Ticarət şəbəkələrində nə baş verir? – BİLƏSUVARDAN REPORTAJ

Baxış sayı:
3907

Cəmiyyət, insan və vətandaş hüquqları harınlıqdan quduzlaşmış məmurların ayaqları altına atılmış vəziyyətdədir. Cəmyyət insanları köləlik və manqurtluğa sürükləyən məddahlıq və yalandan,  gündəlik normaya çevirən korrupsiya və rüşvət üsullarından yararlanan məmurlardan qoruya bilmir. 
İşsizlikdən, yavan çörək üçün günlərlə axtarışda olan sıravi vətandaşlar bu həyatdan bezib, - desəm bəlkə də yanılmaram. Sovet rejimi dağılandan bəri total rüşvətxorluq korrupsiya ilə, yerlibazlıq isə tayfabazlıqla əvəz olundu. Başqa cür ifadə etsək, bu iki faktor birləşdirildi, məhdud bir neçə zümrənin əlində cəmləndi və proses davam edir.
Bu gün on minlərlə insan hakimiyyətdəki məmurlardan olan inamını və eləcə də iş yerlərini itirirlər. Bir ailənin üzvləri arasında yüksək vəzifəli insanları sayanda dəhşətə gəlməmək mümkün deyil. Qardaş nazir, o biri qardaşı polis rəisi, digəri icra başçısı, bacı məktəb direktoru, gəlin bağça müdirəsi, ən zəifinin ticarət şəbəkəsi... məncə, kifayətdir. Çünki bir iri məmurun qohumlarını sadalasaq, çox böyük siyahı alınar.
Biləsuvar rayonunun sıravi vətandaşları da işsizlikdən əziyyət çəkir, günlərlə vaxtlarını çayxanalarda nərd, domino oyunları ilə kecirir. Rayonda iş tapmaq elə də asan məsələ deyil.
Bu günlərdə maraqlı mənzərənin şahidi oldum. Marketdəyəm. Bir qadın satıcıya yaxınlaşır. 45-50 yaşlarında olar, bəlkə də çətinliklər üzündən daha tez qocalıb. Satıcıya deyir: “Pəncərələri silmək lazımdırsa, silim”. 3-4 nəfər kassada növbədə durmuşuq, hamı başa düşür; bu qadın imkansızdır, pulu yoxdur, eyni zamanda dilənçilik də etmək istəmir. Qadın təkrarlayır, satıcı darıxır, mən utanıram.
Yenə başqa bir dükan. Yenə kassa. İki nəfər - orta yaşlı ər-arvad kassirdən “bu dükanda boş satıcı işi varmı”, - deyə soruşur. Kassir deyir “var, ancaq təcrübəli işçi istəyirlər”. Qadın orta məktəbdə müəllim işlədiyini deyir. Kassir bir az ironiya ilə gülümsəyir: “Bu başqa xarakterli işdir, axı. Üstəlik, qrafikimiz ailəli adama sərf eləməz”( Mən fikirləşdim: “Xarakter sözünü bilir. Savadlı adamdır. Bəlkə dünənə qədər bu da müəllim olub?). Kişi: “Öyrəşər də. Qrafikiniz, maaş nə qədərdir?” Kassir: “Səhər  saat 8-dən axşam saat 10-a qədərdir. Maaş 250 manatdan başlayır”. Ər-arvad sakitcə, heç nə demədən, sağollaşmadan getdilər.

Parkdayam. Ana uşağını səsləyir: “Vural, bura gəl”. Bu nə deməkdir ki,? Türkiyədə çoxdursa, bizdə də olmalıdırmı? İnsan uşağına niyə Vural adı qoysun? Vur, al – anlamı bu deyilsə, bəs nədir? Belədirsə, valideyinin zəkasına heyranam. Əsl azərbaycanlı adı tapıbdır. Yekəlsin, polis olsun, prokuror olsun, icra hakimi olsun, ən aşağı yeri universitet rektoru olsun, vurub alsın, çapıb talasın, millətimizi ləyaqətlə təmsil etsin, nəslin üzünü ağartsın!
Populyar qənnadı məmulatları şəbəkəsində calışan bir tanışım deyir, standartlaşdırma idarəsi bizi boğaza yığmışdı, rüşvət istəyirdilər, vermirdik. Axırda  bişirdiyimiz məhsullardan birinin içində qurd atıb bizi cərmələdilər.
Heyrətə gəlirəm. Sən demə, belə usul da varmış. Çibə nəşə atıb, evə tapança qoyub adamı çərləməyi bilirdi, ancaq şirniyyət məhsulu satanın ərzağına qurd atmaq yenilikdir. Şirniyyatcı bu əhvalatı danışır, mən isə Sergey Eyzenşteynin dünyada məşur “Potyomkin zirehli gəmisi” filmini xatırlayıram. 1905-ci ildə Rusiya imperiyasının Qara dəniz donanmasına məxsus bu gəmidə üsyan qalxır, matroslar rəhbərliyi öldürür, sonra Rumuniyaya qaçırlar. Üsyanda qığılcım rolunu isə gəmidəki vaxtı keçmiş yeməklərdən qurd çıxması oynayır. Eyzenşteyn bu faktı həyatdan götürüb. 21-ci əsrdə belə əməllər ən azı rusvaycılıqdır.
Söhbətləşdiyim həkimlər hesab edir ki, xəstəliklərin artmasına əsas səbəb keyfiyyətsiz ərzaq məhsullarıdır. Yəqin ki, çoxlarımız ərzaq mağazalarında hər gün girmək məcburiyyətində olduğumuzdan, deyilənlərin canlı şahidi oluruq.
Söhbətin şirin yerində bir neçə nəfər polis bizə yaxınlaşaraq “məsafə saxlayın, 5 nəfərdən artıq bir yerdə topalaşmaq olmaz”, - deyə müraciət etdi. Bizdən yaşca bir az yaşlı olan həmfikirlərimizdən biri dilləndi: “Bu pandemiya da bir bəla kimi yaxamızdan yapışıb. Allah bizim xalqımıza rəhm etsin, amma dünya yaranandan sadəcə bir sabit yol var. Bu bu da Allahın yoludur. Bu yolun  yolçuları isə düşünən, quran insanlardı. Hər yürüyən insan hələ yolçu sayılmaz. Düşünərək, inamla yüyürmək lazımdır”.

Əlizadə NƏHMƏDAĞAOĞLU,
Biləsuvar