​Tələbələrin bu problemi həll edilməlidir - Millət vəkili

Bir dövlətin və millətin inkişafı təhsildən keçir. Bölglərimizdə, kəndlərimizdə böyüyən gənclərimizin savadlı olması, ali təhsil arxasınca getməsi çox önəmlidir. Amma bölgələrimizdən, kəndlərimizdən ali təhsil almaq üçün gələn tələbələrimiz və onların ailələri ciddi problemlə üzləşirlər. Çünki universitetlərimizin bir çoxunun yataqxana sistemi demək olar ki, yox səviyyəsindədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Q.Paşayeva parlamentdə Azərbaycan Respublikası Hökumətinin iştirakı ilə 2018-cı ilin büdcə müzakirələri zamanı tələbə yataqxanaları problemi ilə bağlı çıxışında deyib. O bildirib ki, bu gün tələbələrin çoxu maddi cəhətdən nisbətən imkansız ailələrin övladlarıdır və rayonlardan gələn belə tələbələr yüksək qiymətə kirayə evlərində yaşamaqda çətinlik çəkirlər:
“Məsələn, 20 minə yaxın tələbəsi olan BDU-da bir dənə də tələbə yataqxanası yoxdur. Amma bu universitetin Sovet dövründə təxminən 7 yataqxanası var idi. Hökumətimizi bu məsələyə xüsusi diqqət yetirməyə, yataqxanalar probleminin həlli istiqamətində sürətli addımlar atmağa çağırırıq. Çünki bu gün ali təhsil müəssisələrimizdəki tələbələrin təxminən yarısı ödənişli təhsil alır və təbii ki, bölgələrdən, kəndlərdən olan ailələrimiz üçün övladının təhsil, yemək və geyim xərcləri ilə bərabər, baha kirayə pulunu ödəmək çox ağırdır, çünki Bakıda evlərin kirayə haqları çox bahadır. Belə halda çətinliklə üzləşən ailələrin bəziləri ali təhsil alma imkanı qazansa da, övladlarını ali təhsil almaq üçün göndərmirlər. Ona görə də ali təhsil müəssisələrinin yataqxanalarla bağlı problemi çox ciddi məsələdir və qısa zamanda öz həllini tapmalıdır. Bunun üçün hökumətimizin yeni yataqxanaların sürətlə tikintisinə vəsait ayırmasına böyük ehtiyac var. Maddi imkansızlıq üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”.
Millət vəkili eyni zamanda təhsil kreditlərinin daha da genişləndirilməli olduğunu vurğulayıb:
“Çoxlu sayda ali təhsil alan gənclər, ailələr millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Amma təhsil kreditləri dövlətlə bərabər özəl universitetlərə də verilsə və verilən gənclərin sayı artsa, gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Faizsiz kredit alaraq təhsilini başa vurub çalışmağa başlayandan sonra gənc bir neçə ilə kreditini qaytarmağa başlayar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Tələbələrin böyük əksəriyyətinin ödənişli təhsil aldığını nəzərə alsaq, təhsil kreditlərinin daha da genişlənməsi məsələsinin nə qədər önəmli olduğunu görə bilərik”.
Bir çox qonşu ölkələrdə də təhsil kreditlərinin geniş yayıldığını deyən millət vəkili Q.Paşayeva bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkansızlıq üzündən təhsildən, elm sahəsindən uzaqlaşmaması üçün bundan sonra da davamlı addımların atılması vacibdir.