Tramp irqçilikdə ittiham olundu

"The Daily Mail" yazır ki, ABŞ prezidenti Donald Trump Charlottesville şəhərində baş vermiş toqquşmaları pisləsə də, "bütün tərəfləri" günahlandırdığına və ağ millətçiliyi pisləməkdən çəkindiyinə görə tənqid olunur.
 
Virginia ştatında ağdərili millətçilərin yürüşü zamanı azı bir nəfərin öldüyü xəbər verilib.
Prezident öz çıxışında deyib: "Biz çox tərəflərdən qaynaqlanan fanatizmin və zorakılığın rüsvayçı nümayişini pisləyirirk. Bu hal bizim ölkəmizdə bir müddətdir ki, davam edir".
NBC telekanalının müxbiri Hallie Jackson Ağ Evdən dəqiqləşdirməyə çalışıb ki, Trump "çox tərəflərdən" deyəndə nəyi nəzərdə tutub. Jurnalist Ağ Evdən aldığı izahatı Tvitterdə yayıb:
"Prezident bütün mənbələrdən və bütün tərəflərdən gələn nifrət, fanatizm və zorakılığı pisləyib. Bu gün etirtazçılar və antietirazçılar arasında zorakılıq olub".
"The Mail" yazır ki, baş prokuror Jeff Sessions da "ağdərilililərin ağalığına" tərəfdar olanları pisləməkdən çəkinib.
Trump həmçinin "qanun-qaydanın tezliklə bərpa olunmasına" çağırıb. O deyib ki, "bu gün uşaqlar həyətdə oynamaqdan qorxmamalıdırlar".
Prezident deyib ki, elə indicə Virginia qubernatoru Terry McAuliffe-la danışıb və onların ortaq rəyi zorakılığın dərhal dayandırılmasının vacibliyi olub.
Bunun ardınca prezident onun başçılığı ilə ölkədə baş verən müsbət işlərdən, işsizliyin azalmasından və şirkətlərin ölkəyə "axınından" danışmağa başlayıb.
"Mən Charlottesville şəhərində baş verən hadisələrə baxanda çox kədərləndim - deyib Trump, -Hər şeydən əvvəl biz belə bir həqiqəti yadda saxlamalıyıq ki, rəng, din və siyasi partiyadan asılı olmayaraq biz ilk növbədə amerikalıyıq".
"Biz ölkəmizi sevirik, Allahımızı sevirik, bayrağımızı sevirik, ölkəmizlə fəxr edirik, kimliyimizlə fəxr edirik" - deyib prezident.
"The Mail" diqqəti belə bir məqama çəkir ki, Trump öz çıxışında ağ millətçilərin və KKK-in adını çəkməyib.
KKK lideri David Duke bundan əvvəl, şənbə günü demişdi ki, ağların ağalığını dəstəkləyən nümayişçilər Trump-ın vədlərini yerinə yetirirlər.
"Bizim inandığımız budur və biz Donald Trump-a buna görə səs vermişik" - deyib Duke.
"The Mail" yazır ki, baş verən hadisələrlə bağlı bir çox siyasətçilər Trump-ı kəskin tənqid ediblər.
Senantor Patrick Leahy Trump-ı irqçilərin nümayişini pisləməkdə lənglik göstərdiyinə görə tənqid edib.
"Prezident Trump-ın sükutu utancverici və məsuliyyətsizdir" - deyib senator.
Trump-dan fərqli olaraq Arkansas qubernatoru Mike Hucakbee millətçiləri tənqid etməkdən çəkinməyib.
"Ağ irqçilik irqçiliyin ən pis formasıdır, şərdir, Allahın həqiqətinə həqarətdir. Allah hamını bərabər yaradıb" - deyib qubernator.
Polisin həbslər həyata keçirdiyi xəbər verilir, lakin bildirilir ki, küçələrdə irqçilər və onlara qarşı çıxanlar arasında toqquşmalar davam edir.