Tiflis meri Kaxa Kaladze işə gedərkən... – FOTO

Gürcüstan futbol yığmasının sabiq kapitanı, 2012-ci ildə enerji naziri təyin olunan, oktyabr ayının 22-də isə Tiflis meri seçilən Kaxa Kaladze işə gedərkən görüntülənib.
Maraqlıdır ki, K.Kaladze bu zaman şəxsi avtomobilindən, sürücüdən və yaxud da mühafizə xidmətindən istifadə etməyib. Muxalifet.az-ın oxucularına təqdim etdiyi FOTO-dan da göründüyü kimi, yeni mer hər səhər iş yerinə metro ilə gedir və bu zaman kiminsə onu mühafizə etməsinə ehtiyac görmür.
Ən maraqlısı isə odur ki, vətəndaşlar da Kaladzenin işə metro ilə gedib-gəlməsini tamamilə təbii qarşılayır...   
Xatırladaq ki, Tiflisdə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra K. Kaladze 51,06 faiz səs toplayıb. Hakim "Gürcü Arzusu" Partiyasının namizədinə 203 mindən çox Tbilisi sakini səs verib. İkinci yerdə 17,46 faizlə müstəqil namizəd Aleko Elisaşvili, üçüncü yerdə 16,53 faiz səslə Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili qərarlaşıb.
Qeyd edək ki, K. Kaladze keçmiş futbolçudur, Tiflis və Kiyevin "Dinamo", İtaliyanın Milan və Cenoa komandalarında müdafiəçi mövqeyində oynayıb. K. Kaladze ölkənin ən yaxşı futbolçularından biri sayılır, iki dəfə Çempionlar Liqasının qalibi olub. Siyasi karyerasına Gürcü Arzusu Partiyasında başlayan K. Kaladze 2012-ci ildə enerji naziri təyin olunmuşdu.
 
Muxalifet.az