Tehranı Dağlıq Qarabağ ətrafında hansı məsələ təşvişə salıb: İSRAİLİN ARTAN NÜFUZU, YOXSA...?

Politoloq: “İran dövlətinin marağındadır ki, Dağlıq Qarabağ problemi ATƏT-in Minsk Qrupu çərçivəsində deyil, regional səviyyədə həll olunsun”
 
“İran istəmir ki, Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın nəzarətində olan hərbçilər İran sərhədləri yaxınlığında yerləşdirilsin. İran bunu özü üçün təhlükə hesab etdiyinə görə bu cür xarici müdaxilələri, xüsusən də regionda olmayan güclərin regiona müdaxiləsini qəbul etmir”.
Bu sözləri politoloq Natiq Miri İran parlamentinin sədri Əli Laricaninin Dağlıq Qarabağ münaqişəsi məsələsinə İsrailin müdaxiləsi ilə bağlı bəyanatını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
Xatırladaq ki, İran parlamentinin sədri Əli Laricani Seulda, Avrasiya ölkələri parlament spikerlərinin hər il keçirilən toplantısı çərçivəsində Ermənistan parlamentinin spikeri Ara Babloyanla görüşündə Dağlıq Qarabağ mövzusundakı çıxışı zamanı bildirib ki, İran İsrailin Qarabağ konfliktinin nizamlanmasında hər hansı şəkildə iştirakının qəti əleyhinədir və Təl-Əvivin Qarabağ münaqişəsinin həllində iştirakı neqativ nəticələr doğuracaq. İranın bu şəkildə ultimativ  bəyanatını necə dəyərləndirmək olar? İran bu bəyanatla bölgədə söz sahiblərindən biri olmasını nümayiş etdirir, yoxsa doğurdanda İsrailin bu və ya digər şəkildə Qarabağ probleminin həllində iştirakı gözlənilir və bu da Tehranda təlaş yaradır?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib.
 Natiq Miri: “Düşünmürəm ki, İsrail bu və ya digər şəkildə Qarabağ probleminin həllində iştirak etsin”.
Dağlıq Qarabağ münaqişəsində İsrailin müdaxiləsinin reallığı əks etdirmədiyini bildirən politoloq Natiq Miriyə görə, bu məsələdə İsrailin  təsir imkanları çox zəifdir:
“Bu məsələyə İranın İsrailə münasibəti kontesktində yanaşmaq lazımdır. Çünki İsrail İran tərəfindən tanınmamış və düşmən ölkə olaraq qəbul edilir. İran dövləti  İsrailin hər an yer üzündən silinməsi üçün ciddi mənada fəaliyyətdədir. Ona görə də İsrail kimi düşmən dövlətin İranın qonşu olduğu və müəyyən mənada bilavasitə  aidiyyatı olduğu regional münaqişəyə müdaxiləsi İran üçün arzuolunan deyil. Ayrıca, İranın sərhədində İsrailin bu cür fəaliyyətləri İran dövləti tərəfindən müəyyən mənada təhlükə olaraq qəbul edilir. İran dövlətinin marağındadır ki, Dağlıq Qarabağ problemi ATƏT-in Minsk Qrupu çərçivəsində deyil, region səviyyədə həll olunsun. Yəni, bir növ İranın iştirakı və vasitəçiliyi ilə  Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Çünki ATƏT-in Minsk Qrupu çərçivəsində gələcəkdə sülhməramlı qüvvələrin regiona yerləşdirilməsi məsələsini İran heç cürə qəbul edə bilir. Xüsusilə də İran istəmir ki, Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın nəzarətində olan hərbçilər İran sərhədləri yaxınlığında yerləşdirilsin. İran bunu özü üçün təhlükə hesab etdiyinə görə bu cür xarici müdaxilələri, xüsusən də regionda olmayan güclərin regiona müdaxiləsini qəbul etmir. Ona görə də Əli Laricaninin açıqlamasını bu kontekstdə dəyərləndirmək laızmdır.
Düşünmürəm ki, İsrail bu və ya digər şəkildə Qarabağ probleminin həllində iştirak etsin. Ola bilsin ki, bu fikir siyasi manipulasiya məqsədi ilə ortalığa atılıb. Çünki İsrail  bu münaqişəyə ciddi mənada təsir edəcək region və yaxud qlobal güc deyil. Həmçinin İsrailin Ermənistana təsir imkanları da böyük deyil və nəhayət, İsrailin bu münaqişənin yaradıcısı olan Rusiya kimi dünya gücünü bu prosesdə necə neytrallaşdıracağı bir çox suallar yaradır. Bu baxımdan hesab etmirəm ki, İsrail münaqişəyə müdaxilə edə və yardımçı ola bilər”.
Gülşən ŞƏRİF
pia.az