Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində BİABIRÇILIQ:- Xəstəni pulu olmadığı üçün reanimasiya şöbəsindən qovurlar

Baxış sayı:
247

Səhiyyə sistemində hökm sürən qanunsuzluqlar barəsində dəfələrlə yazılmasına baxmayaraq hələ də xəstələrə potensial qazanc mənbəyi kimi yanaşan "ağ xalatlılar” çoxdur. İnsan talelərinə, həyatına biganə olan, pulsuz xəstələrə gözünün ucuyla belə baxmayan tibb işçiləri hətta puldan ötrü xəstə talelərini təhlükə altında da qoyurlar. Dövlətin səhiyyə xidmətlərinin yüksəldilməsi istiqamətində fasizləsiz tədbirlər görməsinə rəğmən belə "ağ xalatlı qara qüvvələr” öz əməlləriylə bu siyasətə zərbə vururlar.
Sayta müraciət edən Sədaqət Verdiyeva (ad şərtidir.) adlı xəstənin yaxınları M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş verən qanunsuzluqlardan şikayət edir. Onun bildirdiyinə görə burada hər şey pulun iradəsinə tabedir. Pullu xəstələrin başına pərvanə kimi dolanan həkimlər nədənsə pulsuz xəstələrə baxmaq belə istəmir. Hətta kasıblarla danışanda Mərkəzin həkimlərinin səs tonu da dəyişr. Pululara qarşı şəfqət, nəzakət dolu intonasiyada danışan tibb personalı bütün mənfi enerjilərini pulsuz xəstələrin üzərinə tökürlər. Böyük Sabirin sözlərinə bir az düzəliş etsək M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi üçün fəaliyyət devizi kimi istifadə etmək olar:
"Kasıb, özünü sən də bir insanmı sanırsan,
Pulsuz xəstə, xəstəliyi asanmı sanırsan?”
Redaksiyamiza müraciət edən xəstənin yaxınları bildirir ki, xəstə Sədaqət Verdiyeva (ad şərtidir.) M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində ağır vəziyyətdə müalicə alır. Mərkəzə müraciət etdikləri ilk gündən addım başı onlardan pul tələb edilib. Xəstənin ağır vəziyyətdə olmasından istifadə edən Mərkəzin tibb personalı onun yaxınlarını kifayət qədər "soyublar” . Şikayətçi bildirir ki, artıq verməyə pulları qalmayıb. Bütün qohum-əqraba səfərbər olaraq indiyə qədər köməklik etsə də artıq gündən-günə artan məbləği ödəməyə kimsənin gücü qalmayıb. Xəstə yaxınlarından pul ala bilməyən ECM həkimləri isə artıq xəstənin çıxarılmasını tələb edirlər. Onun vəziyyətinin ağır olması, həyatının təhlükə qarşısında qalması isə həkimləri qətiyyən maraqlandırmır. Tələb qətidir: "Xəstəni çıxarın!” Xəstə yaxınları onun həyatının təhlükədə olduğunu bildirsələr də Mərkəzin əməkdaşlarının tələbi dəyişməyib.
Şikayəti araşdırmaq üçün M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə əlaqə saxlamağa çalışdıq. 4321830 nömrəli telefona zəng edərək Mərkəzin direktoru Rauf Ağayevlə danışmaq istədiyimiz bildirdik. Telefona cavab verən direktorun katibəsi bizimlə elə bir tonda danışdı ki, orda olan xəstələrə yazığımız gəldi. Katibə kobud şəkildə bildirdi ki, direktor danışmaq istəmir. Kiçik dialoqumuzdan ECM-də nəinki xəstələrə, hətta medya mənsublarına olan münasibət bizə tam aydın oldu. Görünür R. Ağayevin medyaya münasibətini yaxşı bilən katibəsi bizimlə bu tonda danışdı. Necə deyərlər uzaqdan görünən şəhərə bələdçi nə lazımdır?
Bu dəfə problemi araşdırmaq üçün Səhiyyə nazirliyi ilə əlaqə yaratmağa çalışdıq. Bizə cavab verən nazirliyin mətbuat xidmətinin Elvin adlı əməkdaşı bildirdi ki, onlar yalnız xəstə yaxınlarının, yaxud xəstənin özünün nazirliyin qaynar xəttinə şikayətindən sonra məsələni araşdıra bilərlər. Bu məntiqlə həyatı təhlükə qarşısında olan xəstənin yaxınlar işini-gücünü atıb, xəstələrini taleyin ümidinə buraxıb nazirliyin qaynar xətti ilə əlaqə saxlamalıdırlar. Həm də bu məntiqlə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yolu düşən xəstələr özləri üçün bir nəfəri mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin etməlidirlər. Bu nə məntiqdir? Bir insanın həyatı təhlükə qarşısındadır, pulu olmadığına görə reanimasiya şöbəsindən, xəstəxanadan qovulur, Səhiyyə nazirliyi qaynar xəttə şikayət tələb edir. Görünür mərkəzin əməkdaşları bütün qanunsuzluqları elə bu münasibətə arxayın olaraq törədirlər. "Kəndxudanı gör kəndi çap” məsəli adamın yadına düşür.
Mövzunu diqqətdə saxlayacağıq! /rubrika.az/