“Torpaqlarımızın qaytarılmasının yeganə şərti İslam dünyasının güclənməsidir” - ƏKRƏM HƏSƏNOV

Baxış sayı:
4633

“Rusiya tam zəifləyən kimi Qərb Qarabağı erməni ərazisi kimi tanıyacaq”
“ABŞ Holan yüksəkliklərini İsrailin ərazisi kimi tanıdı. Həmin ərazi Suriyaya məxsusdur və vaxtilə İsrail tərəfindən işğal olunub. Beləliklə, ABŞ növbəti dəfə beynəlxalq hüququ tapdaladı”. Bu barədə hüquqşünas Əkrəm Həsənov deyib.
“Qarabağ da indiyədək erməni ərazisi kimi ona görə tanınmayıb ki, Qərbin Rusiya ilə ziddiyyətləri var”
“Bizdə isə bəziləri hələ də Qərbin qanunun aliliyinə sadiq olduğuna, Qarabağ problemində bizə yardım edəcəyinə inanır. Halbuki, demokratiya, insan haqları, hüquqi dövlət və s. – bunların hamısı Qərb dövlətləri üçün daxildə önəmlidir, xarici siyasətdə yox, xüsusilə də müsəlmanların öldürüldüyü Yeni Zelandiya məsçidlərindəki teraktlara ögey münasibət bunu bir daha sübut etdi. Axı, ən sadəlövhlərimiz belə deyir ki, Qərbdə bazar iqtisadiyyatı hökm sürür. Deməli, onlar üçün əsas meyar mənfəətdir. Belə olduğu təqdirdə, niyə digər ölkələrin də yaxşı yaşamasını istəsinlər, axı? Azərbaycanda nə edirlərsə, kiminlə əməkdaşlıq edirlərsə, o cümlədən kimi isə maliyyələşdirirlərsə, sırf öz maraqlarını güdürlər. Qarabağ da indiyədək erməni ərazisi kimi ona görə tanınmayıb ki, Qərbin Rusiya ilə ziddiyyətləri var. Hər iki tərəf bizim əks tərəfi dəstəkləməyimizdən ehtiyatlanır deyə ermənilərə birmənalı dəstək vermirlər. Bir anlıq təsəvvür edin ki, Rusiya tam zəifləyir, nə baş verəcək? Qarabağı erməni ərazisi kimi tanıyacaqlar. Eyni yanaşma Rusiyada da var. Odur ki, əqidəsindən asılı olmayaraq, hamı birdəfəlik başa düşsün ki, ərazi problemimizdə bizə birmənalı dəstək verən İran istisna olmaqla, yalnız İslam dünyasıdır. Buna görə də torpaqlarımızın qaytarılmasının yeganə şərti İslam dünyasının güclənməsidir”,-deyə hüquqşünas vurğulayıb.
Şamo EMİN, Hurriyyet.org