​“Televiziyanın ən böyük problemi peşəkarlığın, ləyaqətin, vicdanın olmamasıdır” – Qulu Məhərrəmli

Baxış sayı:
10657

Son zamanlar Azərbaycanda fəaliyyət göstərən telekanallar sərt şəkildə tənqid edilir. Belə ki, televiziyada yayımlanan verilişlərdə baş verən neqativ hadisələr, qalmaqallar tamaşaçıları Azərbaycan televiziyalarından uzaqlaşdırıb. Bununla yanaşı telekanallarda yayımlanan verilişlərə çıxarılan şəxslərin cinayətkar olduqları üzə çıxmağa başlayıb.
Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi, insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü, 1957-ci il təvəllüdlü Xudadatov Vahib Fəxrəddin oğlu, eyni zamanda prokurorluğun yaydığı məlumatda dərman mafiyasının əlbir olduğu bir neçə həkimin saxlanılıb. Saxlanılanlar arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. Bu şəxsləri birləşdirən cəhət isə onların hər birinin Azərbaycan telekanallarında məşhurlaşması, ATV telekanalında yayımlanan, Zaur Baxşəliyevin verilişində üzə çıxmalarıdır.
Bu gün isə tanınmış stilist İntuşun (İntizam Yusifov) yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyinə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmasına dair məlumat yayılıb.
Telekanalların belə cinayətkarları məşəhurlaşması, dolayısı yolla onları evimizə dəvət etməsi niyə cəzasız qalıb, burada məsuliyyəti kimlər daşıyır, bu kimi hallarla bağlı kimlər tədbir görməlidir?
Bizimyol.info-nun sualını cavablandıran media eksperti Qulu Məhərrəmli qeyd edib ki, efir məkanında baş verənlərə görə birbaşa məsuliyyəti televiziya rəhbərləri daşıyır:
“O yerdə ki, məqsəd cəmiyyətə xidmət etməkdir, o zaman məzmunu, mahiyyəti önə çəkir televiziya kanalları, o yerdə ki, məqsəd pul qazanmaqdır o zaman bu məzmun, bu əxlaq, bu mənəviyyat arxa plana keçir. Həkim verilişləri mahiyyətcə lazımlı verilişlərdir, insanlar sağlamlığına qovuşsun, onlara kömək olsun amma məqsəd bu deyil. Məqsəd hansısa, kiməsə məxsus olan tibbi qurumları təbliğ etməkdir. Məqsədləri pul qazanmaqdır. Eləcə də başqaları.
Efir bir zamanlar əxlaq, mənəviyyat tribunası idi, insanlar bununla davranışı, mədəniyyatı, əxlaqı öyrənirlər. Hazırda efirlər məişət səviyyəsindən də aşağı düşüb. Buna isə birbaşa olaraq televiziya rəhbərliyi cavabdehdir. Həmin verilişlərə rəhbərlik edən prodüsserləri, baş redaktorları cabahdehdilər. Bunlar nəzarət etmədiyi üçün mənəviyyatca şikəst olan insanlar cəmiyyətin aparıcı simalarına çevriliblər. Bu isə yolverilməzdir”.
Quli Məhərrəmli qeyd edib ki, efir məkanında baş verənləri aradan qaldırmaq üçün senzura yox, cərrahi müdaxilə lazımdır:
“MTRŞ yayım siyasətinə qarışa bilmir, televiziyalar isə efirlərə cəmiyyətin aparıcı, ziyalı insanlarını deyil, başqa şəxsləri dəvət edirlər. Ona görə ki, onların qəhrəmanları elə efirə çağırdıqları insanlardır… Cəmiyyətin mənəvi, əxlaqi dəyərləri tapdalanır, belə davam edərsə bu durum getdikcə dərinləşəcək. Bu səbəbdən də dərhal cərrahi müdaxilə etmək lazımdır, başqa cür mümkün olmayacaq.
Sovet dönəmində olan senzura indi də var, amma əvvlki funksiyasını yerinə yetirmir. Bunlar deyirlər ki, efirdə siyasi mövzular olmasın, amma xalqı, onun dəyərlərini aşağılayan nə olursa olsun. Televiziyaların problemi senzuranın olub-olmaması deyil. Televiziyanın ən böyük problemi peşəkarlığın, ləyaqətin, vicdanın olmamasıdır. televiziyalar mədəniyyət, mənəviyyat hadisəsidir, amma bəziləri onu mənəviyyatsızlıq hadisəsinə çevirib. Hər kəs öz işini görməlidir, vicdanlı yanaşma olmalıdır, auditoriya qarşısında məsuliyyət hiss edilməlidir. Baxın, televiziyalara kimlər rəhbərlik edir, onların xalqa nə dərəcədə dərin bağlılıqları var? Təkrar edirəm, bu məsələlər cərrahi yolla həll olunmalıdır, inzibati qaydada tədbirlər görülməlidir”.