“Taxta bazarı”nda son durum: Rusiyada meşə yanğınları qiymətlərə təsir edibmi? - əməkdaşımızın qeydləri

Baxış sayı:
11547

Satıcılar bildirdilər ki, burada hamı taxtanı qonşu ölkədən gətirir və...

Rusiyanın Sibir bölgəsi və şərqində ötən həftədən etibarən davam edən yanğın nəticəsində 3 milyon hektardan artıq meşə sahəsi kül olub. Bununla bağlı Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, 20 fərqli bölgədə, 500 yaşayış məntəqəsi tüstü dumanından təsirlənib və 15 min işçi bölgəyə cəlb olunub.

Bildirilir ki, Rusiyada yanan ərazi Azərbaycanın ümumi meşə ehtiyatlarından 3 dəfə çoxdur. Məlum olduğu kimi, Azərbaycana taxta idxalında əsas yeri Rusiya tutur. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edildiyindən burada sənaye məqsədli qırıntıların aparılması qadağandır. Bu qadağa Meşə Məcəlləsində öz əksini tapıb. Ümumilikdə ölkə meşələrinin 85 faizi dağlıq, 15 faizi aran zonasındadır. Dağlıq ərazilərdə olan meşələrin də 70 faizini dikliyi 30 dərəcədən yuxarı olan meşələr təşkil edir. Mütəxəssislər bildirirlər ki, belə ərazilərdə də, ümumiyyətlə, qırıntıların aparılması qadağandır. Dünyada qəbul edilən normaya görə, dikliyi 30 dərəcədən çox olan ərazilərdə qırıntı aparılmır. Ona görə də Azərbaycana ağac və ağac məhsulları yuxarıda da qeyd etdiyimiz kimi, əsasən Rusiya, Ukrayna və Belarusdan gətirilir.

Bəs baş verən yanğınlar Azərbaycanın taxta bazarına necə təsir edib?

Bakıda taxta əsasən “Dərnəgül bazarı” kimi tanınan ərazidə satılır. Biz də elə həmin bazarda olub, mövcud vəziyyətlə maraqlandıq. Taxta sarıdan bazarda hansısa bir qıtlığın yaşandığını müşahidə etmədik. Lakin müştərilər bir o qədər də gözə dəymirdi. Satıcılar bildirdilər ki, hazırda taxtanın 1 kubunu 280 manata satırlar. Əgər müştəri bir neçə kub taxta alırsa, qiymətlərdə endirim edirlər. Taxta satışı ilə məşğul olan Mirsalam Həsənov söylədi ki, son günlərdə bazarda heç bir qiymət artımı yoxdur: “Aprel-may aylarında qiymətlər 270 manat idi. Hava isinəndən sonra isə satıcılar taxtanı 280 manata satmağa başladılar. Bu da mövsümi bir haldır. Hər il tikintilər başlayan zaman tikinti materiallarının qiymətində müəyyən qədər artım olur. Bu da tələbatın artması ilə bağlıdır. Rusiyada meşə yanğınları ilk dəfə deyil ki, baş verir. Lakin bu dəfə doğrudan da böyük ərazi yanıb. Mən özüm taxtanı Rusiyadan gətirirəm. 15 ildən artıqdır ki, bu işlə məşğulam. Burada bir məsələ var ki, əsasən yanğınlar yay aylarında baş verir. Yay aylarında isə ağac kəsilmir. Çünki  yayda ağac kəsirsənsə, taxta hazırlanan zaman rəngi qaralır. Ona görə də meşələri taxta hazırlamaq üçün əsasən qış aylarında qırırlar. İkincisi də Rusiyada təkcə təbii meşələrdən söhbət getmir. Orada qanunvericiliyə görə sahibkarlar özləri də oduncaq sahəsi yaradıb, taxtanı sata, istifadə edə bilirlər. Buna görə də Rusiyada meşə sahəsi olduqca böyükdür. Hesab etmirəm ki, taxtanın qiymətində ciddi bahalaşma olacaq. Bir məsələ də var ki, Rusiyada yanğınlar çox zaman meşənin kənar ərazilərində baş verir. Çünki yanğın əsasən insan ehtiyatsızlığından qaynaqlanır. İnsanlar da meşənin kənarında dincəlirlər və yanan da elə həmin ərazilər olur.  Mən özüm həmin meşələrdə olmuşam və görmüşəm ki, artıq kənar ərazilərdə taxta hazırlanması üçün lazım olan ağaclar qırılıb qurtarıb. İndi daha çox meşənin dərinliklərində işlər aparılır, orada ağaclar kəsilib, taxta üçün hazırlanır.  Bazarda taxtanın qiyməti adətən dollar bahalaşan zaman artır. Məsələn, devalvasiyadan öncə 170 manata satılan taxta, hazırda 280 manatadır. Söhbət taxtanın bir kubundan gedir. Rusiyadan asılılıq böyükdür. Burada hər kəs demək olar ki, taxtanı Rusiyadan gətirir. Hazırda gətirilən mal ötən qış aylarında hazırlanan taxtalardır. Ona görə də biz malı götürən zaman hansısa qiymət artımı ilə üzləşməmişik”.

Qiymət sarıdan ciddi narahatlıq olmasa da, alıcılar taxtanın ölçüsü ilə bağlı narazılıq edirdilər. Əksər taxta yerində ölçü ilə bağlı mübahisənin şahidi olduq. Belə ki, alıcılar bildirirlər ki, taxtalar qeyd edilən qalınlıqdan aşağı olur. Məsələn, satıcının 5-lik ( qalınlığı 5 sm) adı ilə satdığı taxtalar 4.5-lik və ya 4-lük olur. Satıcılar bildirdilər ki, bu, onların günahı deyil. Rusiyadan gəldiyində taxtanın qalınlığı aşağı olur. “Taxta quruyan zaman öz qalınlığını bir qədər itirir. Ona görə də qalınlıqda azalma olur”, - deyə satıcılar bildirdilər. Alıcılar isə söylədilər ki, sovet dövründə belə bir hal yox idi. Ona görə də bazarda insanlar köhnə taxtaları almağa daha çox üstünlük verirlər. Xüsusilə də 5x15-lik taxta axtaranları, köhnə taxtaların satıldığı bazarda görmək olur. Buradakı qiymətlərə gəlincə isə öyrəndik ki, mismarlardan təmizlənmiş, ikinci əl taxtaların1 kubu  220 manatdan başlayan qiymətlə  satılır. Taxtanın vəziyyətindən asılı olaraq qiymət düşə və qalxa bilər. Bu cür taxtaları alanlar əsasən tikintinin yandan və ya üzdən görünməyən yerlərində istifadə edirlər. Mütəxəssislər bildirdilər ki, sovet dövrünün taxtaları ikinci əl olsa da, yeni taxtalardan daha keyfiyyətlidir...

Onu da qeyd edək ki, köhnə taxtaların da qiyməti ötən aylarla müqayisədə yüksəkdir. Satıcılar bildirdilər ki, bu taxtaların qiyməti yeni taxtanın qiymətinə uyğun olaraq dəyişir. Təbii ki, qiyməti də satıcıların özləri təyin edirlər...

Bazarda öyrəndik ki, taxta məhsullarının da qiymətində ötən aylarla müqayisədə ciddi dəyişiklik yoxdur. Son zamanlar tikinti materiallarının içərisində bəzi sement markalarının qiyməti 1 manata qədər ucuzlaşıb. Eyni zamanda mişar daşının da qiymətində bir neçə qəpik ucuzlaşma var. Bunun xaricində digər materialların qiymətində ciddi dəyişiklik yoxdur./musavat.com