​Təhsil naziri haqqında ŞOK İDDİA: İşçilərinə onu feyzbukda...

Baxış sayı:
12118

Orta məktəblərdə baş verən hadisələrdən sonra Təhsil Nazirliyinin fəaliyyəti ciddi tənqid olunur. Təhsil sahəsinin problemləri ölkə gündəminin hələ də əsas müzakirə mövzusudur. Tanınmış ictimai fəallar, nüfuzlu ziyalılar, siyasi xadimlər, partiya sədrləri də baş verənlərə görə Təhsil Nazirliyinin və şəxsən nazirin fəaliyyətini sərt təndiq edib.
Siyasətçi Razi Nurullayev "Facebook” profilində və səhifəsində Təhsil Nazirliyinin fəaliyyətini tənqid edən materialı paylaşıb. 
Yazıda təhsil naziri Ceyhun Bayramovun da məlum hadisələrə görə məsuliyyət daşıması və təhsildə olan problemlərə toxunan AXCP sədri nazirin istefaya göndərilməsinin vacibliyini də vurğulayıb:
"Hesab edirəm ki, Ceyhun Bayramovun təhsil naziri vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək. Çünki mən bu nazirin apardığı islahatların, gördüyü işlərin Azərbaycan təhsilinin inkişafına gətirib çıxaracağına inanmıram. O, təhsillə bağlı hardansa oxuyub öyrəndiklərini Azərbaycan təhsilinə necə gəldi tətbiq etmək istəyir".
Sayt yazır ki, sözügedən yazıdan sonra nazirlikdə həm R.Nurullayevin səhifələri, həm də bu mövqeni işıqlandıran Cebhe.info xəbər portalı birbaşa nəzarətə götürülüb. Əsas diqqətçəkən məqam nazirin özünümüdafiə kampaniyası təşkil edərək təhsil işçilərinə (məktəb direktorları, direktor müavinləri və digər təhsil işçiləri – müəl.) onu tərifləməyi tapşırtmasıdır. R. Nurullayevin "Facebook" sosial şəbəkəsindəki profilinə baxanda bunu aydın görmək mümkündür. Onun dostluğunda olmayan adamlar - məktəb direktorları və təhsil işçiləri - profilə daxil olub paylaşılan yazının altında nazirə tərif yağdırırlar.
Onun səhifəsində isə başqa vəziyyətdir. Burada adi vətəndaşların rəyləridir. Həmin şərhlərdə vətəndaşların fikri təhsil işçilərinin mövqeyindən tamamilə fərqlidir. Ölkə vətəndaşları Razi Nurullayevin gündəmə gətirdiyi problemləri təsdiqləyir, təhsil sistemində olan digər neqativ halları qabardır.
Sayt yazır ki, nazirin vəzifəsi özünümüdafiə kampaniyası təşkil etmək deyil. Nazir rəhbərlik etdiyi sahənin inkişafına, problemlərin aradan qaldırılmasına, ehtimal olunan neqativ halların qarşısını almağa məsuldur. Nazirlikdə isə vəziyyət tamamilə fərqlidir. Nazir Ceyhun Bayramov vətəndaşların səsləndirdiyi, gündəmə gətirdiyi problemləri aradan qaldırmaq əvəzinə özünü müdafiə etdirməyi və sistemi bu prosesə cəlb etməyi üstün tutur. Yəni problemi həll etməkdənsə, qüsuru göstərən aynanın sındırılmasını daha vacib bilir. Ancaq qüsurları gizlətməklə hara qədər getmək olacaq? Müəllimləri, təhsil işçilərini ÖZÜNÜMÜDAFİƏyə cəlb etməklə ictimaiyyətə cavab vermək olarmı? Axı məktəb əksəriyyətimizin birbaşa bağlı olduğu məkandır. Onsuz da burada nə baş verirsə, ictimaiyyət anında, medianın iştirakı olmadan da xəbər tutur. Bu faktları gizlətməkdənsə, üstünü örtməkdənsə, ictimai müzakirəyə çıxarmaq, təhsil ekspertlərinin, təcrübəli pedaqoqların rəyini eşitmək və buna uyğun addımlar atmaq, tədbirlər görmək mümkündür. İndiki idarəetmə metodları ilə təhsildə illərdir yığılıb qalan problemləri həll etmək mümkün deyil. Təhsil sistemində olan problemlərin gündəmdən düşməməsinin başlıca səbəbi də məhz idarəetmədə müşahidə olunan qeyri-peşəkarlıqdır./Cəbhə.info