​Tofiq Zülfüqarov Çingiz Abdullayevlə bağlı İFADƏ VERDİ: 4 milyonluq cinayətin MƏHKƏMƏSİ

Bakıda vətəndaşı qanunsuz azadlıqdan məhrum etməkdə və dələduzluqda təqsirli bilinən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Çingiz Abdullayev özünü təqsirli bilməyib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində Tofiq Zülfüqarov ifadə verib. O, təqsirləndirilən şəxsi tanımadığını, onunla telefon əlaqəsinin olduğunu deyib: “Çingiz Abdullayevin oğlu Loğman məni aldadıb. Çingizin bu işdə əlinin olub-olmadığını bilmirəm. Onu deyə bilərəm ki, oğlu mənim pullarımı ölkədən çıxarıb. Mənim puluma Qazaxıstanda əmlak əldə edilib”.
Tofiq Zülfüqarov bildirib ki, Çingiz Abdullayevin oğlu Loğman Abdullayev ələ keçirdiyi 3.5 milyon manatdan yalnız 1.6 milyon manatı geri qaytarıb. O, pullarının tam geri qaytarılmasını tələb edib.
Tofiq Zülfüqarov hadisə zamanı maşınının qabağını kəsib və onun qaçırıldığını söyləyib: “Evimin qabağında qarşımı kəsdilər. Loğman cibindən vəsiqə çıxararaq öznü MTN əməkdaşı kimi təqdim etdi. Sonra məni maşınla apardılar. Maşında Emin və Pərviz var idi. Metronun Həzi Aslanov stansiyasının yanına gəldik və mənə dedilər ki, sənin evində əmanət var, Avropa Oyunları qabağı terrrorla bağlı bizə məlumat daxil olub. Sonra mənim yaşadığım mənzilə getdik. Seyfdən pulları çıxartdım. Həmin pullardan 100 min dolları özümə götürdüm. Digər 3,4 milyon dolları Loğmana verdim. Sonra məni özləri ilə apardılar. Loğmandan kim olduğunu soruşdum. O, MTN kapitanı olduğunu dedi və bildirdi ki, generalın əlinə düşmədiyin üçün sevinməlisən. Mənim işimi həll edəcəklərini söylədilər”.
Prokurorun sualına cavab verən zərərçəkmiş heç bir çirkli işinin olmadığını, həmin zaman MTN əməkdaşlarının bir neçə şəxsi tutduğu üçün qorxduğunu deyib: “Buna görə onlarla razılaşdım. Məni dörd gün evdə saxladılar. Yemək-içmək verdilər. Sonra Loğman mənə dedi ki, sənin işin araşdırılır, lakin indi səni xaricə göndərəcəyik. Mənə bilet aldılar, xaricə yola saldılar”.
Tofiq Zülfüqrov qeyd edib ki, Çingiz Abdullayevlə telefon danışığından sonra Qazaxıstanda həmin puldan 290 min manatı dostuna verib.
Çingiz Abdullayev isə 290 min manat pulu Tofiq Zülfüqarova qaytardığını deyib: “Amma mən həmin 290 min manatı iş qurmaq adı ilə vermişəm. O pulun bu işlə heç bir əlaqəsi yoxdur. Oğlumun apardığı pulla bağlı olduğundan xəbərsiz olmuşam. Mənim Tofiqlə heç bir ədavətim yoxdur”.
Növbəti proses noyabrın 3-də davam edəcək.
Çingiz Abdullayev Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilir.
İttiham aktına əsasən, hadisə 2015-ci ildə Bakı sakini Tofiq Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğdə vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.
Həyata keçirilən tədbirlər nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdulov və Tural Qasımov saxlanılıb.
Həmin şəxslər CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olununlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman Abdullayev 18 il, Pərviz Rzayev 16 il, Emin Qasımov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Ruslan Hacıyev, Fərhad Tağıyev Tural Babazadə və Gəray Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddə tətbiq olunaraq, onlara şərti cəza verilib.
Cinayətin iştirakçısı olmuş Loğman Abdullayevin atası Çingiz Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilib.
Sonradan həbs olunan Çingiz Abdullayev məhkəmə qarşısına çıxarılıb./publika.az/