​Təhsil Nazirliyinin əməkdaşı 1 yaşlı uşağı ilə birgə həbsxanaya göndərildi – MƏHKƏMƏ HÖKMÜ

Baxış sayı:
4008

Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin sabiq işçisi Aytəkin Bağırovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər vətəndaşlardan işə düzəltmək adı ilə 60 min manat alaraq mənimsəməkdə ittiham ediliblər.
İttihama görə, Samirə Mansurova 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr, Aytəkin Bağırova isə 2007-2010-cu illərdə Təhsil Nazirliyində Dərslik-nəşriyyat şöbəsində işləyib.
Samirə Mansurova Aytəkin Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib. Aralarında yaran münasibətdən sonra Aytəkin Bağırova ona işə düzəltmək üçün adam tapmasını istəyib.
Samirə Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün Aytəkin Bağırovanın təklifi ilə razılaşdığını söyləyib.
İstintaq və birinci instasiya məhkəməsində aparılan araşdırma zamanı Samirə Mansurova həbsdə olub, Aytəkin Bağırova barəsində isə həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığında olub.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samirə Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Aytəkin Bağırovaya isə 8 il 6 ay cəza kəsilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.
Xatırladaq ki, prokuror hər iki təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Məhkum olunan şəxslər hökümdən apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Onların şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
İş hakimi Vaqif Mursaqulovun icraatında araşdırılır. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Növbəti baxış iclası dekabrın 28-də davam edəcək.