​Təmsilçilərimiz beynəlxalq turnirdə qələbə qazandı

Baxış sayı:
2746

Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən Azərbaycan Yelkənli İdman Federasiyasının təmsilçiləri Qazaxıstanın Aktau şəhərində keçirilən “Beynəlxalq Xəzər Kuboku” yarışında qələbə qazanıblar.
Federasiyadan bildiriblər ki, turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan və Özbəkistan təmsilçiləri də mübarizə aparıblar.
Beynəlxalq turnirdə kişi idmançılarımız birinci və üçüncü yerdə, qızlarımız isə fəxri kürsünün hər üç pilləsində qərarlaşaraq medallara sahib olublar. Hər üç əyarlı medalların hamısına sahib olan yelkənçilərimizin yarışda qazandıqları parlaq qələbələr əcnəbi məşqçilərin də diqqətini cəlb edib, onların uğuru böyük rəğbətlə qarşılanıb.
Yarışda Azərbaycanı Murad Hacızadə, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, İsmayıl Həmidov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, köməkçi məşqçi Aleksandr Knyazev təmsil ediblər.
Xatırladaq ki, Azərbaycan Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından dördüncü yerdə qərarlaşaq yüksək nəticə göstərib.
Aktiv bazası 2014–cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi mütəmadi olaraq maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançılar cəlb etməkdir. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda “Optimist” və “Lazer” sinifləri üzrə iki komanda formalaşdırılıb. Bu sinifləri xaricdən dəvət edilən iki baş məşqçi çalışdırır. Komandaların məşqləri məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin rəhbərliyi ilə keçirilir.
Qarşıya qoyulan hədəflərə çatmaq üçün Federasiya tərəfindən Avropanın qabaqcıl şirkətlərinin istehsalı olan yelkənli idman qayıqları gətirilib, beynəlxalq səviyyəli məşqçilər Azərbaycana dəvət edilib. Bu addımların davamı olaraq, mayın 31-dən iyunun 3-dək milli komandanın hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədilə təlim düşərgəsi təşkil olunub. Məşqlərin yüksək keyfiyyəti və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, altıqat dünya, dördqat Avropa çempionu, 30 il məşqçi kimi fəaliyyət göstərən Draqan Qasiç Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən həmin təlimə cəlb edilib.