Təkamül nəzəriyyəsini Darwin-dən 1000 il əvvəl irəli sürən müsəlman mütəfəkkir yazıb

Baxış sayı:
11137

Təkamül nəzəriyyəsinin atası Charles Darwin hesab olunur. Bəs əl-Cahiz adlı iraqlı alim haqqında heç eşitmisinizmi? Onun təkamül nəzəriyyəsi tarixi müsəlman dünyasının qədim dövrünə dayanır.
 
Britaniyalı alim Charles Darwin-in təkamül nəzəriyyəsi müasir elmin məhək daşlarından biridir.
Növlərin təbii seçmə adlanan mexanizm vasitəsilə illər ərzində dəyişməsi fikri dünyada bir inqilaba səbəb olmuşdu.
 
Sovet İttifaqı və din: "Qurani Kərim ölüyə lazımdır"
Azərbaycanın Nobel mükafatı qazanmış yeganə alimi
ABŞ-da azərbaycanlı alim: "Hərdən özümə sual verirəm ki, mənim burada nə işim var"
1859-cu ildə nəşr olunan Növlərin Əmələ Gəlməsi kitabında Darwin təkamülü "modifikasiya vasitəsilə törəmə" kimi təsvir edərək, müxtəlif növlərin eyni əcdaddan yarandığını irəli sürüb.
 
Amma sən demə, təkamül nəzəriyyəsinin də əcdadı var imiş. Həm də İslam dünyasında.
 
Təbii seçmə
Charles Darwin-dən təxminən 1000 il əvvəl İraqda yaşayan əl-Cahiz adlı müsəlman mütəfəkkiri heyvanların təbii seçmə adlanan proses nəticəsində necə dəyişdiyi haqqında kitab yazıb.
 
Əsl adı Əbu Osman Əmr Bəhr Əlkənani əl-Bəsri olan bu filosof, daha çox gözləri hədəqəsindən çıxan mənasına gələn əl-Cahid təxəllüsü ilə tanınır.
 
Heç yaxşı xitab olmasa da, əl-Cahizin şöhrəti onun Kitab əl-Heyevan (Heyvanlar Kitabı) adlı seminal əsərindən qaynaqlanır.
 
O, 776-cı ildə İraqın cənubunda yerləşən Bəsrə şəhərində doğulub. Həmin dövrdə regionda insan zəkasının inkişafı ideyasını təbliğ edən ilahiyyat məktəbi - Mütəziləh hərəkatı geniş yayılmağa başlamışdı.
 
Bu, Abbasilər hakimiyyətinin pik dövrü idi. Fəlsəfi əsərlər yunan dilindən ərəb dilinə tərcümə olunur və Bəsrədə din, elm və fəlsəfə üzrə qızğın müzakirələr aparılırdı. Bütün bunlar əl-Cahizin düşüncələri və ideyalarının formalaşmasına təsir edir və kömək olur.
 
Artıq kağız çinli tacirlər tərəfindən İraqa gətirilir və beləliklə ideyaların daha geniş yayılması üçün şərait yaranır və gənc əl-Cahiz müxtəlif mövzular haqqında yazmağa başlayır.
 
Onun maraqlarına elm, coğrafiya, fəlsəfə, ərəb qrammatikası və ədəbiyyatı kimi bir çox akademik mövzular daxil idi. Əl-Cahizin həyatı boyu 200 kitab qələmə aldığı düşünülür, lakin onların çox az hissəsi dövrümüzə qədər gəlib çatıb.
 
Heyvanlar Kitabı
Onun ən məşhur işi olan Heyvanlar Kitabı, 350 heyvan barəsində söz açan bir ensiklopediyadır ki, burada əl-Cahiz Darvinin təkamül nəzəriyyəsinə son dərəcə oxşar fikirlər irəli sürüb.
 
"Heyvanlar sağ qalmaq üçün və mənbələr tapmaq, qurban olmaqdan can qurtarmaq və çoxalmaq uğrunda mübarizə aparırlar," əl-Cahiz yazır.
 
"Ekoloji faktorlar orqanizmlərin sağ qalmaq üçün yeni xüsusiyyətlər yaratmasına təsir edir və beləliklə, onları yeni növlərə çevirir."
 
O davam edir: "Sağ qalan heyvanlar isə uğurlu xarakteristikalarını balalarına ötürürlər."
 
Aydındır ki, əl-Cahiz canlılar aləmini sağ qalmaq naminə daimi mübarizədə və bir növün həmişə digərindən daha güclü olmasında görürdü.
 
Sağ qalmaq xətrinə heyvanlar qida tapmaq, qurbana çevrilməmək və artmaq üçün rəqabət xüsusiyyətlərinə yiyələnməli idilər. Bu isə onları nəsildən-nəslə dəyişməyə vadar edib.
 
Əl-Cahizin ideyaları özündən sonra gələn başqa müsəlman mütəfəkkirlərinə təsirsiz ötüşməyib. Onun işləri əl-Fərabi, əl-Ərəbi, əl-Biruni və İbn Xaldun tərəfindən yüksək qiymətləndirilib.
 
Əlləma İqbal təxəllüsü ilə məşhur olan Pakistanın "Mənəvi Atası" Məhəmməd İqbal 1930-cu ildə çap etdirdiyi mühazirələr toplusunda əl-Cahizin əhəmiyyətini belə vurğulayır: "Köç etmə və ekoloji dəyişiklər səbəbindən heyvanların həyatında baş verən dəyişiklikləri ilk dərk edən əl-Cahiz olub."
 
"Məhəmmədi nəzəriyyəsi"
 
19-cu əsrin avropalı intellektualları müsəlman aləminin təkamül ideyasına töhfəsindən yaxşı xəbərdar idilər. Charles Darwin-in müasiri William Draper 1878-ci ildə "Təkamülün Məhəmmədi nəzəriyyəsindən" söz açırdı.
 
Lakin Darwin-in əl-Cahizin işin ilə tanışlığı və ya ərəbcə anlayışı haqqında heç bir dəlil yoxdur.
 
Bu britaniyalı təbiətşünas illərlə səyahət edib və canlılar aləmini yaxından izləyib. Nəticədə, bizim dünya haqqında düşüncə tərzimizin əsasını təşkil edən nəzəriyyənin son dərəcə ətraflı və aydın şəkildə əsasını qoyub. Şübhəsiz ki, Darwin alim kimi qazandığı ad-sana layiqdir.
 
Lakin BBC radiosunda İslam və Elm adlı sənədli verilişin yaradıcısı olan elmi jurnalist Ehsan Məsud deyir ki, təkamül fikrinin tarixinə töhfələr verən başqa insanları da unutmamaq lazımdır.
 
Kreativizm
O həm də qeyd edir ki, İslam sivilizasiyasının qabaqcıl təhsil mərkəzləri kimi Bağdad və Bəsrənin aparıcı mövqe tutduğu 9-cu əsr İraqında kreativizm o qədər də mühüm hərəkat olmayıb.
 
"Alimlər yeni kəşflər ilə təbii dünya barəsindəki biliklərin müqayisəsinə vaxt sərf etməyiblər," Britaniya qəzeti The Guardian-a əl-Cahiz haqqında yazdığı məqaləsində Ehsan Məsud deyir.
 
"Əvəzində onlar hər şeyi özləri aşkarlamağa çalışıblar."
 
Əl-Cahizin ölümü də elm axtarışı nəticəsində olub. Deyilənlərə görə, bu müsəlman filosofun həyatına 92 yaşında bir kitabı götürmək istəyən zaman aşan rəf son qoyub.