Təhsil haqqına görə 7 min tələbə universitetdən imtina edib

Baxış sayı:
8911

Təhsil eksperti problemin dünyada və Azərbaycanda həlli yollarından danışdı 
AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu günlərdə təhsil kreditinin verilməsi məsələsini gündəmə gətirib. Belə ki, baş redaktor sosial şəbəkədə  hansısa tələbənin magistratura imtahanında uğur qazansa da, təhsil haqqını ödəyə bilmədiyini diqqətə çatdırıb. 
“Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir. Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir. 
İndi bir fakültə dekanının fikirlərini də oxudum: “İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!!!” Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət verilməlidir. Dövlət təhsillə bağlı çox addımlar atıb. - baxmayaraq ki, universitetlər belə tələbələrdən ilk təhsil haqqını bir dəfəyə yox, hissə-hissə tələb edə bilər. Bəlkə bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxslər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından imtina edənlər niyə olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd, etinasız olmuşuq?!”, - deyə o qeyd edib.
Qarşıdan Qurban bayramının yaxınlaşdığını xatırladan baş redaktor imkanlı, inanclı şəxslərə müraciət edib:
“Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. “Qoyunları sıraya düzüb cənnətə yol axtarınca” bu tələbələri sevindirib savab qazanın! Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır! Buyurun zənginlərimiz!  Qurbanlarınız mübarək!” - deyib.
Baş redaktorun bu müraciətinə tanınmış ictimaiyyət nümayəndələri, o cümlədən deputat Fazil Mustafa da qoşulub. O, təhsil kreditlərinin verilməsi məsələsini xüsusi vurğulayıb: “Rəşad Məcid təhsil kreditinin verilməsi məsələsini aktuallaşdırdı, tam dəstəkləyirəm - baxmayaraq ki, Milli Məclisdə dəfələrlə deputat həmkarlarımız mövzunu diqqətə gətirib, ancaq reallaşması mümkün olmayıb. Bəlkə bu sayaq ictimai hərəkətlənmə sayəsində hökumətimiz mövzunu bir daha gündəmə çıxara və imkan verməyə ki, maddi çətinlik ucbatından kimsə təhsildən kənarda qalsın”.
Tanınmış hüquqşünas Sahib Məmmədov isə qeyd edib:
“Dövlət bu halda ən azı faizsiz və uzunmüddətli tələbə krediti verilməsini təmin edə bilər. Bu, o qədər də böyük vəsait etməyəcək. Bu xərc həm istər pul, istərsə də digər şəkildə geri qayıdacaq. Bəlkə bir təşəbbüs göstərək?” 
Qeyd edək ki, ölkəmizdə uzun illərdir ki, çoxlu sayda imkansız tələblərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etdiyinin şahidi oluruq. Statistikaya görə, son 5 ildə təxminən 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, universitetdən imtina edib.  Araşdıranda məlum olur ki, hazırda ölkəmizdə universitetlərin ixtisas üzrə ortalama təhsil haqqı minimum 2 min manatdır. Bu rəqəm 6500 manata qədər davam edir. 
Ölkədə hazırda yalnız 2015-ci ildən fəaliyyətə başlayan “Maarafiçi” Tələbə Kredit Fondu var ki, bu fond da bu günə qədər yalnız 247 təhsil krediti müqaviləsini imzalayıb. Qurum QHT kimi fəaliyyət göstərir, özünün özəl büdcəsi yoxdur, vəsaiti verən isə yalnız fonda üzv olan universitetlərdir. 
Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır: “Təəssüf ki, bu günə qədər onların 30 faizi ödənişsiz əsaslarla oxuyurdusa, 70 faizi ödənişli oxuyurdu. Bu da olduqca yüksək rəqəmdir. Ölkə prezidentinin 2019-cu ildə imzaladığı sərəncama əsasən artıq qəbul imtahanlarından sonra plan yerlərinin 30 faizi deyil, bu ildən etibarən 45 faiz ödənişsiz olacaq. 2020-ci ildə ümumi plan yerinin 50 faizinin ödənişsiz olması nəzərdə tutulur. Ölkə prezidentinin 2013-cü ildə imzaladığı “Təhsilin inkişafı üzrə Dövlət Stategiyası”na görə, təhsilin əhatə dairəsi genişlənməli, ali təhsilin əlçatımlığı təmin olunmalıdır. Bunun üçün isə qeyd olunan problem aradan qaldırılmalıdır. Ən azından pulsuz təhsil yerlərinin sayı artmalıdır ki, tələblər ali təhsil ala bilsin, təhsillərini yarımçıq qoymasın. Artıq bu ildən hər qəbulda 21 min tələbə pulsuz təhsil ala biləcək. Amma digər kateqoriyaya aid tələbələr var ki, onlar da ödənişli əsaslarla ali təhsil qəbul olunsalar da, təhsil haqlarından azaddırlar. Bunlar milli qəhrəman övladları, I, II qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olan gənclər, hər iki valideyni əlil olan (I, II qrup) gənclərdir. Bu kateqoriyanı daha da genişləndirmək olar və buna böyük ehtiyac var. Çünki Azərbaycanda ali təhsil alanların sayı azdır. Bu gün vətəndaşlarımızın yalnız 17 faizi ali təhsillidir və bu da olduqca aşağı rəqəmdir və qəbul edilmiş normadan aşağıdır. Normaya əsasən ölkə vətəndaşlarını ən azı 30 faizi ali təhsilli olmalıdır ki, ölkədə xidmət sektorunun, rəqabətli iqtisadiyyatının formalaşmasına müsbət təsir göstərsin”.
Ekspert problemdən çıxış yolu barədə də danışdı: “Problemdən çıxış yolu təkcə pulsuz yerlərin artırılması deyil, bu, həm də dövlət büdcəsinə əlavə yükdür. Təsəvvür edin, bu il 8 min pulsuz yerinin artırılması dövlət büdcəsinə 90 milyon manatdan çox əlavə yük hesabına başa gələcək. Bunun üçün yaxşı olardı ki, təhsil müəssisələri təhsil haqlarını aşağı salsın. Həmçinin təhsil haqlarının ödənilməsi ilə bağlı şərtlərə güzəştlər etsinlər. Yaxşı olardı ki, ödənişlə oxuyacaq şəxslərdən il başlayan kimi ödəniş alınmasın, müəyyən güzəştlər edilsin. Təhsil haqlarının hissə-hissə ödənilmə mexanizmi dünyanın bir çox ölkələrində təsdiq olunub. Bu mexanizmə əsasən tələbə bir semestrin pulunu ödəyir. Əgər təhsil onu qane etməzsə ikinci semestrin pulunu ödəmir, ya fakültəsini, ya da universitetini dəyişir. Ikinci bir məsələ güzəştli tələbə kreditlərinin verilməsidir. Kimlər ki, aztəminatlı ailələrdir, onlara güzəştli, faizsiz kreditlər verilir. Məsələn, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edir. ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Azərbaycanda isə təəssüf ki, bu geniş forma almayıb. Düşünürəm ki, tələbələrə daha geniş tələbə krediti verməklə bu problemi çözmək olar”./musavat.com