​“Təhsil Nazirliyi saxta diplomlu müəllimlərin fəaliyyətinə göz yumur” – GÖRANBOY SAKİNİ ŞOK FAKTLAR AÇIQLADI

Baxış sayı:
6490

“Qabil Həsənov direktorların işə qəbul imtahanından və yerdəyişmə imtahanından keçməyərək, Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinə direktor vəzifəsinə gətirilib”

Goranboy rayon Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, təhsil naziri Ceyhun Bayramova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova, maliyyə naziri Samir Şərifova və TəhsilNazirliyinin 8 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi Vüsal Məmmədova müraciət edən şikayətçi yazır:
“Sizə bildirirəm ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan, Gəncə şəhərində yerləşən 8 saylı ərazi maliyyə hesablaşma mərkəzində mənim “Facebook” səhifəmə məlumat göndərildi ki, 2017-ci ilin sentyabr ayından Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində qeyri-ixtisaslı psixoloq vəzifəsində çalışan Fidan Həsənli, ixtisası kitabxanaçı olduğu üçün, əmək müqaviləsinə 30 iyun 2018-ci il tarixində xitam veriləcək. Ancaq, çox təəssüflər olsun ki, yeni tədris ilində, yəni 2018-ci ilin sentyabr ayından Fidan Həsənli yenə də qeyri-ixtisaslı ola-ola psixoloq vəzifəsində çalışır. Bu nə dərəcədə qanuna uyğundur?
Goranboy rayon Təhsil şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində, xüsusilə rayonun Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində və Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbində kifayət qədər saxta diplomla ( hətta eləsi var ki, diplomsuzdur) müəllim və digər məsul vəzifələrdə çalışanlar var. Nə üçün bu saxta diplomla məktəbdə müəllimlər bu günə kimi vəzifələrində saxlanılırlar? Təhsil Nazirliyi, Əmək Müfəttişliyi, Maliyyə Nazirliyi buna göz yumurlar.
Məktəbdə elə müəllimlər var ki, vakant olmadığı halda Təhsil Nazirliyinin təşkil etdiyi test imtahanından keçməyərək məktəbə müəllim vəzifəsinə işə qəbul ediliblər. Hal-hazırda Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinə direktor vəzifəsinə 2018-ci ilin iyul ayından gətirilən Qabil Həsənov direktorların işə qəbul imtahanından və yerdəyişmə imtahanından keçməyərək, müvafiq müsabiqə balı toplamadan başqa bir kənddən Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinə direktor vəzifəsinə gətirilib.
Goranboy rayon təhsil şöbəsində çalışan bir neçə məsləhətçilər var ki, dövlət qulluğu imtahanından və Təhsil Nazirliyinin müsahibə komissiyasından keçməyərək, məsləhətçi vəzifəsinə yiyələniblər.
İnanıram və ümid edirəm ki, yuxarıda qeyd etdiyim qanuna uyğunsuzluqlar aidiyyatı qurumlar tərəfindən obyektiv araşdırılacaq”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.