Təkadamlıq aksiyalarla məşhurlaşan cəbhəçi azad edildi

Maştağada ruhi dispanserdə müayinə olunan müxalifətçi dünən noyabrın 4-ü inzibati cəzasını başa vuraraq sərbəst buraxılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan Füzuli Hüseynov polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılaraq məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs cəzası almışdı.
Füzuli Hüseynov Binəqədi İnzibati Saxlanma Məntəqəsində fiziki və psixoloji təzyiqlə üzləşdiyini bildirir. O, bununla bağlı məhkəməyə müraciət etmək fikrindədir.
Bu barədə Füzuli Hüseynov özü “Azadliq” radiosuna danışıb. O, Maştağa ruhi-əsəb dispanserinə aparılmasını işgəncə hesab edir:
“Mənə əvvəlcə aparıldığım Binəqədi İnzibati Saxlanma Məntəqəsində fiziki işgəncə verdilər. Ümumiyyətlə, bu dəfə saxlanma şəraiti dözülməz idi, əvvəllər belə münasibət olmamışdı. Üçüncü dəfədir Binəqədi İnzibati Saxlanma Məntəqəsində oluram, belə münasibət görməmişdim. Bu vəziyyət ictimailəşməlidir, beynəlxalq təşkilatlara müraciət edəcəyik”.
Xatırladaq ki, Füzuli Hüseynovun bu il oktyabrın 13-ü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından Maştağadakı 1 saylı ruhi-əsəb dispanserinə aparıldığı bildirilirdi.