“TƏHQİQAT ŞÖBƏSİNİN RƏİSİ MƏNDƏN 15 MİN MANAT RÜŞVƏT İSTƏYİR” - Ağcabədi sakini Ramil Usubova müraciət etdi

Ağcəbədi rayon Rəncbərlər kənd sakini Qəhrəmanov Dəmir Dərgah oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımızı vasitəsilə Daxili İşlər naziri Ramil Usubova müraciət edən müəllif bildirir ki, Ağcəbədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov ondan 15 min manat rüşvət istəyir:
“Mən halal zəhmət adamıyam, öz əlimin qabarı ilə çörək qazanıram, amma Elnur Yusubov vəzifə səlahiyyətlərindən istifadə edib, rayonda onlarla mənim kimi vətəndaşı çapıb talayır.
Mən kəndimin yanındakı çöl sahəsində mal-heyvan saxlamaqla məşğulam. Ağcəbədi rayon Polisi Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov mənim mal-heyvanlarıma göz dikib, fitnə-fəsad yolu ilə əlimdən almaq istəyir. Elnur Yusubovun mənsub olduğu mütəşəkkil dəstə adamları öyrədərək sahibkarların, ferması olanların, mal-heyvan saxlayanların üstünə salır, onları şərləyir saxta cinayət işi açır, insanların var-dövlətini əlindən alır, bu yolla külli miqdarda var-dövlət əldə edərək varlanırlar.
Elnur Yusubovun öyrətdiyi Quliyev Hikmət Qənimət oğlu mal-heyvanlarını yerimə salıb otarır, deyir ki, bu yer mənimdir. Mən ona iradlarımı bildirdikdə məni söyür, təhqir edir, maşınla mal-heyvanı vurur, mənə yumruq atır, öldürməklə hədələyir. O, bu işləri ona görə edir ki, mən onu vurum və mənə cinayət işi açılsın. Mən dəfələrlə 102-yə zəng vurmuşam, heç bir reaksiya verilmir. Maraqlıdır ki, sonuncu dəfə 102-yə zəng edəndə Təhqiqatın rəisi həmin Elnur Yusubov Hikmətə zəng edib bildirdi ki, bu adam sizdən zəng edib, təcili ordan çıxıb gedin.
Quliyev Hikmət Təhqiqatın rəisi Elnur Yusubovun məxsus olduğu mütəşəkkil dəstə ilə əlbir olduğundan, şantajçı polis işçilərinə pul qazandırdığından rayonda at oynadır, hər gün içkili vəziyyətdə yüksək sürətlə maşın sürür, kimi gəldi söyüb təhqir edir, döyür. Heç bir sürücülük vəsiqəsi olmadığı halda maşın sürür və Yol Polisinin onun ilə heç bir işi olmur. Axırıncı dəfə içkili vəziyyətdə maşını mənim mal-heyvanımın üstünə sürüb, inəyimi vurub. Oğlum ona etiraz etdikdə isə, oğlumu yumruqla vurub. Biz hadisə yerinə gəldik, Polisə şikayət ərizəsi yazdıq, lakin yenə də bizim ərizəmizə baxılmadı. Əksinə, Təhqiqatın rəisi Elnur Yusubov Quliyev Hikməti çağırıb izahatını aldı ki, guya oğlum onu çubuqla vurub. Quliyev Hikmətə cinayət işi açmaq əvəzinə, mənim oğlumu günahkar çıxardılar. İndi həmin situasiyaya görə Təhqiqatın rəisi Elnur Yusubov məndən nə az, nə çox, 15 min manat pul istəyir. Deyir ki, həmin pulun 10 mini Quliyev Hikmətə, qalan 5 mini isə mənə çatacaq.
Quliyev Hikmət fermerdir, pullu adamdır, boy-buxunu da 2 metrə yaxındır, mənim oğlum onu heç bir vəchlə vura bilməzdi, çünki oğlum arıq, sısqa adamdır. Oğlum bədəncə özündən 3, ya 5 dəfə böyük adamı necə döyə bilərdi? 1 həftədir ki, oğlum əsgərliyə gedib, Vətənə xidmət edir, amma Elnur Yusubov ona cinayət işi açıb məndən 15 min pul tələb edir. Pulu gecikdirdiyimə görə Elnur Yusubov Quliyev Hikməti öyrədib üstümə salıb. Quliyev Hikmət məni hədələyir ki, öldürəcəm. Qorxumdan evdən çölə çıxa bilmirəm.
Onlar 15 min manatı məndən ona görə istəyirlər ki, elə mənim saxladığım mal-heyvanın qiyməti 15 min edir. Təhqiqatçı Elnur Yusubov 15 min pulu məndən otağında 2 şahidin yanında istədi. İndi də tez-tez çağırtdırır ki, gəl, pulu gətir. Mən 10 ildi mal-heyvan saxlayıram, yayda qızmar istidə, qışda isə qarda-çovğunda çöldə mal-qoyun otarıram, içimi soyuq alıb. Tək mən deyiləm, rayonda kim mal-heyvan saxlayıb artırır, onu bu cür iyrənc üsulla şərləyib var-dövlətini əlindən alırlar.
Xahiş edirəm ki, soyğunçuların məni və mənim kimi halal zəhmət adamlarını şərləyərək talan etməsinin qarşısını alın.

Muxalifet.az

Redaksiydan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.