​Tofiq Zülfüqarovdan Şimali Koreya səfəri ilə bağlı ilginc təəssüratlar

Baxış sayı:
455

“Çox sərt bir rejim hökm sürürdü; qadınlar və kişilər 27 yaşa qədər evlənə bilməzdi…”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov illər öncə Şimali Koreyada - Koreya Xalq Demokratik Respublikasında olub.
Muxalifət.az bildirir ki, diplomat musavat.com-un əməkdaşı ilə söhbəti zamanı həmin səfər barədə ilginc məqamları açıqlayıb.
O, bildirib ki, Sovet İttifaqı ömrünün sonlarını yaşadığı vaxtlarda, 1989-cu ildə Şimali Koreyada keçirilən gənclər festivalında iştirak etmək üçün Pxenyana gedib.
Ancaq əsas məqsəd keçirilən tədbirlərdə ermənilərin Qarabağ iddialarına cavab verməkdən ibarət olub:“Həmin vaxt bir çox respublikalardan ümumilikdə 1000-ə qədər şəxs tədbirlərə qatılmışdı. Sovet İttifaqının nümayəndə heyətinə Azərbaycandan da bir neçə nəfər daxil idi, onlardan da biri mən idim. Həmçinin Komsomol komitəsinin rəhbəri Sahib Ələkbərov da bizim nümayəndə heyətinə daxil idi”.
T.Zülfüqarovun sözlərinə görə, o vaxt özü Elmlər Akademiyasında işləyirmiş: “Amma bizdə analitik qrup var idi. Bu qrupun çərçivəsində bəzi məsələlərlə məşğul olurduq. Artıq Qarabağ münaqişəsi başladığı üçün bu məsələyə də geniş diqqət ayırırdıq. Vaxt belə məsləhət oldu ki, Pxenyana mən də gedim. Bu hadisə 1989-cu ilin yayında olub. Biz Pxenyanda olduq. Tədbirlərdə məruzələr oxundu. Qarabağ münaqişəsini də misal gətirməklə Sovet İttifaqında baş verənlərdən danışıldı. O zaman ermənilər müxtəlif iddialarla çıxış etməyə çalışırdılar. Amma təbii ki, biz də öz sözümüzü deyirdik”.
Sabiq nazir diktaturanın hökm sürdüyü Şimali Koreya barədə təəssüratlarını da bölüşdü: “Çox sərt bir rejim hökm sürürdü. Yəni Sovet İttifaqının çox sərt forması idi. Heç bir azadlıq yox idi. Amma arxitektura baxımından təəccüb doğururdu. Təzə, çoxmərtəbəli evlər var idi. 100 mərtəbəli binanın tikintisinə başlamışdılar, sonra o binanın tikintisi xeyli uzandı. Çox qəribə bir sistem mövcud idi. Əhalinin hər bir təbəqəsinə aid dükanlar fəaliyyət göstərirdi. Üstəlik, qəribə qaydalar qoyulmuşdu. Məsələn, 27 yaşına qədər evlənmək olmazdı. Çünki həm kişilərin, həm də qadınların dövlətə hərbi borcunu verməyincə evlənmələri yasaq idi. Hətta biz sovetlərdən gələnlər bu hallara çox təəccüb edirdik”.