TƏBİB-in "pandemiya fasiləsi" yüzlərlə xəstəni çətin vəziyyətə salıb - Musa Quliyev isə susur...

Baxış sayı:
5246

"Pandemiya səbəbindən səhiyyə sektorunda bir sıra layihələrin icrası təxirə salınıb. Bu ildən icbari tibbi sığortanın ölkə ərazisində mərhələli şəkildə tətbiqi nəzərdə tutulmuşdu. Amma eyni səbədən reallaşmadı və 2021-ci ilə keçirildi. Əlillik dərəcələrinin verilməsində yaranan fasilə də bilavasitə pandemiya ilə bağlıdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əsas fəaliyyətini virusun vətəndaşlarımza təsirini lokallaşdırmağa yönəldib. Bu üzdən bir sıra islahatların və tədbirlərin növbəti ilə keçirilməsi qərarlaşdırılıb".

Bunu "AzPolitika.info saytına açıqlamasında deputat Vüqar Bayramov TƏBİB-in dializ, onkoloji və s. xəstələrəəlillik dərəclərinin verilməsi ilə bağlı müraciətləri dayandırmasını şərh edərkən bildirib.

Xatırladaq ki, adıçəkilə qurumun rəhbəri Ramil Bayramlının əmri ilə mart ayından etibarən əlillik dərəcələri ilə bağlı müraciətlərin qəbulu və Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyinə yönləndirilməsi dayandırılıb.

Qurumdan bildirilib ki, müraciətlərin nə zaman bərpası məlum deyil, əmrin icra müddətində "qeyri-müəyyən vaxta qədər" göstərilib.

Deputat bildirir ki, əlillik qruplarının verilməsi ilə bağlı fəaliyyətin bərpası vacibdir: "Bununla bağlı bizə də vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər olunur. Ümid edirik ki, TƏBİB yaxın zamanlarda bu istiqamətlərdə fəaliyyətini bərpa edəcək və genişləndirəcək. Əlbəttə, burada pandemiyanın təsirlərinin hansı müddətdə məhdudlaşdırılacağı çox vacibdir. Nə qədər tez post-pandemiya dövrünə qədəm qoyacağıqsa, o zaman bu tədbirlərin və səhiyyə sistemində yeni islahatların davam etdirilməsi mümkün olacaq. Güman edirəm ki, biz nə qədər TƏBİB-in virusa qarşı apardığı mübarizəyə dəstək olarıqsa, o zaman da sözügedən işlərin bərpası və yeni layihələrin reallaşması mümkün olar".

Parlamentin Sosial Siyasət Komitəsinin rəhbəri Musa Quliyev isə bu barədə açıqlama verməkdən imtina edib. Problemlə bağlı sualları ünvanlasaq da, deputat onları cavablandırmayıb. Halbuki, yüzlərlə dializ, onkoloji və s. ağır xəstəliklər səbəbindən əlil omuş vətəndaşların düşdüyü çətin vəziyyəti hökumət qurumları ilə müzakirə etmək bilavasitə Musa Quliyevin məsuliyyətidir. Komitə sədri isə yumşaq desək, vətəndaşların düşdüyü duruma qarşı etinasız münasibət göstərib.

Xatırladaq ki, "AzPolitika.info" saytına müraciət edən xəstələr çətin maddi vəziyyətdə olduqlarını, hökumət qurumlarından heç bir dəstək almadıqlarını bildiriblər. Onların əksəriyyəti əmək qabiliyyətini itirməklə yanaşı müxtəlif bəhanələrlə dövlətin verdiyi 190 manat birdəfəlik yardımdan da kənarda saxlanılıblar.

Elçin