​Tramp Güləni təhvil verəcəkmi?

Ekspertlərin rəyinə görə,  bu məsələdə həlledici sözü ABŞ prezidenti demir
 
Muxalifət.az bildirir ki, son günlərdə Amerikanın Pensilvaniya ştatında yaşayan FƏTÖ lideri, Türkiyədə ötən il baş verən 15 iyun qiyamının səbəbkarı Fətullah Gülənin qardaş ölkəyə ekstradisiyası yenidən gündəmə gəlib. Xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı onun Gülənin ekstradisiyasına baxacağı ilə bağlı verdiyi söz məsələni daha da aktuallaşdırıb.

“Mən növbəti dəfə Trampdan Gülənin ekstradisiyasını xahiş etdim. O, bu məsələyə baxacağına söz verdi”, - Ərdoğan bildirib.
Amerikanın FƏTÖ liderini Türkiyəyə verib-verməyəcəyi ilə bağlı mövqelər fərqlidir. Ağ Evin bu addımı atacağına inanan və inanmayanlar kifayət qədər çoxdur.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, bu məsələ təkcə Trampın səlahiyyətində deyil: “Fikrimcə, bu məsələ təkcə Trampın səlahiyyətində olsa, o, Güləni çoxdan təhvil verərdi. Tramp seçiləndən ona, ümumiyyətlə, işləməyə imkan vermirlər. ABŞ tarixinin elitalar qarşıdurmasının pik nöqtəsini yaşayır. Ona görə inandırıcı deyil ki, Gülən türk hakimiyyətinə təhvil verilsin. Tramp özü şəxsən Ərdoğanla münasibətlərin düzəlməsinin, hətta dost olmasının da tərəfdarıdır. Təəssüf ki, Trampa  prezident  kimi işləməyə hələlik imkan verilmir. Konqres, Senat, Pentaqon, hətta Ağ Ev də Trampa maneçilik törədir. Tramp administrasiyası Güləni təhvil versə, ilk öncə ABŞ-Türkiyə  əlaqələri düzələcək. Gülənin ekstradisiyasından ABŞ-ın nüfuzuna heç bir zərər gəlməyəcək. Sadəcə, bu məsələ təkcə Trampın əlində olmadığı üçün Gülənin ən azı yaxın zamanlarda Türkiyəyə ekstradisiyasını mümkünsüz görürəm”.
 
Politoloq Nəzakət Məmmədova hesab edir ki, Gülən məsələsi ABŞ və Türkiyə arasında son 65 ildə ən dərin böhrana səbəb olub: “Ankaranın Rusiyadan S-400 kompleksi alması, Suriyada Rusiya və İranla eyni mövqedən çıxış etməsi, YPG/PYD-yə fərqli münasibətdən çıxış etməsi, Türkiyə ilə ABŞ arasında mövcud olan mühüm fikir ayrılığı yaradan məsələlər sırasında ön planda yer tutur. Türkiyənin öz ənənəvi müttəfiqi ABŞ-ı Gülən tərəfdarları vasitəsilə ölkədə çevriliş cəhdində ittiham etməsi olduqca ciddi ittihamdır və ABŞ-Türkiyə münasibətlərinin AKP iqtidarı dövründəki inkişafı bundan çox asılı olacaqdır. ABŞ-ın Güləni təhvil verməsinə gəlincə, burada bir neçə versiya irəli sürmək mümkündür. Artıq onu müşahidə edirik ki, Tramp Obamanın həyat keçirdiyi xarici siyasət kursunu dəyişməkdədir. Türkiyədə çevriliş cəhdi Obama administrasiyasının dövründə baş vermişdi və Tramp administrasiyasının bu məsələyə ABŞ-ın xarici siyasət maraqlarından başqa, həm də öz yanaşması ola bilər və bu kontekstdən çıxış edilərsə, Gülənin təhvil verilməsi reallaşa bilər. Vaşinqton bir qayda olaraq müttəfiqi olan dövlət başçılarını, şahları, agentura şəbəkəsinin üzvlərini lazım olmadıqda gərəksiz bir şəxs kimi üzərindən xətt çəkə bilir. Gülən də bu məsələdə istisna deyil. Lakin burada mühüm bir məqam var ki, Türkiyə Güləni Vaşinqtonun dəstəyi ilə çevriliş cəhdində ittiham edir. Əgər Vaşinqton Güləni ekstradisiya edərsə, şübhəsiz ki, Türkiyə onu terrorçu kimi ömürlük həbsə atacaq. Hətta məhz 15 iyul çevriliş cəhdindən sonra Türkiyədə ölüm hökmünün bərpası məsələsi gündəmə gəlib və əgər belə olarsa, Gülən ölüm hökmünə də məhkum edilə bilər”.
Xanım politoloq Gülənin cinayətinin də sübut olunacağına şübhə etmir: “Gülənin FƏTÖ adlı terrorçu təşkilat yaratmasının və çevriliş cəhdinin arxasında Vaşinqtonun durması da təbii ki, ittiham aktında var və sübut ediləcək. Belə olduğu halda, Vaşinqton özü çətin duruma düşə bilər. Çünki müttəfiq ölkə ərazisində onun daxili işlərinə müdaxilə etməklə qeyri-qanuni yolla hakimiyyəti dəyişdirmək cəhdi həm ABŞ-ın beynəlxalq nüfuzuna ciddi xələl gətirə bilər, eyni zamanda digər müttəfiq ölkələrin Vaşinqtona inamını azalda, ölkə daxilində narazılıq yarada bilər. ABŞ-ın bir NATO ölkəsində, müttəfiq dövlətdə çevriliş etmək istəməsi böyük hay-küyə səbəb ola bilər. Hazırda bəzi qlobal məsələlərdə, əsasən Yaxın Şərqə öz mövqelərindən geri çəkilən ABŞ-ın beynəlxalq nüfuzuna üstəgəl bu məsələdən dolayı xələl gəlməsi Vaşinqtonun maraqlarına uyğun deyil və ehtimal ki, o, 2019-cu il seçkilərində AKP iqtidarının başqa partiya ilə, yaxud ən azından təkbaşına hakimiyyətinə son qoyularaq koalisiya ilə əvəzlənməsinə çalışaraq, Gülənin ekstradisiyasını təxirə sala bilər”. /musavat.com/