“TƏHSİL HAQQINDA” QANUNDA ŞOK DƏYİŞİKLİK! – Universitetlərə imtahansız qəbul aparılacaq!

Baxış sayı: 168

Azərbaycanda “Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir. Bu dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.
A.Mollazadə kursların ödənişli nəzərdə tutulduğunu deyib.
Deputat dəyişikliyin əleyinə olduğunu vurğulayıb:  “Bu dəyişiklik imtahandan uğursuz nəticə əldə edən insanlar üçün universitetlərə qəbul olmaq imkanı yaradır. Mənə elə gəlir ki, bu dəyişiklik ali məktəblərin təhsil səviyyəsini aşağıya endirir. Ona görə də bu dəyişikliyin əleyhinəyəm”.
Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.
“AzPolitika.info”nun məlumatına görə, “Təhsil haqqında” Qanunda belə dəyişikliyin edilməsi bir müddətdir ki, müzakirə olunur. Buna  səbəbi kimi, Azərbaycandan imtahansız qəbul həyata keçirən Türkiyə və Ukrayna universitetlərinə kütləvi axının olması göstərilir. Hökumət təhsil üçün ölkədən külli miqdarda valyutanın xaricə çıxarılmasından narahat olduğundan, universitetlərə imtahansız qəbul aparmaq üçün “yaşıl işıq” yandırmaq niyyətindədir.
Qeyd edək ki, universitetlərin nəzdində yaradılacaq müvafiq hazırlıq kursları pullu olacaq. Ona görə də, bu hazırlıq kurslarından əsasən imkanlı ailələrin övladları yararlana biləcək.
Belə bir dəyişikliyin həyata keçirilməsi universitetlərin maliyyə imkanlarının yaxşılaşmasına müsbət təsir etsə də, bu prosesin ölkədə ali təhsilə ağır zərbə vuracağından ehtiyatlananları haqsız saymaq mümkün deyil.  Xüsusən imkanlı ailələrin övladlarını hazırlıqda “oxudaraq” universitetlərə yerləşdirib, sonra da diplom alacaqlarını istisna etmək olmaz. Ona görə də, belə bir dəyişiklik həyata keçirilərsə, şəffaflığın necə təmin olunacağı da ictimaiyyətə açıqlanmalıdır(modern.az).