​Tofiq Zülfüqarovun cərimə meydançasına salınan maşını qaytarıldı

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı məsələnin həll olunduğunu bildirib.
Sabiq nazir “feysbuk” səhifəsində iki gün əvvəl baş verən problemin bu gün tamamilə həll olunduğunu yazıb.
“Bir sıra etik məsələləri nəzərə alaraq, mən həmin xoşagəlməz hadisənin formatı və sonluğunun təfərrüatı barədə ictimaiyyəti məlumatlandırmamağı qərara aldım. Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdiriblər" - deyə, sabiq nazir yazıb.
Xatırladaq ki, insident martın 1-i gecə saatlarında baş vermişdi. Sabiq nazir polis generalı olduğunu bildirdiyi bir məmurun qəzəbinə tuş gəldiyini bildirmiş və sosial şəbəkədə ictimaiyyətə müracit etmişdi.
Daha sonra isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bəyan etdi ki, sabiq nazirin maşınının cərimə meydançasına aparılması barədə göstərişi o verib.