"Təhsil və elm sahəsinə maliyyə ayrılmasında artım var" - DEPUTATLAR DURUMU AÇIQLADI

Parlamentdə səhiyyə sisteminə ayrılan vəsaitlərin artırılması tələb olundu
“Gələcəkdə canımızı əmanət edə biləcəyimiz səhiyyənin olmasını arzulayırıqsa, səhiyyəyə qarşı iqtisadi yanaşma ortaya qoyulmalıdır”
Büdcə zərfinin dünən parlamentin daha beş komitəsinin iclaslarında müzakirəsi davam etdirilib. Zərfə daxil olan qanun layihələri bu dəfə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli müzakirə zamanı deyib ki, büdcə sosial yönümlü olaraq vətəndaşa xidmət etməlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti də bu məqsədə xidmət edir: "Sevindirici haldır ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb.
Gələn ilin icmal büdcəsində sosial müdafiə xərcləri bu illə müqayisədə 20 faiz çoxdur. İcmal büdcənin böyük hissəsi sosial müdafiə məsələlərinə yönəldilib. Bu il sosial müdafiəyönümlü qanunlar qəbul olunub və bəzi qanunlara dəyişikliklər edilib. Bu, gələn ilin dövlət büdcəsində öz əksini tapıb. Gələn ilin dövlət büdcəsində xərclərin 33,5 faizi sosial müdafiə tədbirlərinə yönəldilib. Qeyd edim ki, bu göstərici əvvəlki illərdə 26-28 faiz civarında olub”.
"Ehtiyac meyarının məbləği artırılmalıdır”
H.Rəcəbli deyib ki, Azərbaycanda ehtiyac meyarının məbləği artırılmalıdır: "Ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Ötən il də bu məbləğ 116 manat idi. Düşünürəm ki, Maliyyə Nazirliyi bu məbləğin artırılmasını təmin etsə, yaxşı olar. Çünki ünvanlı sosial yardımın təmin edilməsində ehtiyac meyarı əsas götürülüb”. Komitə sədri əlavə edib ki, 2018-ci il üçün yaşayış minimumunun məbləğinin dəyişdirilməsinə isə ehtiyac yoxdur.
Qeyd edək ki, büdcə zərfində 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.
Təhsil və elm sahəsinə maliyyə ayrılmasında artım var
"2018-ci ilin dövlət büdcəsinin 3-də biri sosial sahəyə yönəldilib. Təhsil və elm sahəsinə maliyyə ayrılmasında artım var. Xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyasına artım proqnozlaşdırılıb. Səhiyyə sahəsində çox ciddi proqramlar proqnozlaşdırılır. Bunlar çox vacibdir və ölkəmizdə də uğurla həyata keçirilir”.
Bunu isə müzakirə zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, keçən il də Milli Məclisdə koxlear implantasiya ilə bağlı məsələ qaldırılıb: "Ölkəmizdə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir. Onlar əməliyyat olunmasa, eşitmə qabiliyyətini itirə bilərlər. Bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə vəsaiti ayrılmalıdır. Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır”.
Komitə sədri narazıdır:
"Səhiyyəyə ayrılan vəsaitlə bunları etmək mümkün deyil”
Ə.Əmiraslanov söyləyib ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidesprantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır: "Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslərin yaşaması üçün ömür boyu antidesprantlar almalıdırlar. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq bu xəstələr onu ala bilmirlər. Onlar bu antidesprantlardan istifadə etməsələr, orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Düşünürəm ki, buna da əlavə vəsait lazımdır. Çünki səhiyyəyə ayrılan vəsaitlə bunları etmək mümkün deyil”. Komitə sədri deyib ki, şiş əleyhinə preperatların alınması üçün də əlavə vəsait lazımdır: "Bunun üçün bu il də vəsait ayrılıb. Ancaq bu preparatlar çox bahalıdır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var”.
Diplomatların maaşları dürüstləşdiriləcə
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə deyib ki, "Diplomatik fəaliyyət haqqında” qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyinin maliyyəsi təkmilləşdiriləcək.
Deputat bildirib ki, hazırda XİN-də "Diplomatik fəaliyyət haqqında” qanuna dəyişiklik üzərində iş gedir: "Bu dəyişikliklərə əsasən, diplomatik fəaliyyətin və diplomatların maliyyələşməsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Qanuna ediləcək dəyişikliklər Milli Məclisdə müzakirə olunub, qəbul edildikdən sonra həm XİN-də, həm də diplomatik korpuslarda çalışan diplomatların maaşında dürüstləşmə həyata keçiriləcək”. S.Seyidov əlavə edib ki, diplomatların maaşının dürüstləşməsi üçün ilkin olaraq Maliyyə Nazirliyindən vəsait ayrılması nəzərdə tutulur: "Bununla bağlı məsələnin büdcədə indidən əksini tapması yaxşı olardı.
Onu da deyim ki, son dövrlərdə beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayı artmaqdadır. Ona görə də xarici ezamiyyət məsələsinə yenidən baxılaraq, onun həcminin artırılmasını təklif edirəm”.
Məişət zorakılığı məsələsində vəziyyət ürəkaçan deyil
"Azərbaycanda 3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinət artırılsın. Həmin müavinətlər dəyişiklik edilmədən 3 il müddətinə sabit qalsın”.
Bu təkliflə isə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxış edib. Komitə sədri bildirib ki, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycanda sosial evlər inşa olunur: "Güzəştli sosial evlərin ipoteka ilə müəllimlər və həkimlər üçün verilməsini də təklif edərdim. Bu, onların işlərinə stimul yarada bilər. Məişət zorakılığının qarşısının alınması ilə məşğul olan qurumların fəaliyyətinin gücləndirilməsinə də böyük ehtiyac var.
Məhkəmələrdə, hüquq-mühafizə orqanlarında psixoloq, sosial işçi ştatlarının yaradılması da lazımdır. Həmçinin məişət zorakılığı məsələsinin üzərinə yenə qayıdıram. Bu məsələdə vəziyyət ürəkaçan deyil. Hesab edirəm ki, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Milli Fəaliyyət Proqramı hazırlanmalıdır”.
Deputatın təklifinə münasibət bildirən komitə sədri H.Rəcəbli deyib ki, məsələ üzərində düşünülür: "Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, ölçülüb-biçilir. Yəni, bu həm bizim, həm də nazir Səlim Müslümovun gündəmindədir”.
Nazir S.Müslümov isə deyib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir: "Bu çərçivədə 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxıla bilər”.
"120-150 manat maaş alan həkim necə dolansın, necə yaşasın?!”
Müzakirə zamanı deputat Elmira Axundova həkimlərin durumundan danışıb. O deyib ki, bu gün tibb işçiləri ələbaxımlılığa öyrədilir ki, bu, xoş hal deyil: "Bu gün poliklinikalarda çalışan tibb işçilərinin maaşları 120-150 manat civarındadır. Bu pulla necə yaşamaq olar? Xaricdə kifayət qədər tibb sahəsində oxuyan soydaşlarımız var. Onlar əməkhaqqının az olmasına görə Azərbaycana dönmək istəmirlər. Ölkəmizdə yetərincə peşəkar səviyyəli tibb personalı mövcuddur. Amma maaşları həddən artıq azdır. Axı, biz bu yolla onları ələbaxımlılığa öyrədirik. Bu, yolverilməz haldır. Və yaxud əməkhaqqının az olması sonda xoşagəlməz neqativ hallara yol açır ki, bunun da nəticəsini sizlər də bilirsiniz. Odur ki, tibb işçilərinin maaşları artırılmalıdır”.
"Azərbaycanda ildə 800-1000 arası əməliyyat aparıla bilər”
"Azərbaycanda hər 1000 doğuşdan 8-14-də ciddi ürək qüsurlu uşaqlar dünyaya gəlir”. Bu sözləri müzakirə zamanı tanınmış ürək cərrahı, deputat Rəşad Mahmudov deyib. O bildirib ki, bu uşaqların 25 faizi dünyaya gəldikləri ilk ay içərisində, 60 faizi 6 ay içərisində, 80 faizi isə 1 il içərisində həyatını itirir: "Hesablanan rəqəmlərə görə, bu problemlərin həlli üçün Azərbaycanda ildə 800-1000 arası əməliyyat aparıla bilər. Hazırda bunun 10 minə çatdırılması üçün işlər aparılır. Bunun üçün ilkin göstəricilərə görə, 15 milyon manata yaxın vəsaitə ehtiyac var. Bu gün dövlət xəstəxanasında 250-yə yaxın uşağın əməliyyatı təşkil olunur. Amma bunun üçün hər hansı bir dövlət proqramı yoxdur. Hesab edirəm ki, dövlət proqramı çərçivəsində bu il və ya gələn il Səhiyyə Nazirliyinə təklif təqdim olunmalıdır”. R.Mahmudov vurğulayıb ki, gələcəkdə canımızı əmanət edə biləcəyimiz səhiyyənin olmasını və bunun inkişaf etməsini arzulayırıqsa, səhiyyəyə qarşı iqtisadi yanaşma ortaya qoyulmalıdır.
 
"Dövlət və digər qurumlarda çalışanların hamısının əməkhaqqı artırılmalıdır”
Millət vəkili Musa Quliyev isə bütün dövlət və digər qurumlarda çalışanların əməkhaqqının artırılmasını təklif edib. O, ilk olaraq büdcədə növbəti ildə əməkhaqqının artırılması ilə bağlı nə qədər vəsaitin ayrılmasına aydınlıq gətirməsini istəyib. Deputat bildirib ki, bu gün ayrı-ayrı qurumlar deyil, bütövlükdə dövlət və digər qurumlarda çalışanlar üçün vahid əməkhaqqı sistemi formalaşdırılmalıdır və bu qanuna əsasən maaşlar artırılmalıdır: "Yəni əməkhaqqı sistemi tənzimlənməlidir. Çalışan şəxslərin maaşları ildə yaşayış minimumuna uyğun şəkildə formalaşdırılmalıdır. Əgər maaşlar buna uyğun şəkildə tənzimlənərsə, o zaman hər hansı problem ortaya çıxmaz. Bu halda maaşlar hər il ölkədəki inflyasiyaya uyğun formalaşacaq”.
Millət vəkili eyni zamanda sosial müavinətlərə yenidən baxılaraq onun tənzimlənməsini və müavinətlərin sayının azaldılmasını təklif edib. Deputat eyni zamanda səhiyyə sahəsinə ayrılan vəsaitin azlığından şikayətlənərək deyib ki, bu vəsait qənaətbəxş deyil: "Mən bu vəsaiti inkişaf etmiş ölkələrdə adambaşına düşən səhiyyə xərcləri ilə demirəm, heç Şərqi Avropa və digər ölkələrlə müqayisədə də həddən artıq azdır. Bu məsələyə baxıb vəsaiti artırmalıyıq”.
Qeyd edək ki, noyabrın 13-də Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Gənclər və idman komitəsi, Mədəniyyət komitəsinin birgə iclasında büdcə zərfi müzakirə olunacaq.