Torpaqlarımızda müharibə gedir: ermənilərin küçə döyüşü – FOTOLAR

Baxış sayı:
385

Azərbaycanın Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçmiş hakimiyyətin təmsilçiləri olan “Qarabağ klanı” ilə Nikol Paşinyan hakimiyyəti arasında qarşıdurma şiddətlənib.

Keçmiş prezident Robert Koçaryanın həbsdən azad edilməsindən sonra Nikol Paşinyan tərəfdarlarını küçələrə çıxartdı və “inqilabın ikinci mərhələsinin” başlandığını elan etdi.

Koçaryan işğal altındakı ərazilərdə yaradılmış və “Qarabağ klanı”nın uzantısı sayılan separatçı rejimin indiki “rəhbəri” Bako Saakyan və keçmiş “rəhbəri” Arkadi Qukasyanın zəmanəti ilə azadlığa çıxıb.

Məhkəməyə gələn Saakyanla Qukasyan Koçaryanla yanaşı müttəhim kürsüsündə dayandılar. Bu, Ermənistanda ciddi müzakirələrə səbəb oldu. Paşinyan əvvəlcə bəyan etdi ki, “burada siyasi nəsə axtarmaq doğru deyil, onlar sadəcə keçmiş dostluğun xatirinə belə edirlər.

Lakin daha sonra Paşinyan “inqilabın yeni mərhələsi”ni elan edərək, insanları küçələrə dəvət etdi. Bu gün səhərdən Məhkəmə Şurası və Ali Məhkəmə də daxil olmaqla İrəvandakı bütün instansiya məhkəmələrinin binaları bloklandı. Hakimlərin məhkəmə binalarına girişinə icazə verilmədi. İrəvan küçələri yenidən döyüş meydanına çevrildi.

Saatlar sonra Paşinyan xalqa çağırış edərək, bloklanmış binaların açılması çağırışını etdi.

“Saat 13:30-dan etibarən məhkəmə binalarının bloklanması aksiyasını dayandırmağa çağırıram. Bugünkü aksiya öz məqsədinə çatdı. Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması prosesi başlandı”, - deyə o bildirdi.

Paşinyanın bu addımı ölkədə “kimin hakim” olduğunu göstərmək gedişi olaraq qiymətləndirilir. Lakin Qarabağdakı separatçı rejim və keçmiş hakimiyyətin yer aldığı cəbhə ilə Paşinyan hakimiyyəti arasında qarşıdurmanın yeni başlandığı müşahidə olunur.

Bu gün Xankəndidə separatçı rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanın avtomobilinin polis tərəfindən saxlanılması və qanunsuz silah axtarışının həyata keçirilməsi də baş verənlər fonunda diqqət çəkir. Balasanyan Paşinyanın istəyi ilə Saakyan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Lakin indi onun üzərində silah axtarışının aparılmasının kimin sifarişi ilə edildiyi məlum deyil.

Erməni ekspertlər hesab edirlər ki, “Qarabağ klanı” Paşinyanın üzərində Xankəndidən hücuma keçəcək./Publika.az