​Tramp istəsə belə, bu ölkədən çıxa bilməz – Şərh

Baxış sayı:
4651

Suriyadan qoşunların çıxarılması indiki halda heç cür ABŞ-ın strateji maraqlarına uyğun deyil.
Bu sözləri  ABŞ Prezidenti Donald Trampın açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Suriya ilə bağlı son qərar ABŞ-ın nüfuzlu elitası tərəfindən veriləcək:
“Suriyadan qoşunların çıxarılması indiki halda heç cür ABŞ-ın strateji maraqlarına uyğun deyil. Əks təqdirdə ABŞ Yaxın Şərqdəki bütün strateji mövqelərini itirəcək. Trampın növbəti açıqlamasını boşboğazlıq kimi dəyələndirirəm. Əgər İraqda ABŞ qoşunlarının sayı iki dəfədən çox artırılırsa, onda Suriyadan necə çıxarıla bilər?! Üstəlik, bölgədə 5 dövlətin iştirakı ilə koalisiya yaradılıb. Koalisiyada ərəb dövlətləri ilə yanaşı, formal olaraq Türkiyə də təmsil olunur. Tramp Suriyaya pul xərcləmək istəmədiyini bəhanə gətirir. Ancaq ABŞ-ın öz ənənələri var. Bu ölkə yalnız böyük dünya düzənini qurmaqla və ona nəzarət etməklə böyük dövlət olub. Trampın belə ciddi məsələlərə qənaət gözü ilə baxması ABŞ-ı kiçik dövlətə çevirə bilər. Digər tərəfdən, İran artıq Aralıq dənizinə çıxmaq üzrədir. Tramp bütün bunların strateji perspektivlərini qiymətləndirə bilmirsə, demək, siyasəti dərin bilmir”.
ABŞ əsgərləri Suriyada qalacağı təqdirdə xərclərin Səudiyyə Ərəbistanı tərəfindən qarşılanması məsələsinə gəlincə, politoloq bunun bir qədər mübahisəli olduğunu düşünür:
“Onsuz da Səudiyyə büdcəsinin böyük hissəsini hərbi xərclərə ayrırır və ABŞ-dan 300 milyard dollarlıq silah alır. Bu, elə Suriyada ABŞ-ın xərclərinin ödənilməsinə bərabərdir. Trampın bu fikirləri Konqresdə əks-etiraz doğurub və güman etmirəm ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə sərəncam veriləcək və bu qərar təsdiq ediləcək. Tramp bu kimi məsələlərlə bağlı əmr vermək və onların icrasına nəzarət etmək səlahiyyətinə malik deyil”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadan geri çəkilmək istədiyini, ancaq hələ bu barədə qərar verilmədiyini bildirib.
Az öncə isə Ağ Ev məsələ ilə bağlı təcili toplantısının qərarını açıqlayıb. Qərar əsasən, ABŞ ordusunun bir müddət Suriyada qalacaq.