“Təcili səfərbərlik elan olunmalıdır!” - Ermənistan XİN-in bəyanatına Bakıdan SƏRT REAKSİYA

Baxış sayı:
18189

Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan Paşinyanın sərsəm fikirlərini müdafiə etməklə danışıqların perspektivini sual altında qoydu; İrəvan birmənalı şəkildə savaşı seçdi

İrəvan növbəti dəfə Qarabağ məsələsinin dinc yolla tənzimlənməsində maraqlı olmadığını nümayiş etdirib. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndidəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.

Mnatsakanyan bu haqda İrəvanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb. Paşinyan avqustun 5-də Xankəndidə demişdi: “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”

“Ermənistanın baş naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi - red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”,-Mnatsakanyan bildirib. Nazir iddia edib ki, Ermənistan XİN əvvəlki bəyanatlarında da Xankəndidə deyilənləri təsdiqləyib. “Deyə bilərəm ki, bizim tərəfimizdən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur”, - xarici işlər naziri əlavə edib (Virtualaz.org).
Xatırladaq ki, Paşinyanın bəyanatlarına Bakıdan sərt etiraz bildirilib, Ermənistan rəhbərliyinin Qarabağa dair təhrikedici bəyanatları münaqişə ətrafında atmosferi daha da gərginləşdirib.

Nazir jurnalistlərə açıqlamasında onu da deyib ki, Qarabağ münaqişəsinin nizamlanması ətrafında dinamika davam edir, amma tərəflər arasında dövlət başçıları, yaxud xarici işlər nazirləri arasında yeni görüşün vaxtı hələ məlum deyil.
“Sizdən xahiş etməliyəm ki, bir az səbr edəsiniz. Çünki mən prinsipial olaraq hesab edirəm ki, görüş haqda yeri və vaxtı həmsədrlər tərəfindən digər ölkə ilə razılaşdırılandan sonra elan etmək olar”, - Mnatsakanyan növbəti Əliyev-Paşinyan danışıqlarının nə zaman baş tutacağı haqda suala cavab olaraq deyib.

Hərçənd Paşinyanın Xankəndidə Qarabağı Ermənistanın tərkib hissəsi elan edib məsələyə “nöqtə qoymasından” və Mnatsakanyanın da bu təxribatçı, qızışdırıcı yanaşmanı dəstəkləməsindən sonra hansı danışıqlar prosesindən, görüşdən söhbət gedə bilər, bunu anlamaq çətindir.

Ermənistan rəhbərliyi növbəti dəfə ziddiyyətli mövqe nümayiş etdirib. Belə ki, Paşinyanın sərsəm bəyanatından sonra rəsmi Bakıdan verilən sərt reaksiyaya cavabında Ermənistan XİN iddia etdi ki, baş nazirin bəyanatı düzgün anlaşılmayıb. Ancaq üstündən bir neçə gün keçəndən sonra XİN-in başında dayanan şəxs Paşinyanın həqiqətən də bu bəyanatı verdiyini təsdiqləyir və əlavə şərhə ehtiyac olmadığını deyir. Bu mövqe isə Ermənistanın təcavüzkar siyasətdən əl çəkmək niyyətində olmadığını bir daha sübut edir. Əslində Ermənistanın Ağdam rayonu ərazisinə su kəməri çəkmək istəyi, həmçinin Ermənistandan Qarabağa üçüncü yolun çəkilməsinə hazırlıq görməsi İrəvanın siyasətinin nümayişidir. Lakin bir sıra hallarda özünün yalançı sülhpərvər bəyanatlarının arxasında gizlənən Ermənistan rəhbərliyi son zamanlar açıq şəkildə savaşın təhrikçisi rolunda çıxış edir. Maraqlıdır ki, bu sayıqlamalar Rusiyanın yüksək çinli məmurunun İrəvana ikigünlük səfərindən öncəyə və sonraya təsadüf etdi. Ekspertlərimiz də bu fikirdədir ki, rəsmi İrəvan son davranışları ilə birmənalı şəkildə savaşı seçmiş oldu.

Image result for qafar çaxmaqlı

Ermənişünas alim Qafar Çaxmaqlı Musavat.com-a dedi ki, Ermənistan XİN başçısı uruqvaylı həmkarı ilə görüşündə heç dəxli olmayan bu məsələni ortaya atıb: «Sanki həmin an bunu demək tapşırığı alıb. Fikirləşirəm ki, Paşinyanın məlum Xankəndi çıxışından sonra Ermənistan rəhbəri daha ehtiyatlı bəyanatlar verirdi və Ermənistan rəsmilərindən heç biri bu məsələyə münasibət bildirmirdi. Rusiya Təhlükəsizlik Şurasının katibı Patruşev də ötən gün Ermənistanda idi. Bundan sonra Mnatsakanyanın tələsik belə bir bəyanat verməsi göstərir ki, Patruşev heç də “Suriya məsələlərini müzakirə etməyə” gəlməyib. Rusiyanın bu bəyanatı verdirməkdə məqsədi nədir? Şimal qonşumuz guya müharibə istəmir, amma bu bəyanat açıq müharibə elanıdır və Azərbaycanın artıq başqa yolu qalmır. Təcili səfərbərlik elan olunmalıdır!”

“Ermənistanın xarici işlər naziri başqa nə deyə bilərdi? Durub ölkəsinin baş nazirinin sözlərini təkzib edəsi deyildi ki. Əslində o, Paşinyanın fikirlərini təkrarlamağa da bir az ehtiyat edib, deyib ki, bu siyasət davam edir”.

Image result for elxan şahinoğlu

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Ekspert əlavə etdi ki, biz öz tədbirlərimizi görməliyik, siyasətimizdə korrektələr etməliyik: “Mən əvvəllər də dəfələrlə yazmışam ki, biz ya danışıqlardan imtina edək, ya da başqa vasitələri işə salaq... Çünki “Qarabağ Ermənistandır”sa, danışıqlara ehtiyac qalmır”.

E.Şahinoğlu qeyd etdi ki, sentyabr ayında Paşinyanın ABŞ-a səfəri nəzərdə tutulub və orada erməni diasporu ilə görüş keçirib Xankəndidə səsləndirdiyi fikirləri müzakirə edəcək: “Paşinyan ABŞ-dakı erməni lobbisi qarşısında yenə də Xankəndidəki fikirlərini təkrarlasa və “Qarabağ Ermənistandır” desə, demək, ermənilər öz siyasətlərini dəyişirlər. O halda biz də buna uyğun olaraq öz siyasətimizi formalaşdırmalıyıq”.

Image result for Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə dedi ki, Ermənistan xarici işlər naziri Paşinyanın Qarabağdakı açıqlamasını dəstəkləməklə ilk növbədə özünün rəhbəri olduğu nazirliyi təkzib etmiş oldu: “Paşinyan Qarabağdan İrəvana qayıtdıqdan sonra Ermənistan XİN Paşinyanın belə bir ifadələr işlətmədiyini qeyd etdi. İndi Zöhrab Mnatsakanyanın həmin bəyanatı təsdiqləməsi və dəstək verməsi birbaşa Qarabağ danışıqlarında erməni tərəfinin maraqlı olmadığının göstəricisidir. Sadəcə olaraq onlar danışıqlara manipulyasiya etmək üçün qatılırlar”.

Ekspert hesab edir ki, məsələ ilə bağlı ilk növbədə ATƏT-ın Minsk Qrupuna sorğu göndərilməlidir: “Həmçinin Mnatsakanyanın fikirlərindən sonra Azərbaycan haqlı olaraq danışıqlardan geri çəkilməlidir. Bundan əlavə, erməni tərəfi çalışır ki, danışıqlardan Azərbaycan geri çəkilsin. Hesab edirəm ki, Azərbaycan artıq alternativ olaraq düşmənə lokal zərbələr endirməli və danışıqları da aparmalıdır. İlk növbədə İrəvana hərbi təzyiq əsas planda olmalıdır. Belə olmadıqda isə Ermənistan eyni avantüranı davam etdirəcək”.

Azərbaycan XİN isə hələlik İrəvandan səslənən bəyanata reaksiya verməyib. Məsələ ilə bağlı XİN-ə açdığımız telefon zənglərinə cavab verən olmadı./musavat