“Tənzimləmə əzəvinə kommersiya ilə məşğul olurlar” - İnternetimizi bərbad günə qoyan səbəblər

Baxış sayı:
346

Böyük Britaniyanın "Cable" şirkəti ölkələrin ortalama internet sürətini araşdırıb. Azərbaycan yenə qlobal internet sürəti ilə ayaqlaşa bilməyib. Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir. Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir, orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur. Hesabata görə, Azərbaycan siyahıda 6 pillə geriləyib.

Bəs Azərbaycanın bu qədər geriləməsinin səbəbi nədir? Bizim üçüçn sürətli internet nəyə görə əlçatan deyil?

Bununla bağlı Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Yeni Sabah”a danışıb. O qeyd edib ki, bu nəticə gözlənilən idi:

“Bu statistika adambaşına düşən statistika ilə bağlıdır. Bu qurum uzun müddətdir ki, belə bir statistika aparır və düşünürəm ki, reallığı müəyyən dərəcə əks etdirir. Bu da gizli deyil ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhz bu sahə ilə apardığı qüsurlu siyasətin nəticəsidir. Geniş zolaqlı və keyfiyyətli internetin olması üçün nazirliyin apardığı siyasət ancaq dövlət provayderlərinə söykənir. O bütün şəraiti dövlət provayderləri üçün yaradır. 

2 provayder var: Bakıda baktelecom və rayonlarda aztelekom. Digər 40-a qədər özəl provayderə isə dövlətin resurslarından istifadə edərək, istifadəçilərə geniş zolaqlı internet imkanı yaradılmır. Deyək ki, oturduğunuz yerin altında kabel kanalizasiya sistemi var, provayder internet xətti çəkmək üçün yeraltı kabel strukturundan istifadə etməlidir. Bu nazirliyə məxsusdur və Rabitə Nazirliyi də bunun operatorudur. Bu özəl provayderlərə imkan vermir və qeyd edir ki, bunu ancaq dövlət provayderləri edə bilər. Bu qədər böyük ərazidə bunu 2 provayder çatdıra bilməz axı. Gecə-gündüz işləsələr belə, haqsız rəqabət aparsalar belə, çatdıra bilməzlər. 

Bu statistika da gözlənilən nəticədir. Nazirlik dərhal siyasətinə yenidən baxmalıdır. Özəl və dövlət provayderləri dövlətin resurslarından bərabər əsaslarla istifadəsinə şərait yaradılmalıdır. Bunun üçün də qaydalar tərtib olunmalıdır. Nazirlik tənzimləmə əzəvinə özü kommersiya ilə məşğul olur. Yəni tənzimləmə funksiyası onun üçün 7-ci yerdədir. Birinci yeri isə kommersiya tutub. Müstəqil tənzimləyici yaradılması sürətlənməlidir. O qurum ki, strateji yol xəritəsində görünür ki, gələn il nazirliyin nəzdində artıq funksiyalar bölüşdürüləcək və müstəqil qurum yaradılacaq. Kommersiya funksiya nazirlikdən alınaraq, o qurumun fəaliyyətinə veriləcək”.