Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı təkliflər hazırlayacaq

Baxış sayı:
2194

"Biz buraxılmış dərs müddətinin əvəzlənməsi və bərpa olunması ilə bağlı müxtəlif variantları nəzərdən keçiririk".

Bunu təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tədris müddəti bərpa olunandan sonra Təhsil Nazirliyi bütün amilləri nəzərə alaraq, Azərbaycanda dərs ili ilə bağlı yekun təkliflər hazırlayıb hökumətə təqdim edəcək: "Təbii ki, tədris ili ilə bağlı olan qərarların verilməsi hökumətin səlahiyyətindədir". Nazir çıxışında dərslərin dayandırılmasına görə, müəllimlərin, məktəbdə çalışan işçilərin maaşlarla bağlı maraqlandıran suala da aydınlıq gətirib:

"Azərbaycan qanunvericiliyə əsasən, bu kimi hallarda işçinin günahı olmadan hər hansı fasilə yaranırsa, əmək haqqının verilməsi qaydası nəzərdə tutulub. İşçilərin maaşlarının vaxtında ödənilməsi ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyduğu ən ümdə məsələdir. Buna görə də maaşların hesablanması və ödənilməsi ilə bağlı hesab edirəm ki, heç bir problem olmayacaq".