TOVUZDA "XİLAFƏT" SÖHBƏTLƏRİ: 11 NƏFƏRLİK QRUPUN İŞİ - “Dedilər Samir İŞİD-in Azərbaycandakı təmsilçisidir...”

Baxış sayı:
1589

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərini mərhələlərlə yumşaltması Azərbaycan məhkəmələrində də canlanma yaradıb. Baxışı pandemiyaya görə yarımçıq qalan bir çox səs-küylü işlər üzrə məhkəmə dindirmələri yenidən başlayıb. Bunlardan biri də bir vaxtlar Suriyanın və İraqın böyük hissəsinə nəzarət edən, orada orta əsrlər qaydaları ilə idarə olunan “xilafət” quran, islam dini adına kütləvi başkəsmələrlə, edamlarla və hər cür qəddarlıqlarla dünyanı şoka salan İŞİD terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə təqsirləndirilən 11 nəfərlik qrupun işidir.

Bu qrupun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Müttəhimlər kürsüsündə  Əflatun Bayramov, Şəhriyar Cabbarov, Elgün İsmayılov, Amin Həsənov, Ələddin İbişov, Tehran Qasımov, Orxan Qurbanov, Samir Qurbanov, Yusif İmanov, Cavid Əmənov və Babək Məmmədli dayanıblar.

Tovuzun Əlibəyli kəndində İŞİD söhbətləri

Virtulalaz.org-un xəbərinə görə prosesdə şahidlər dindirilib. Əvvəlcə şahid qismində Rəfayıl Cəfərov ifadə verib. Şahid ifadəsində təqsirləndirilən şəxslərdən yalnız Tehran Qasımovu, Samir Qurbanovu, Amin Həsənovu və Əflatun Bayramovu tanıdığını deyib.

 

”Samirlə birgə Tovuzun Əlibəyli kəndində bir yerdə ibadət etmişik, dini mövzularda söhbətlərimiz olub,  Quran oxumuşuq. Mən Samirin “əmir” seçildiyini bilməmişəm, eşitməmişəm. Orxan Qurbanovu Asimin evində görmüşəm. Asimin Tovuzdakı və Yeni Suraxanıdakı evində olmuşam. Özü dəvət etmişdi. Orada da həmçinin dini söhbətlər etmişik, ibadətdən, İslam dinindən danışmışıq. Asim mənə camaata qoşulmağı ( S.Qurbanovun “əmir” olduğu camaatı nəzərdə tutub-red.) təklif etsə də, qoşulmamışam. Samiri orada cəmi iki dəfə görmüşəm. Cihadla bağlı mənə heç nə danışmayıb”,-şahid “əqidə yoldaşlarını” təmizə çıxarmağa çalışıb.

R.Cəfərov tərəflərin suallarını cavablandırarkən “eyni əqidəyə malik olan din qardaşlarının” əksəriyyətini yalnız üzdən tanıdığını, kimisini məsciddə ibadət edərkən, kimisini iftar süfrələrində gördüyünü, kimisini də dini mövzularla bağlı söhbətlər zamanı tanıdığını deyib. Qrup üzvlərinin hər hansı cinayətkar fəaliyyəti ilə bağlı heç nə hiss etmədiyini, şübhələnmədiyini deyib: “Biz ancaq Allaha layiqincə ibadət etməkdən, savab işlər görməkdən danışmışıq”.

Şahid istintaqa fərqli danışıb

R.Cəfərovun ifadəsində ziddiyyətlər yarandığından onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib. İstintaq zamanı o,  ifadəsində göstərib ki, Aminin yaşadığı evdə olarkən Tural (Cinayət işi materiallarında Tural adlı şəxsin adı çəkilir. Dini ekstremizmi təbliğ edən materialların onun vasitəsilə yayıldığı, Suriyaya göndərilmək üçün pulun ona verildiyi iddia olunur. Ötən məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Tural adlı şəxsin müəyyənləşdirilib məhkəməyə çağırılması və dindirilməsi ilə bağlı müraciət ediblər-red.) onlara telefonla dərslər keçib, elektron kitablardan İŞİD-lə bağlı materiallar oxuyub. Samirə biət etməsi təklif olunub.

 

“Samir dedi ki, mən bu camaata qoşulmuşam. Dedilər ki, Samir İŞİD-in Azərbaycandakı təmsilçisidir, ona biət etmək lazımdır. Mən də biət üçün vaxt istədim, amma vaxtı uzatdım. Çünki belə bir niyyətim yox idi. Ondan sonra dərslərə də getmədim. Oradakıların Samirə beyət edib-etmədiklərini bilmirəm”,-şahidin istintaqa verdiyi ifadədə belə deyilir.

 “İndi hamı Qarabağdan danışdığı kimi o vaxt da Suriyadan danışırdı...”

 Digər şahid Şahlar Səlimov ifadəsində paytaxtda işlədiyini, burada kirayədə yaşadığını, Tehran Qasımovu, Samir Qurbanovu və Amin Həsənovu tanıdığını deyib.

Şahidin məhkəmədə dediklərindən:  “Samir bir-iki dəfə rayondan Bakıya gələndə gecə bizdə qonaq olub. Həmin vaxtlarda Suriyada döyüşlər gedirdi, hamı bu barədə danışırdı. Samir də söhbət arası bir dəfə dedi ki, Suriya itirdiyi torpaqları geri alacaq, öz torpaqlarında qadınlar, uşaqlar əsir düşüblər. Başqa heç nə deməyib. Məni heç bir təşkilata dəvət etməyib, İŞİD-in Azərbaycandakı nümayəndəsi olduğunu deməyib. İndi hamı Qarabağdan danışdığı kimi o vaxt da Suriyadan danışılırdı. O ərəfədə biz yalnız dini dərslərə gedirdik. Tehranın telefonundan, PDF variantda hədislər, ayələr oxuyurduq. Aradan iki il keçib. 2019-cu ildə ağır qəza keçirmişəm deyə çox şeyi xatırlamıram”.

 

Daha sonra şahid tərəflərin suallarını cavablandırıb. “Samirdə İŞİD-ə qarşı rəğbət hissinin olduğunu hiss etmişdinizmi?” sualına “hiss etməmişəm, onun qəlbindən nə keçirib-keçirmədiyini haradan bilə bilərdim” cavabı verib.

“Əmir” Samiri təmizə çıxarmaq cəhdləri

Şahidin istintaqdakı ifadəsi elan edilib. O, istintaqa verdiyi ifadəsində “Abdullah” ləqəbli Samir Qurbanovun Suriyadakı proseslər barədə danışarkən İŞİD-ə rəğbət bəslədiyini hiss etdiyini göstərib: “Deyirdi ki, Rakkada müsəlmanlar əsir götürülüb, İŞİD-in əsl məqsədi hakimiyyət qurmaq olsa da, qura bilməyib, ərazilər əlindən çıxıb. Samir mənə İŞİD-in videolarını göstərməyib. Ümumiyyətlə, onun telefonu olmayıb”.

Məhkəmə prosesində dindirilən sonuncu şahid Nizami Məmmədov ifadəsində Samir Qurbanovla Bəbək Məmmədlini tanıdığını, arabir Tovuzda çayxanada görüşdüklərini, Samirin hər hansı “camaat” yaratmaq niyyətindən xəbərsiz olduğunu, özünün kiməsə beyət etmədiyini göstərib: “Biz ancaq dini mövzular haqda – Allaha ibadət etməkdən, namaz qılmaqdan danışırdıq. Samir mənə İŞİD-i dəstəklədiyini deməyib, cihad haqda danışmayıb. Onun dini radikallığını hiss etməmişəm. İŞİD-ə pul yığmasından xəbərim olmayıb”.

Növbəti məhkəmə prosesi fevralın 16-da davam edəcək.  

Təqsirləndirilənm şəxslərə qarşı Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabacadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 214-1 (terroru maliyyələşdirmə) və 218.2-ci (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) maddələri ilə ittihamlar irəli sürülüb.

İnarə Rafiqqızı