Torpaq yolla Bakıdan çıxmaq istəyən sürücülərlə bağlı DİN-dən AÇIQLAMA

Baxış sayı:
2890

Daxili İşlər Nazirliyi (DİN) Bakıdan rayona getmək üçün torpaq yoldan istifadə edən sürücülərlə bağlı yayılan videoya aydınlıq gətirib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, bu yola əl atan 50-yə yaxın nəqliyyat vasitəsinin sürücüsü növbəti postda saxlanılıb və onlarla bağlı tədbir görülüb:

“Ötən gün həqiqətən də belə hal baş verib. Bəzi sürücülər Bakıdan çıxmağa cəhd ediblər, amma nəqliyyat vasitələrinin hamısı qarşıdakı postda saxlanılıb və bir-bir yoxlanılıb. Bunların içində icazəsi olmadan Bakı, Sumqayıt, Abşeron rayonlarında qeydiyyatda olan şəxslərin hamısı məsuliyyətə cəlb olunub və geri qaytarılıblar, amma icazəsi olanlar, sadəcə sıxlıq baxımından torpaq yola çıxanlar xəbərdar olunublar ki, nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən istifadə etmək olmaz”.  

Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da “Qafqazinfo”ya açıqlama verib. Nazirlik rəsmisi bunları deyib:  

“Həmin nəqliyyat vasitələri növbəti postda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bakını tərk etməyə icazəsi olmayan sürücülərə, şəxslərə qarşı inzibati qaydada protokol tərtib olunub və onlar Bakıya qaytarılıb. Bakıdan çıxışına icazəsi olanlar isə xəbərdarlıq edilib”.