​Taro Kono: Bakı mühüm tərəfdaşdır

Baxış sayı:
6466

Sentyabrın 2-dən 6-dək Yaponiya xarici işlər naziri Taro Kononun üç Qafqaz ölkəsinə - Ermənistan, Gürcüstan və Azərbaycana səfəri reallaşdı. KİV-lərin də qeyd etdiyi kimi bu, Yaponiya xarici işlər nazirinin Yerevan və Tbilisiyə ilk, Azərbaycana isə 19 ildən sonra ikinci səfəri idi. Bəs Yaponiya xarici işlər idarəsinin rəhbərini həmin səfərə sövq edən səbəblər hansılardır və bu səfərin region ölkələri, xüsusən də Azərbaycan üçün nə kimi əhəmiyyəti ola bilər?
Əvvəlcə qeyd edək ki, ötən il Yaponiya ilə 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində yaranmış bu üç dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olub. Ötən dövrdə Yaponiya xüsusən Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişafına böyük diqqətlə yanaşıb. Bunu həmin ölkələrlə Yaponiyanın münasibətlərinin tarixi, həm də nazir Taro Kononun Bakıya səfərindən əvvəl yerli mətbuatda dərc olunan fikirləri birbaşa təsdiq edir. Həmin məqaləsində nazir vurğulayır: “Yaponiya və Azərbaycan arasında əlaqələrin daha da inkişafına töhfə vermək mənim üçün şərəfdir və buna çox şadam. Xüsusilə, faydalı qazıntılarla zəngin olan, beynəlxalq enerji təhlükəsizliyində əsas rollardan birini oynayan Azərbaycan ilə əlaqələrin daha da möhkəmləndirilməsi Yaponiya üçün olduqca vacibdir”. Nazirin qeyd etdiyi kimi, Qafqaz ölkələrinə səfər eyni vaxtda həyata keçirilsə də, bu ölkələr arasında güclü iqtisadi potensiala, zəngin enerji resurslarına və beynəlxalq nəqliyyat dəhlizləri üçün son dövrlər daha da inkişaf etdirilmiş, müasir infrastruktura malik olan Azərbaycan Tokio üçün xüsusi çəkisi və əhəmiyyəti ilə fərqlənir.
Yaponiyanın dünya dövlətləri arasında mövqeyi, müasir dünyada çəkisi və yeri, iqtisadi və texnoloji inkişafı barədə faktları təkrarlamağa ehtiyac yoxdur. Bütün dünyada yaxşı tanınan “Made in Japan” brendli məhsullar barədə yazmağa da, həmçinin lüzum görmürük. Lakin qeyd etmək lazımdır ki, təbii resurslarının azlığına baxmayaraq, bu ölkə XX əsrin ikinci yarısında bütün dünyaya ən yüksək modernləşmə və inkişaf nümunəsi göstərə bilib. Yüksək inzibati idarəçilik təcrübəsinə və möhkəm nizam-intizama malik yapon xalqı qısa zaman kəsiyində yüksəliş və tərəqqinin Amerika modelindən fərqli, yeni bir model yaradıb. Enerji ehtiyatlarının məhdudluğu, iri sənayenin inkişafı üçün lazım olan enerji mənbələrinin çatışmazlığı Yaponiyaya ABŞ və Avropa ölkələri ilə həmin sahədə rəqabəti qeyri-mümkün etdiyindən, bu ölkə əsas diqqətini intellektual və yüksək texnologiyaya əsaslanan sahələrin inkişafına yönəldib.
Bu baxımdan Azərbaycanın Yaponiya modelindən, onun əldə etdiyi təcrübədən faydalana biləcəyi məqamlar kifayət qədərdir. Lakin bununla yanaşı, Taro Kononun da etiraf etdiyi kimi, Yaponiyanın da Azərbaycan ilə əməkdaşlıqdan faydalana biləcəyi məqamlar az deyil. Söz yox ki, burada ölkəmizin geostrateji mövqeyi, enerji təhlükəsizliyində oynadığı rol və etibarlı tərəfdaş imici xüsusi qeyd edilməlidir.
Məhz bu cəhətlər nəzərə alınmaqla, demək olar ki, Azərbaycanla Yaponiya arasında əlaqələr yüksək səviyyədədir. Bu gün Azərbaycanda Yaponiyanın 30 şirkəti fəaliyyət göstərir. Yaponiya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişaf etdiyi son illərdə rəsmi Tokio ölkəmizə təqribən 7 milyard dollar investisiya yatırıb. Azərbaycan ilə Yaponiya arasında energetika, iqtisadiyyat, sərmayə qoyuluşu, səhiyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir, digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur.
Təsadüfi deyil ki, Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə, Baş nazir Novruz Məmmədovla və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərdə Bakıya səfərindən məmnunluq hissi keçirdiyini deyən Taro Kono iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. Nazir Yaponiyanın “İtoçu” və “İnpeks” şirkətlərinin uzun illər “Azəri-Çıraq-Günəşli” (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını xatırladaraq, AÇQ üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətini vurğulayıb və bunun əməkdaşlığın bundan sonra da genişlənəcəyinə töhfələr verəcəyinə inamını ifadə edib. Taro Kono, həmçinin bildirib ki, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Göründüyü kimi, Yaponiyanın regiona olan marağının kökündə, ilk növbədə, onun Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin qovuşuğunda yerləşməsi dayanır. Eyni zamanda, Azərbaycanın son illər artan logistik imkanları da Yaponiya üçün cəlbedicidir. Digər tərəfdən isə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyində böyük rola malikdir və rəsmi Tokio gələcəkdə bu imkanlardan bəhrələnmək istəyir. Məhz bu baxımdan regionun sabitliyi, eyni zamanda, beynəlxalq aləmin sülh və təhlükəsizliyi ilə də birbaşa bağlıdır. Cənubi Qafqazın Asiya ilə Avropa arasında geostrateji mövqeyinin əhəmiyyətini dərindən anlayan Yaponiya, ilk növbədə, bu regionun ümumilikdə müstəqil inkişaf xəttini daim dəstəkləyəcəyini qeyd edir. Yaponiya hökumətinin bu yanaşması ilə Azərbaycan rəhbərliyinin müstəqil, heç kimdən asılı olmayan siyasət yürütmək xətti arasında üst-üstə düşən məqamlar aydın görünür. Bu baxımdan Yaponiya Asiya ilə Avropanın birləşmə nöqtəsi kimi mühüm rola malik olan Qafqaz regionunun müstəqil şəkildə inkişafı üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bundan sonra da region ölkələrinin bu istiqamətdəki quruculuq xəttini dəstəkləməkdə davam edəcək.  
Yaponiyanın yanaşmasına görə, bu məqsədlə insan resurslarının yetişdirilməsi mühüm məqamlardan biridir. Əgər Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək barədə mühüm tezisini xatırlasaq, burada da qarşılıqlı məqamlar aşkar görünər. Yaponiyanın da XIX əsrin ortalarında yeni ölkə quruculuğuna başlayarkən əsas güc sərf etdiyi məqam dünyadakı ən son bilik və texnologiyaları mənimsəyərək, onları ölkəyə gətirə biləcək insan resurslarının yetişdirilməsi olub. Artıq neçə illərdir ki, Azərbaycan rəhbərliyi tərəfindən ölkə gənclərinin xaricdə təhsil proqramları həyata keçirilir. Bu da məhz həmin məqsədə xidmət edir. Həmin proqramlar çərçivəsində gənclərimiz dünyanın ən qabaqcıl universitetlərində təhsil alaraq Azərbaycana beynəlxalq səviyyəli mütəxəssislər kimi qayıdırlar. Şübhəsiz ki, yüksək peşəkarlığı ilə seçilən həmin gənclər Azərbaycanın bugünkü və gələcək inkişafında aparıcı rol oynayaraq, ölkəmizin dünyanın qabaqcıl dövlətləri ilə bir cərgədə addımlamasına töhfələr verəcəklər. Bu gün dünyanın digər ölkələri ilə yanaşı, Yaponiyada da ali təhsil alan gənclərimizin sayı ilbəil artır. Sevindirici haldır ki, onların bəziləri magistratura təhsili ilə kifayətlənməyərək, doktorantura təhsili alır və doktorluq dissertasiyası müdafiə edirlər. Həmin gənclərin bir qisminin Yaponiyada qalaraq, buradakı universitetlərdə alim kimi fəaliyyət göstərməsi, eyni zamanda, ictimai-siyasi həyata fəal şəkildə qoşulması bir tərəfdən Azərbaycanın müsbət imicinin formalaşmasında mühüm rol oynayırsa, digər tərəfdən yetişməkdə olan gənclərimizin bu gündoğar ölkəyə axınına stimul yaradır. Təhsilini başa vuraraq Azərbaycana qayıdan gənclərimiz isə öyrəndikləri sahələrdə yüksək səviyyəli peşəkar kadr olmaqla yanaşı, eyni zamanda, iki ölkə arasında körpü rolunu oynayır, xalqlarımızı biri-birinə daha da yaxınlaşdırır. Bununla yanaşı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) xətti ilə azərbaycanlı mütəxəssislərin Yaponiyada təlim kurslarına cəlb edilməsi yerli kadrların dünya səviyyəli, qabaqcıl bilik və təcrübə əldə etməsinə yol açır.
İki ölkə arasında qarşılıqlı insan mübadiləsinin əhəmiyyətini yaxşı anlayan Yaponiya hökuməti cari il oktyabrın 1-dən başlayaraq, Azərbaycan vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiq olunması ilə bağlı qərar qəbul edib. Azərbaycan tərəfi isə Yaponiya vətəndaşları üçün vizaların birbaşa aeroportda verilməsi təcrübəsinə çoxdan keçib.
Səfər çərçivəsində Bakıda aparılan müzakirələr zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində investisiyaların təşviqinə və qorunmasına da xüsusi diqqət yetirilib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilməsinin böyük potensiala malik olduğu qeyd edilib. Eyni zamanda, Yaponiya və Azərbaycan arasında turizmin inkişafı üçün birbaşa aviareysin açılması məsələsi də müzakirə edilib.
Göründüyü kimi, Yaponiya xarici işlər nazirinin regiona, o cümlədən Azərbaycana səfəri iki dost ölkə arasında qarşılıqlı əməkdaşlığın geniş spektrində mühüm məsələləri əhatə etməklə yanaşı, eyni zamanda, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə mühüm təsir göstərəcək. Bu, həm Yaponiya hökumətinin, həm də Azərbaycan rəhbərliyinin siyasi xətti ilə tam üst-üstə düşür və hər iki xalqın milli maraqlarına xidmət edir.