Tillersonun Bərzaniyə göndərdiyi məktub Bakıda müzakirə edildi – BƏYANAT

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə ABŞ dövlət katibi Reks Tillersonun məlum referenduma iki gün qalmış İraq Kürd Muxtar Vilayətinin rəhbəri M.Bərzaniyə göndərdiyi gizli məktubunun üzə çıxması ilə bağlı məsələyə münasibət bildirib. Qeyd olunub ki, məktubun mətnində mərkəzi İrak hökuməti ilə aparılan danışıqlar bəhrə vermədiyi halda ABŞ-ın keçirilən referendumun nəticələrini tanımağa dair vədlər verir, bu da açıq şəkildə İraq Konstitusiyasına və beynəlxalq hüququn ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə zidd olmaqla bərabər həm də ABŞ daxil olmaqla bir çox güclərin yanlış siyasəti nəticəsində barıt çəlləyinə çevrilmiş Yaxın və Orta Şərqdə 3-cü dünya müharibəsinin başlanması ehtiamalını qaçılmaz edə bilər. ADP ABŞ rəsmisinin İraqın daxili işlərinə müdaxilə anlamına gələn bu addımını qətiyyətlə pisləyib və seperatizmə yol açan bu cür hərəkətlərn yolverilməz olduğunu diqqətə çatdırıb.
ADP son vaxtlar ABŞ-ın İran və Türkiyə dövlətlərinə qarşı sərgilədiyi barışmaz mövqeyini, İrana yenidən iqtisadi embarqolar tətbiq etməsini, Türkiyəyə qarşı viza qadağaları qoymasını, Türkiyəyə qarşı Suriya ərazisinden terror cəbhəsi açan PYD və YPG-yə silahla dəstək verməsini pisləyib və bu gərginliklərin Yaxın və Orta şərq probleminin həlində ciddi əngəllər törədə biləcəyini diqqətə çatdırıb.
İdarə Heyəti Rusiyanın təcavüzkar Ermənistana güzəştli qaydada 100 milyon dollar dəyərində hərbi kredit ayırmasını qətiyyətlə pisləyib və bu addımın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Rusiyanın üzərinə götürdüyü barış missiyası ilə bir araya sığmadığını, Avropada adi silahlarla bağlı konvensiyanın tələblərinin pozulması faktı kimi dəyərləndirib və Azərbaycan hakimiyyətini bununla əlaqədar adekvat addımlar atmağa, hərbi qüdrətini artırmaq istiqamətində digər ölkələrlə silah sövdələşmələrinə getməyə çağırıb.
İdarə Heyəti AŞPA-nın insnan hüquq və azadlıqlarının pozulmasına dair Azərbaycan hakimiyyəti ilə bağlı çıxardığı qətnaməni təqdir edib və sadalanan məsələlər üzrə ölkədəki durumun qətnamədə təsvir olunduğundan daha ağır vəziyyətdə olduğunu qeyd edib. Qeyd edilib ki, Azərbaycan hakimiyyəti AŞPA-dan çıxmaq təşəbbüsünü etmək, Avropa Şurasının qərarlarına sayğısızlıq göstərməkdənsə, ölkədə insan hüquq və azadlıqlarının, siyasi məhbus probleminin, sərbəst toplaşmaq azadlığının, nəzarətedici hakimiyyət qolunun müstəqilliyinin təmin edilməsi, söz və mətbuat azadlığının qorunması istiqamətində ciddi addımlar atmalı və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə səy göstərmək haqda düşünməlidir.
Eyni zamanda AŞPA təkcə hakimiyyətə müxtəlif vasitələrlə təsir etməkdən əlavə Azərbaycanda demokratikləşməyə ciddi dəstək verməli, hakimiyyət tərəfindən paralizə edilmiş demokratik institutların fəaliyyətini bərpa etməli, hakimiyyətlə müxalifət arasında siyasi dialoqların başladılması üçün təsir mexanizmlərini işə salmalıdır.
İdarə Heyəti peşə fəaliyyətindən dolayı xeyli müddətdir ki, xaricdə siyasi mühacir həyatı yaşayan jurnalist F.Hüseynlinin Azərbaycanın hüquq mühafizə orqanlarının sifarişi əsasında Ukrayna ərazisində saxlanılmasını qətiyyətlə pisləyib, istər F.Hüseynli, istərsə də Gürcüstan ərazisində oğurlanıb Azərbaycana gətirilən Ə.Muxtarlı ilə bağlı bu faktların artıq ölkədəki repressiya dalğalarının sərhədlərimizdən kənara yayılması faktı kimi qiymətləndirib və hakimiyyəti azad düşüncəyə qarşı yönəlmiş bu cür təqib və repressiyalara son qoymağa çağırıb.
 
Muxalifet.az