TEHRAN-BAKI MÜNASİBƏTLƏRİNİ KORLAMAĞA YÖNƏLMİŞ ERMƏNİ TƏXRİBATI - Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?

Baxış sayı:
3636

İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin komandiri, general Qasım Süleymaninin ABŞ tərəfindən Bağdadda öldürülməsindən istifadə edərək erməni xüsusi xidmət orqanları Azərbaycanla İran arasında münasibətləri korlamağa yönəlmiş primitiv cəhdlər edir. Belə ki, ermənilərə bağlı bəzi internet saytlarında Qasım Süleymaninin öldürülməsi əməliyyatında amerikalıların buraxdığı raketləri hədəfə guya Azərbaycandan qalxan pilotsuz təyyarənin yönləndirildiyi iddia edilir. 

Əslində bu o qədər primitiv və absurd iddiadır ki, heç əhəmiyyət verməyə dəyməzdi. Lakin regionda yaranmış indiki həssas durumda, İran xalqının indiki emosional durumu da nəzərə alınarsa, erməni xüsusi xidmət orqanlarından qaynaqlandığı şübhə doğurmayan bu təxribat iki qonşu ölkənin münasibətlərini korlamağa çalışan dairələrin əlində alətə çevrilə bilər.

Virtualaz.org bu təxribat cəhdi ilə bağlı Azərbaycanın hakimiyyət hərbi-siyasi dairələrinin mövqeyini öyrənib. Bu dairələrdən bildiriblər ki, Azərbaycanın adını növbəti dəfə İrana qarşı hansısa əməliyyatlarda hallandırmaq cəhdləri tamamilə absurddur və belə cəhdlər primitiv, açıq-aşkar saxta, yəni “feyk xəbərlər” üzərində qurulub.

Rəsmi Bakı bundan əvvəl də dəfələrlə Azərbaycanın adının xarici mənbələrdə İrana qarşı hansısa kəşfiyyat xarakterli əməliyyatlarda, yaxud diversiyalarda hallandırılmasına birmənalı mövqeyini bildirib. Azərbaycanın öz ərazisindən İrana qarşı üçüncü ölkələrin istifadəsinə heç vaxt icazə vermədiyini bəyan edib. Vurğulanıb ki, Azərbaycan İranla dost, tərəfdaş ölkədir, iki ölkə arasında xeyirxah qonşuluq münasibətləri mövcuddur.

İndiki halda isə Azərbaycanın general Süleymaninin öldürülməsi əməliyyatında hər hansı rolunun olduğunu iddia etmək tamamilə absurddur, primitiv təxribatdır. Ona görə ki, İran generalı Dəməşq aeroportundan Suriyanın özəl hava yolları şirkətinə məxsus təyyarədə Bağdada uçub və onun barəsində məlumatın amerikalılara Dəməşq aeroportundakı agent tərəfindən ötürüldüyünü artıq nüfuzlu ABŞ KİV-ləri öz ölkələrinin hərbi-kəşfiyyat strukturlarına istinadən yazıblar. O cümlədən Bağdad aeroportunda da Süleymaninin gəlişini xəbər verən agentlər olub. Habelə əməliyyatın Qətərdəki Amerika bazasından idarə edildiyi, pilotsuz təyyarələrin İraqdakı ABŞ aviabazasından qalxdığı da bəllidir. O da açıqlanıb ki, əməliyyata İsrailin “Mossad” kəşfiyat xidməti də dəstək verib.

Süleymaninin öldürülməsində “Hellfire” adlı hədəfi yüksək dəqiqliklə vuran məxfi Amerika raketlərindən istifadə olunub ki, bu raketlər pilotsuz təyyarələrdən buraxılandan sonra onları hədəfə yönləndirməyə ehtiyac yoxdur. “Hellfire” özü lazım olan hədəfi axtarıb tapır və heç vaxt hədəfdən yayınmır.

Nəticədə nəzəri olaraq  Azərbaycanın bu əməliyyatda iştirakı üçün heç bir imkan, variant qalmır və deməli erməni xüsusi xidmət orqanlarının kütbeyincəsinə hazırladıqları bu təxribata ağlı başında olan kimisə inandırmaq da mümkün deyil.