Tramp Holan yüksəkliklərini İsrail ərazisi elan edəcək

Baxış sayı:
1207

ABŞ prezidenti Donald Tramp Holan yüksəkliklərini İsrail ərazisi sayır.
O, bu barədə Twitter-dəki akkauntunda yazıb.
"52 il keçəndən sonra İsrailin Holan yüksəklikləri üzərində suverenliyinin ABŞ tərəfdən tanınmasının vaxtı çatıb. Bu ərazilər İsraillə yanaşı, bütün regionun stabilliyi üçün önəmlidir", - Tramp bəyan edib.
Vaşinqtonun Holan yüksəkliklərini İsrailin ərazisi qismində tanımaq niyyəti barədə Associated Press martın 20-də məlumat yaymışdı. Tanınma barədə rəsmi açıqlama İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-a gələn həftədə gerçəkləşəcək səfəri əsnasında veriləcək.
ABŞ Dövlət Departametinin insan haqları ilə bağlı ənənəvi məruzəsinin builki variantında Holan yüksəklikləri ilə bağlı "İsrailin işğal etdiyi ərazilər yox", "İsrailin nəzarətindəki ərazilər" ifadəsi yer alıb.
1944-cü ildən bəri Suriya ərazisi olmuş Holan yüksəklikləri 1967-ci ildə "Altıgünlük Savaş" nəticəsində İsrail tərəfindən işğal olunub. 1981-ci ildə İsrail knesseti (parlament) "Holan yüksəklikləri haqqında" qanun qəğul edib. Qanunda həmin ərazilər üzərində İsrailin suvereniteti birtərəfli qaydada bəyan olunub.
Suriya Holan yüksəkliklərini öz ərazisi sayır./Milli.Az