Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstə aşkarlandı - Ailəsi və həkimlər karantinə alındı / FOTOLAR

Baxış sayı:
1018
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında başqa bir səbəbdən yatan xəstədə koronavirus aşkarlanıb.
Öncədən bu barədə məlumat olmadığı üçün klinika xəstəni müalicə üçün palataya alıb, ona həkim və tibb personalı xidmət edib, ailəsi yanında olub.
Medicina.az xəbər verir ki, bu gün klinkada qadının təxliyəsini çəkən şahid bildirir ki, qadının koronaviruslu olması aşkarlanandan sonra onu müalicə edən həkimlər, tibb işçiləri, ailəsi, övladları da müayinə olunub və artıq bir çox insanda koronavirus aşkarlanıb. Hadisə ilə bağlı klinikanın işçi heyəti və digər xəstələr arasında panika yaranıb.
Videoda qadını xüsusi qoruyucu geyimli şəxslərin həyəcanlı şəkildə xərəkdə sürüməsi və xəstənin ardıyca ailə üzvlərinin çıxması görülür. Xəstənin ardıyca çıxan tibb işçisi qadının isə maskasız olması diqqət çəkir.
Klinikadan ətraflı açıqlama almağa çalışsaq da, heç bir telefon, hətta ümumi qaynar nömrələri də cavab vermədi
Qeyd edək ki, bu gün günorta bir neçə şəxs Tədris Cərrahiyyə klinikasının xəstə qəbulunu dayandırması barədə məlumat versə də məsələni dəqiqləşdirmək mümkün olmamışdı.
Hadisə digər mərtəbələrdə olan şahidlər tərəfindən videoya alınıb və videonu əldə edən kimi təqdim edəcəyik
 
 
Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova xəbərin həqiqətə uyğun olmadığını bildirib.
"Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstənin olması və Klinikanın Kardiologiya və Urologiya şöbəsinin bağlanması ilə bağlı məlumat yayılıb. Klinika iş fəaliyyətini davam etdirir. Bildirmək istəyirik ki, Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasientlərdən biri xarici ölkədə olduğu üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib. Hər ehtimala qarşı həmin xəstə ilə təmasda olan bütün tibbi personal müayinədən keçirilib. Həmin şöbələrin olduğu mərtəbə bağlanılıb və şöbə başqa mərtəbələrə köçürülüb. Həmin şöbədə dezinfeksiya işləri bir daha aparılıb. Hal hazırda klinika öz fəaliyyətini davam etdirir", - deyə o, qeyd edib.