Təhsil nazirini nə maraqlandırır: təhsil yoxsa, təmir?

Və yaxud Mikayıl Cabbarov kimdir: təhsil naziri yoxsa Memarlıq Qoruğu İdarəsinin rəisi?

Sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası ilə bağlı yayılan məlumatda Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək, qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru Nurlana Əliyevaya xəbərdarlıq edilməsi ilə bağlı bilgi yer alıb. Qalmaqalçı mətbuat isə dərhal bu məlumatı tirajlayıb. Azərbaycan mətbuatının önəmli bir hissəsinin qalmaqalçılığa üstünlük verməsi, təhlilçilikdən uzaqlaşması cəmiyyətin inkişafına xidmət etmir. Bunun ən bariz nümunəsi Təhsil Nazirliyinin mətbuat xidmətinin sentyabrın 2-də keçirilən kollegiya iclası ilə bağlı yaydığı məlumata münasibət oldu. Nazirliyin mətbuat xidmətinin məlumatını tirajlamağa çalışan mətbuat qalmaqala üstünlük verməsəydi, sual etməli idi ki, təhsil naziri universitet rektoruna niyə xəbərdarlıq edib?
Artıq üç ildir ki, Mikayıl Cabbarov Azərbaycanın təhsil naziridir. Bu günə kimi onun təhsil naziri olaraq təhsilin səviyyəsinə görə bir ali məktəb rektoru bir yana, bir rayon təhsil şöbəsinin müdirinə xəbərdarlıq etdiyinə rast gəlməmişik. Buna inanmayanlar internetdə axtarış resusrlarının köməyindən istifadə edə bilər. O zaman görəcəksiniz ki, 2013-cü ildən təhsil naziri olan bir şəxs hələ bu günə kimi bir universitet rektoruna, bir lisey direktoruna və ya bir təhsil şöbəsinin müdirinə təhsilin səviyyəsinin aşağı olması ilə bağlı xəbərdarlıq etməyib. Əgər sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclasında nazir universitet rektoruna təhsilin vəziyyəti ilə bağlı xəbərdarlıq etsəydi, bunu anlamaq olardı.
Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə  yeni təyin olunub və buna görə də bu  günə kimi baş verənlərə cavabdeh ola bilməz. Ancaq bununla belə nazir Mikayıl Cabbarov əgər bu universitetdə təhsilin səviyyəsi ilə bağlı narazılığını ehtiva edən və bu iradlarını yeni rektorun nəzərə alması suallarını qaldırsaydı, bunu anlayışla qarşılamaq olardı. Əksinə nazir universitetdəki təhsillə bağlı deyil, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməməsi ilə bağlı xəbərdarlıq edib. Bu zaman isə Universitetin tədris korpusunun eksteryerindəndəki fasadının  mozaikaları ilə bağlı məsələyə istinad edildiyinə şübhə yoxdur. Bu "mozaika”ların qalıb-qalmamasının zəruriliyinə az sonra toxunacağıq. Xatırladaq ki, Mikayıl Cabbarov təhsil naziri təyin edilməzdən əvvəl İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi işləyib. Bu vəzifədə onun əsas görəvi İçərişərdəki binaların fasadlarının dəyişdirilməsi, tarixiliyi qorumaq olub. Bu vəzfəsinin öhdəsindən onun necə gəlməsi tamamilə ayrı bir yazının, geniş araşdırmanın mövzusudur. Hələlik onu qeyd edək ki, nazirin bir ali məktəb rektoruna təmirlə bağlı xəbərdarlıq etməsi onun özünü hələ də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində hiss etməsi təəssüratını yaradır.
Mikayıl Cabbarov üç ildir ki, təhsil naziridir və əgər son üç ilin qəbul imtahanlarının nəticələri müqayisə olunsa, təhsilin səviyyəsinin ildən-ilə gerilədiyi sərgilənir. Mərhum Heydər Əliyev deyirdi ki, təhsil millətin gələcəyidir. İndi belə çıxır ki, Mikayıl Cabbarovun nazir olduğu üç il millətin gələcəyinə zərbə vurmaqdan başqa bir işə yaramayıb. Bəs buna görə Mikayıl Cabbarova kim xəbərdarlıq edəcək?
Qeyd edək ki, son illər rayon təhsil şöbələrində təhsilin, tədrisinin keyfiyyətinin ciddi şəkildə pisləşdiyini, korrupsiyanın çiçəkləndiyini rəsmi orqanların məlumatları da təsdiq edir. Yerli təhsil şöbələrində elə vəziyyət yaranıb ki, hətta bu nöqsanları Təhsil Nazirliyinin özü də ört-basdır etmək gücündə deyil. Təhsil Nazirliyinin Ağcabədi rayonun bir neçə məktəbində apardığı yoxlamalar da çox ciddi nöqsanları üzə çıxarmışdı. Bu yoxlamanın nəticələri ilə bağlı təhsil naziri Mikayıl Cabbarovun əmrinin sürətini "Yeni Sözçü” qəzeti əldə edə bilmişdi. Həmin əmrdə nazir Mikayıl Cabbarov Ağcabədi rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun tutduğu vəzifəyə uyğun olmadığını rayin icra hakimiyyətinin başçısının diqqətinə çatdırırdı. Nazirin bu əmrindən düz ik ay sonra belə Mehdi Əhmədov vəzifəsini icra edirdi və nazir Mikayıl Cabbarovun əmri mətbautda işıq üzü görməsəydi, yəqin ki, bu gün də vəzifəsinin başında olardı. 
Halbuki, Ağcabədi rayonunda təhsilin səviyyəsinin son üç ildə ardıcıl olaraq pisləşməsi ali və orta ixtisas məktəblərinə qəbulla bağlı aparılan test imtahanlarının nəticələrindən aydın görünürdü. Əgər Mikayıl Cabbarov təhsil naziri olaraq məsuliyyətini dərk edib, vaxtında tədbir görsəydi, vəziyyət bu həddə çatmazdı. Ancaq üç ildə bir dəfə də olsun biz təhsil naziri Mikayıl Cabbarovu təhsilin səviyyəsinə görə hansısa məmuru işdən çıxardığını, xəbərdarlıq etdiyini görmədik. Bunun əvəzində Hesablama Palatasının ciddi nöqsanlar aşkarladığı Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədovu beynəlxalq reytinq agentliklərinin Azərbaycanın ən yaxşı Universiteti hesab etdiyi Qafqaz Universitetinə rektor təyin edir. Halbuki, Azərbaycan Texniki Universitetində rüşvətin ayaq açıb yeridiyi haqqında mətbuatda çox yazılıb. Görünür, təhsil naziri Mikayıl Cabbarov mətbuatı da oxumur. Əks halda Havar Məmmədovu Qafqaz Universitetinə rektor təyin etməzdən əvvəl yaxşı-yaxşı düşünərdi. İndi Azərbaycanın ən yaxşı bu ali məktəbi tezliklə ikinci Texniki Universitet olacaq. Bunu görə də təhsil naziri Mikayıl Cabbarov məsuliyyət daşıyır və yəqin ki, bir gün ondan da bunun hesabını soruşacaqlar.
Yuxarıda Bakı Slavyan Universitetinin binasının bayır fasadındakı "mozayka”ların saxlanılmasının nə dərəcə də lazımlı olub-olmadığına aydınlıq gətirəcəyimizi vəd etmişdik. Qeyd edək ki, bu "mozayka”lar özündə sovet ideologiyasının elementlərini daşıdığı üçün sökülməsi daha məqsədəuyğundur. İkincisi də, önəmli olan Universitet binasının bayır fasadında "mozayka”ların olub-olmaması deyil. Önəmli olan bu Universitet binasında elmin olmasıdır. İnanırıq ki, yeni rektor  Nurlana Əliyeva Bakı Slavyan Universitetində təhsilin səviyyəsini qaldırmaqla ona güvənləri şad, irad tutmağa çalışanları məyus edəcək.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü" qəzeti