Tramp İranla “nüvə sazişi” barədə fikrini dəyişir…

Deyəsən, dünya rahat nəfəs ala bilər. Trump İran sazişi barədə fikrini dəyişir…
 
"The Guardian" qəzetinin Washington müxbiri Julian Borger yazır ki, bugünkü çıxışında Donald Trump-ın İranı kəskin tənqid etsə də, hər halda ölkəsini nüvə sazişindən çıxarmayacağına ümidlər yaranıb.
Bunu prezidentə yaxın olan mənbələr dilə gətiriblər.
Məqalədə deyilir ki, Avropa rəsmiləri rahat nəfəs alıblar, beləki Trump-ın Ağ Ev nitqində Amerikanın İranla 2015-ci ildə imzalanmış sazişdən çıxacağı barədə söhbətin olmayacağı gözlənilir.
Trump artıq bir müddət idi ki, İranın bu sazişə əməl etməsi barədə şəhadətnaməni vaxtaşırı imzalamaqdan boğaza yığıldığını söyləyirdi. Şəhadətnamə İranın üzərindəki sanksiyaların dondurulduğu müddətin uzadılması üçün nəzərdə tutulub.
Avropa diplomatları ABŞ-ın İran sazişindən birtərəfli qaydada çıxmasının qarşısını almaq üçün geniş lobbiçilik səyləri göstərirdilər.
Buna baxmayaraq ABŞ prezidentinin çıxışında İran son dərəcə kəskin tənqid oluna bilər, bununsa ABŞ-ın Avropa müttəfiqləri ilə münasibətlərini gərginləşdirə biləcəyi deyilir.
Belə gözlənilir ki, Trump öz çıxışında İranın atdığı addımların onun üzərindən sanksiyaların qaldırılması üçün kifayət etmədiyini söyləyəcək.
Necə olursa olsun, indi Trump-ın Konqresdən İran üzərindəki sanksiyaların bərpasını istəyəcəyi gözlənilmir. Əgər o bu addımı atsaydı, onda 2015-ci ilin min bir əziyyətlə əldə olunmuş sazişi iflasa uğraya bilərdi.
Trump-ın bu çıxışı da İranın təcavüzkar hərəkətlərinin tənqidi ilə bol olacaq və əsasən də Tehranın raket proqramının pislənməsinə həsr ediləcək. ABŞ prezidentinin İranın Suriyadakı hərəkətlərini, Hizbullaha və şiə silahlılara dəstək verməsini də kəskin pisləyəcəyi gözlənilir.
Belə ehtimal edilir ki, Trump İranın İslam Keşikçiləri Korpusunun rəhbərləri üzərinə sanksiyaların qoyulmasını əmr edə bilər. Amma yenə də Trump-ın bütövlükdə İslam Keşikçiləri Korpusunu "terrorçu təşkilatlar" siyahısına daxil edəcəyi gözlənilmir.
Avropa diplomatlarının ən çox ehtiyatlandığı variant Trump-ın İranla nüvə sazişindən çıxmaq barədə qərar qəbul etməsi olardı.
Amma indi belə məlum olur ki, ABŞ prezidenti bu ekstremal addımı atmayacaq.
Əksinə, bunun əvəzində prezident deyəcək ki, onun administrasiyası İran sazişinin nöqsanlarının aradan qaldırılması üçün Konqreslə birlikdə işləyəcək. O öz nitqində İranın nüvə fəaliyyətinin daha sərt monitorinqini də təklif edə bilər.
Administrasiya rəsmilərindən birinin sözlərinə görə, prezident "bir növ deyəcək ki, Tehran bu sazişdən bir millimetr də kənara çıxsa, ABŞ bu sazişi tərk edəcək".
Belə gözlənilir ki, Trump Konqresdən İran Nüvə Sazişinə Baxılması Haqqında qanuna dəyişiklik etməyi rica edəcək. Bu dəyişikliyə görə, İranın sazişi pozacağı təqdirdə sanksiyalar dərhal avtomatik bərpa olunmalıdır.
Bundan başqa o həm də bu qanuna onu hər 90 gündən bir İran sazişinin saxlanması üçün şəhadətnamə imzalamaqdan azad edəcək düzəliş edilməsini istəyir.
Hazırda Konqreslə müzakirə olunan yeni qanun versiyasında Trump-ın şəhadətnaməni daha az-az imzalaması nəzərdə tutulur. Bunun əvəzində ABŞ kəşfiyyatına İranın mümkün məxfi nüvə fəaliyyətinə göz qoymaq tapşırılır. Bu məqsədlə ABŞ kəşfiyyatı nümayəndələrinə İranın nüvə obyektlərinə giriş verilməsi istənir.
"The Guardian" yazır ki, Obama administrasiyasının vaxtında İranın ağır su ehtiyatı iki dəfə normanı keçib, lakin indi ağır su ehtiyatı maksimum icazə verilən həddən xeyli aşağıdır. Trump çıxışında deyəcək ki, o bu məsələdə Obama qədər iltifatlı olmayacaq.
İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin başqa tərəfləri - Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İran bildiriblər ki, bu sazişin şərtlərinə yenidən baxılması realist bir məsələ deyil.
Bununla yanaşı avropalılar bildiriblər ki, onlar İranın raket sınaqlarının məhdudlaşdırılması ilə bağlı danışıqların aparılmasına hazırdırlar.