Tramp dünyada iqtisadi kataklizm yaratdı: impiçment olmasa...

Baxış sayı:
2173

u gün baş verənləri ABŞ-ın mövqeyi olaraq qiymətləndirmək doğru deyil. ABŞ hökumətinin bugünkü davranışları daha çox Trampın mövqeyindən qaynaqlanan və proqnozlaşdırılması o qədər də mümkün olmayan qeyri-peşəkar davranışlardır.

Bu sözləri Trampın ABŞ-ın Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxa biləcəyi ilə bağlı açıqlamasını şərh edən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, Trampın bu cür davranışları bu günə qədər dünya iqtisadiyyatının inteqrasiyası üçün görülmüş işlərə ciddi zərər verir:

“Bu günə qədər bu istiqamətdə Tramp hökuməti bir çox qərarlar qəbul edib. Ümumdünya Ticarət Təşkilatından geri çəkilmə o qədər də asan olmayacaq. Trampın hazırkı siyasi mövqeyini nəzərə alsaq, o, çox ciddi şəkildə reputasiya itkisi ilə üzləşib. Hətta özünün partiyası belə Trampı bir sıra qərarlarında dəstəkləmir. Amma bu gün o, əlində olan səlahiyyətlərdən istifadə edərək qeyri-ciddi bir hökumət formalaşdıra bilib. Günümüzdə əsas müzakirə mövzularından biri Trampa qarşı impiçment məsələsidir. Ola bilsin ki, növbəti il ərzində keçiriləcək yerli seçkilərdən sonra artıq Tramp üçün impiçment qapısı açılsın. İndiki şərtlər daxilində demokratların üstünlük qazanması ehtimalı çox yüksəkdir. Hətta indiki halda da Trampın özünün seçki müddətində hakimiyyətdə qalması məsələsi ciddi suallar doğurmaqdadır”.

Ekspert qeyd edib ki, indiki şərait ABŞ cəmiyyətini, hazırda ABŞ-da fəaliyyət göstərən digər institutları və dövlət qurumlarını qane etmir:

“Yaxın gələcəkdə ABŞ hökumətinin davranışlarında əhəmiyyətli dəyişikliklərin baş verəcəyini düşünürəm. ABŞ-ın hazırda dünyada yürütdüyü siyasət uzun müddət davam edə bilməz. Bunu dünya iqtisadiyyatında qısamüddətli bir kataklizm hesab etmək olar”.

İqtisadçı vurğulayıb ki, böyük gücləri idarə edən rəhbərlər həqiqətən də çox məntiqsiz davranışlar sərgiləyirlər:

“Sanksiyalar məsələsi də Trampın özünün hansısa formada fərdi maraqlarının prosesə inteqrasiya etməsi cəhdidir. Eyni zamanda burada fundamental problemlər və maraqlar da var. Məsələn, ABŞ-dakı indiki hökumət çalışır ki, hansısa formada İranın mövcud idarəetmə sistemini dəyişsin. Amma ABŞ hökumətinin davranışlarında eyni zamanda aqressiya vardır. Obama hökuməti dövründə həqiqətən də İranla ABŞ arasında əhəmiyyətli addımlar atıldı, ciddi sazişlər, razılıqlar əldə olundu. Bu, İran iqtisadiyyatı üçün qapıları açdı. Bütün bunlar müsbət mənada İran hökumətində, seçkilərin nəticəsində də özünü büruzə verirdi. Amma Tramp vəziyyəti daha da sərtləşdirdi. İndiki halda bu proseslərin sonunda konkret olaraq, İranın iqtisadi cəhətdən çökdürülməsi məsələsi gündəmdədir. Atılan addımlar buna fokuslanıb.

Bugünkü Tramp hökumətinin Rusiyaya qarşı davranışları o qədər də səmimi deyil. Tramp seçkilərdə Rusiya tərəfindən dəstəklənmə ittihamı ilə üz-üzədir və mümkün qədər çalışır ki, cəmiyyətdə özünü bu ittihamlardan təmizləsin. Ona görə də davranışlarında daha radikal formada sanksiya siyasəti həyata keçirməklə, Tramp üzərində olan ləkəni yumağa çalışır.

ABŞ hökumətinin Türkiyəyə qarşı həyata keçirdiyi siyasətdə də Trampın qeyri-müəyyən davranışları var”.

İqtisadçının sözlərinə görə, artıq dünyada qloballaşmanın əleyhinə olan qruplar artmaqdadır:

“Ümumiyyətlə götürəndə hazırda mühafizəkar mövqeli tərəflər AB-nin tərkibində də hiss olunur. Böyük Britaniyanın AB-nin tərkibindən ayrılması buna misal ola bilər. Bu qüvvələrin cəmiyyətlərdə getdikcə daha çox güclənəcəyini proqnozlaşdırmaq olar. Qısa müddətdən sonra dünya artıq qloballaşmanın güclərin birləşdirilməsi, azad ticarətin yaratdığı 100 illik inkişaf dövründən geridönüşlə bağlı qərarlar qəbul edəcək. Daha konstruktiv güclərin hakimiyyətldə təmsil olunması bu istiqamətlərdə əhəmiyyətli dönüşün əldə olunmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Blumberq” agentliyinə müsahibəsində ABŞ-ın Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxa biləcəyini deyib.