŞ lideri dövlət katibi Reks Tillerson və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ilə görüşdən sonra bəyan edib.
“Venesuela elə də uzaq deyil. Orada insanlar əzab çəkir, həlak olurlar. Venesuelaya dair bir çox variant nəzərdən keçirilir. Yeri gəlmişkən, mən hərbi əməliyyat variantını da istisna etmirəm”, deyə D.Tramp bildirib.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. İyulun 31-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib. Ölkə müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti verilib. Aprelin əvvəlindən ölkədə davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 120-ni ötüb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.