​Təhsil Nazirliyinin qərarı müəllimləri çətin vəziyyətdə qoyub – UŞAQ BİRLİYİ RƏHBƏRLƏRİNİN DƏRS SAATLARI KƏSİLİB...

Baxış sayı:
17066

Təhsil Nazirliyi bütün məktəblərdə Uşaq Birliyi rəhbəri vəzifəsində çalışan müəllimlərin dərs saatlarını kəsib. Nazirliyin bu qərarından sonra həmin vəzifədə çalışan müəllimlərin maaşı xeyli azalıb. Muxalifet.az xəbər verir ki, Uşaq Birliyi rəhbəri vəzifəsində çalışan müəllimlər indiyə qədər 12 saat dərs yükü ilə təmin olunaraq, 290-300 manat maaş alırmışlar. Bu ilin sentyabr ayından etibarən isə 2017-2018- ci il dərs ili üçün Uşaq Birliyində çalışan müəllimlərin dərs saatları tamamilə kəsilib. Dərs saatlarının belə kəsilməsi isə müəllimin sadəcə vəzifə maaşının ümidinə qalması deməkdir. O maaşın məbləği də cəmi 155 manatdır. “Biz bu barədə Təhsil Nazirliyinə müraciət etdik. Soruşduq ki, bizim dərs yükünün kəsilməsi hər hansı qanun və ya sərəncamla tənzimlənirsə, onu bizə göstərin. Cavab verdilər ki, bu il belə nəzərdə tutulub. Təkrar sual verdik ki, bu zərurət nədən doğur, saatlarımız niyə kəsilib? Yenə eyni cavabı verdilər. Hansı ki, cənab prezident hər dərs ili başlananda məktəblərə gedir və ona məlumat verirlər ki, müəllimin maaşı 400-500 manatdır. Niyə ona düzgün məlumat verilmir ki?”-deyə şikayətçi müəllim Muxalifet.az-a bildirir. Onun sözlərinə görə, Uşaq Birliyi rəhbəri məktəbdə yeganə vəzifədir. Bu iş hər məktəbdə bir müəllimə verilir. İndi də bütün respublika üzrə onların dərs saatlarını kəsiblər. Bütün rayon məktəblərində vəziyyət eynidir. “Həmin dərs saatları da olanda yenə ümumilikdə 290-300 manat alırdılar. İndi vəzifə qalır, amma maaş düşüb 155 manata. Daha bu vəzifədə olanlar dərs deyə bilmirlər. İndi bu insanlar nə etsin?”- deyə şikayətçi müəllim bildirir. Muxalifet.az P.S. Mövzunu araşdıracağıq.