Təhqiqatla bağlı ABŞ-ın baş prokuroru ifadə verəcək...

Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı təhqiqat: ABŞ-ın baş prokuroru ifadə verəcək...
 
ABŞ-ın baş prokuroru Cef Seşns bəyan edib ki, o, Senatın xüsusi kəşfiyyat komitəsinin gələn həftə keçiriləcək iclasından əvvəl ifadə verəcək. Lakin onun açıq və ya qapalı iclasda ifadə verəcəyi məlum deyil.
Seşns bundan əvvəl planlaşdırırdı ki, açıq iclasda ədliyyə departamentinin büdcəsi barədə danışacaq. Lakin indi isə vəziyyət dəyişdi və bu həmlə onu birbaşa Rusiyanın Amerikadakı səfiri ilə əlaqələri və 2016-cı ildəki seçkilərə Rusiyanın müdaxiləsini araşdıran federal təhqiqatın sualları ilə qarşı-qarşıya qoyacaq.
Seşnsin gələn həftənin çərşənbə axşamı (13 iyun) Palata və Senatın subkomitələri qarşısında departamentin büdcəsi barədə hesabat verəcəyi planlaşdırılmışdı, lakin onun əvəzinə müavini Rod Rosensteyn danışacaq. Seşns bu barədə subkomitələrə məktubla bildiriş göndərib.
"Bəzi üzvlər açıq şəkildə bəyan ediblər ki, onlar Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı suallar verəcəklər. Bu isə mənim çəkildiyim işdir və hazırda xüsusi müşavir bu işin təhqiqatını aparmaqdadır. Bu kimi məsələlər üçün Senatın xüsusi kəşfiyyat komitəsi daha uyğundur və təhqiqat aparır. Bu səbəbdən mənim əvəzimə müavinim iclasda çıxış edəcək", - deyə o, məktubda yazıb.
 Seşnsin təhqiqatdan çəkilməsinin səbəbi onun Rusiya səfiri ilə görüşlərinin aşkar edilməsi olmuşdu. Səbəbi üç ay bundan əvvəl "Washington Post"un onun seçki kampanyası ərəfəsində Rusiya səfiri ilə iki dəfə görüşdüyünü aşkar etməsi olmuşdu.
CNN-nin daha sonra verdiyi məlumata görə, üçüncü görüşün olub-olmamasını Konqres təhqiqatçıları araşdırır.
Keçən həftə açıq dinləmədə ifadə verən sabiq FTB rəhbəri Ceyms Komi də o zaman Alabama ştatının senatoru olan Seşnsin ruslarla əlavə əlaqələrinin ola biləcəyini dedi. CNN-nin verdiyi məlumata görə, daha sonra qapalı dinləmədə Komi Seşnsın Rusiya səfiri Serqey Kişlyakla üçüncü görüşməsinin ola biləcəyi barədə məlumatı aldığını təhqiqatçılara deyib. Lakin federal təhqiqat bunu təsdiq etməyib və Ədliyyə Departamenti isə görüşün olmasını rədd edib.
Ədliyyə Departamentinin mətbuat katibi Sara İsqur Flores açıqlama verib ki, departament təhqiqatı aparmaq üçün xüsusi müşavir kimi Robert Mulleri təyin edib və o, bu işlə məşğul olur. Katib Flores, Seşnsin heç bir Rusiya rəsmisi ilə "Mayflower" otelində görüşünün olmadığını bir daha vurğulayıb.
Baş verən hadisələrdən sonra Senatın xüsusi kəşfiyyat komitəsi baş prokuroru dinləmələrə dəvət etmişdi və dünən Seşns dəvəti qəbul etdiyini bəyan edib. Ona həm Rusiya təhqiqatı, ondan çəkilməsi, həm də FTB-nin sabiq rəhbəri Ceyms Kominin işdən çıxarılmasına hər hansı müdaxiləsinin olub-olmaması barədə sualların veriləcəyi gözlənilir.