TORPAQ SAHİBİ OLAN YOXSULLAR... – Onlar işsiz sayılmır, bəs real vəziyyət necədir?

Baxış sayı:
3646

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri işsizlik müavinəti üçün müraciət edə bilməzlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi əhaliyə dəstək paketinə uyğun olaraq 200 min nəfər işçiyə ayda 190 manat olmaqla iki aylıq birdəfəlik müavinət veriləcək. Bu məqsədlə 70 milyon manat vəsait ayrılıb.

Beləliklə, məlum olur ki, hökumət adına torpaq sahəsi olan vətəndaşları işsiz saymır, onlar məşğul əhali kateqoriyasına daxildirlər. Bu qayda ünvanlı sosial yardım üçün də keçərlidir, dövlət yalnız heç bir gəliri olmadığını sübut edən vətəndaşa yardım edir.

Bəs adında torpaq sahəsi olan vətəndaşın məşğul sayılması nə qədər ədalətli və doğru yanaşmadır?

Məlumdur ki, 1996-ci ildə həyata keçirilən torpaq islahatı zamanı dövlət mülkiyyətində olan torpaqların əksəriyyəti əhali arasında bölüşdürülüb. Bundan 24 il keçir və həmin tarixə qədər doğulanların (onların hamısı torpaq mülkiyyətçiləridir- red) əksəriyyəti əməkqabiliyyətli vətəndaşlardır.

Azərbaycanda regionların torpaq ehtiyatlarının həcminə görə, adambaşına düşən torpaq sahəsi bir neçə sotdan, bir neçə hektara qədərdir. İqlim şəraitinə görə torpaqları ildə yalnız bir dəfəəkib-becərmək mümkündür. Hökumət qurumları əldə olunan məhsuldarlıq və ondan qazanılan gəlirin bir ailənin ehtiyaclarını qarşılayıb-qarşılamamasının uçotunu aparmır. Halbuki, bu olduqca önməli faktordur.

Tovuzdan Bakıya işləməyə gələn Elşən Səfərli bildirir ki, kənddə onun adına 11 sot torpaq sahəsi var. Amma o torpaq istifadəsiz qalıb: “Əvvala, su yoxdur, daha sonra bu torpaqda nə əkmək olar ki, il boyu mənim ehtiyaclarımı qarşılasın? Belə bir məhsul adı çəkmək mümkün deyil. Camaat ona görə şəhərə iş dalınca üz tutur ki, torpaq əkib-becərmək sərfəli deyil. Əkinçiyə dövlətin dəstəyi qəpik-quruşdur, onu da ilin sonunda verirlər. Məhsulu normal qiymətə satmaq, dolanmaq mümkün deyil, daxili bazar qorunmur.

Bütün bazarlar, marketlər monopolistlərin xaricdən gətirdiyi kənd təsərrüfatı məhsulları ilə doludur. Əkinə, səpinə, dərmana, işçiyə bir ətək pul xərcləyən kəndli sonucda mayasını çıxara bilmir.

Müflisləşir, torpaqdan əlini çəkir, belə torpaq sahələri də imkanlı şəxslərin, xüsusən məmurların əlində cəmləşir. Onlar xaricdən yaxşı sortlar gətirib əkirlər, aqrolizinqdən texnika götürüb becərirlər, kənd sakinləri də onların torpağında günəmuzd işləməyə, yaxud mənim kimi şəhərə iş axtarmağa məcbur olur. Amma nə olsun, hökumətin gözündə mən işsiz sayılmıram, işsiz müavinəti üçün müraciət edə bilmərəm”.

İqtisadçı Rövşən Ağayev bildirib ki, ölkədə etiraf edilməyən böyük miqyasda işsizlik var. Xüsusilə nəhəng miqyasda işsizliyin əsas hissəsi Bakı, Sumqayıt və Abşerondan kənarda, əsasən kəndlərdə yatıb: “Qanunvericilik və ondan çıxış etməyə məcbur qalan statistikamız hətta adambaşına 10-15 sot pay torpağı olan 10 minlərlə kənd adamını ilboyu işləyən sayır. Halbuki bu gün hətta 1 hektar torpağı olan kiçik bir ailənin belə o həcmdə torpaq sahəsindən qazandığı torpaqdan gəlirlərini və becərmə xərclərini çıxdaş edib 12 aya bölsək, bəlkə də rəsmi minimum maaşın yarısı qədər gəlir əldə etdiyi üzə çıxacaq. Bir də bu şəxsin əmək qabiliyyətli yaşda olmayan 2 övladı da varsa, həmin gəlirləri onların da arasında bölün”.

İqtisadçı hesab edir ki, ölkədə bütün işləyənlərin peşələr və iş yerləri üzrə dəqiq statisitkası verilməli, bütün rayonlar üzrə məşğul əhalinin iqitsadiyyatın sahələri üzrə bölgüsü açıqlanmalıdır.

 “Qeyri-rəsmi məşğulluq, onun leqallaşması vətəndaşın yox, hökumətin məsuliyyətidir. Əgər vergi güzəştləri və sanksiyalar belə problemi həll eləmirsə, demək mübarizə və həll üçün reseptlər doğru seçilməyib. Ən əsası, diaqnostikası düzgün aparılmayıb. Xəstəlik sağalmırsa, mütləq və ilk öncə diaqnostikaya bir də baxacaqsan”-deyə Rövşən Ağayev qeyd edib./azpolitika.info