“Taro” 10 il sonra “Qara delfin”i tərk edir, böyük müharibə gözlənilir...

Baxış sayı:
16318

Nüfuzlu kriminal avtoriritet, “Taro” ləqəbli Tariel Oniani Orenburq vilayətində 10 ildir saxlanıldığı məşhur “Qara delfin” həbsxanasını cəza müddətinin başa çatması ilə bağlı tərk edib. Rusiya hakimiyyətinin qərarına görə Oniani həbsxanadan çıxandan sonra bir neçə saat xüsusi saxlanma məntəqəsində qalıb, daha sonra doğulduğu Gürcüstana deportasiya edilib. Lakin “Taro” Gürcüstanda da ləngiməyəcək və onun oradan Türkiyəyə yola düşəcəyi bildirilir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Taro”nun həbsxanadan çıxması kriminal aləmdə yeni böyük müharibənin başlamasına səbəb ola bilər. “Rosbalt” yazır ki, Onianinin Türkiyədə böyük sayda tərəfdaşları var. Onlar artıq “boss”un azadlığa çıxması ilə bağlı “qələbə tostları” deyirlər və “Taro”nun “vor zakon” titulunun alınmasına dair 2009-cu ildə “Ded Xasan”ın başçılıq etdiyi toplantıda qəbul edilmiş qərara imza atanlara divan tutacaqlarını deyirlər. Həmin qərarı 2009-cu ildə onlarla mafioz “general” imzalayıb və kriminal aləmin qanunlarına görə nə qədər ki, onlar öz imzalarını geri götürməyiblər, Oniani “vor zakon” hesab edilməməlidir. Bu səbəbdən Onianinin birinci işi toplantı çağıraraq həmin imzanı atanlardan haqq-hesab soruşmağa hazırlaşır. Onlara ya təklif ediləcək ki, imzalarının özlərindən xəbərsiz qoyulduğunu deyib vəziyyətdən “üzüsulu” çıxsınlar, ya da üzr istəsinlər və bağışlanmalarını xahiş etsinlər. Beləliklə, Oniani əvvəlcə özünün “vor zakon” statusunu bərpa etməyi, daha sonra “1 nömrəli oğru” titulu uğrunda mübarizəyə başlamalıdır. Üzr istəməkdən və imzalarını geri çəkməkdən imtina edənləri isə “Taro” cəzalandırmağa hazırlaşır. Onları döyülmə, güllələnmə gözləyir. Bu kriminal müharibənin ilk növbədə Türkiyədə başlayacağı gözlənilir. Lakin qarşı tərəfin də qüvvələri yetərincədir. “Meliya” ləqəbli Merab Qoqiya, “Alfason” ləqəbli Qoça Alpaidze və digərləri “Taro”nun qruplaşmasına qarşı preventiv zərbə endirə bilərlər./Virtualaz