“Tarixi müqavilələri pozmaq Rusiyanın maraqlarına cavab vermir”

Sərdar Cəlaloğlu: “Belə olarsa, onda Rusiyanın hazırkı ərazisinin mühüm bir qismi digər dövlətlərə qaytarılmalıdır”
 
“Rusiyanın hərəkətləri qızdırmalı xəstənin davranışlarına bənzəyir”
 
“Bu siyasət, bu cür yanaşma Rusiyanı təhlükəli istiqamətə aparır…Rusiya öncə başqa dövlətlərin torpaqlarını qaytarsın, bundan sonra bu müqavilənin ləğvinin nəticələrindən bəhrələnsin”
 
ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:
 
-Sərdar bəy, son vaxtlar ölkə başçısının məmurlara yönəlik tənqid və təhdidlərinin sayı artmaqdadır. Lakin bəzi vətəndaşlar hesab edir ki, məmur özbaşınalığı və harınlığına görə məsuliyyətin bir hissəsi də məhz ölkə başçısının üzərinə düşür. Çünki həmin şəxsləri bu postlara məhz ölkə başçısı təyin edib. Sizcə, bu məsələdə prezidentin də məsuliyyət payı varmı?
 
-Xeyr. Bu məsələdə ölkə başçısının hər hansı məsuliyyəti yoxdur. Ölkə başçısı hansısa məmuru müəyyən bir vəzifəyə təyin edir. Həmin məmurun fəaliyyətinə nəzarət edən, etməli olan əlaqədar qurumlar var. Prokurorluq, məhkəmə, DTX və s. kimi qurumlar mövcuddur. Məmurların fəaliyyətinə nəzarət də bu qurumlar tərəfindən həyata keçirilməlidir. Konstitusiyaya görə də nəzarət funksiyasını ölkə başçısı həyata keçirmir. Prezident sadəcə olaraq kadrları yerləşdirir. Kadrların fəaliyyətinə isə nəzarəti digər orqanlar həyata keçirir. Bu qurumlar lazımi şəkildə nəzarət həyata keçirmədiyi üçün ölkə başçısı məcbur olub bu nəzarəti özü həyata keçirməyə başlayır. Bu isə əslində hakimiyyətin ayrılması prinsipinə ziddir. Prezident nə üçün nəzarət funksiyasını həyata keçirməlidir? Əlaqədar qurumlar öz işini lazımınca görsə, buna ehtiyac qalmaz.
 
-Bəzi deputatlar hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı daha effektiv mübarizə aparmaq üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluqdan ayrılmalı, tamamilə müstəqil şəkildə fəaliyyət göstərməlidir. Sizin bu təklifə münasibətiniz nədən ibarətdir?
 
-Korrpsiyaya qarşı korrupsiya idarələri ilə mübarizə aparmaq olmaz. Biz öncə korrupsiyanın özünün nə olduğunu bilməliyik. Bundan sonra onunla mübarizənin üsullarını tapmalıyıq. Korrupsiya siyasət elminə görə o deməkdir ki, aşkarlıq olmayan dövlət strukturlarında siyasi postlar qeyri-qanuni iqtisadi mənfəət götürməyə şərait yaradır. Deməli, biz korrupsiyaa qarşı mübarizə aparmaq, bu problemi həll etmək üçün aşkarlıq yaratmalıyıq. Problemin həlli yolu bu qədər sadədir.
 
-Bəs aşkarlığın özü necə, hansı formada təmin edilməlidir?
 
-Aşkarlığı təmin etməyin bir neçə yolu var. Öncə söz və fikir azadlığı təmin edilməlidir. Jurnalist tədqiqatlarına şərait yaradılmalıdır. Onlara imkan verilməlidir ki, onlar hətta nazirlərin, komitə sədrlərinin belə fəaliyyətini tədqiq edə bilsinlər. Hökumət jurnalist yazılarına ciddi qiymət verməlidir. Siyasi nəzarət həyata keçirilməlidir. Parlament icra hakimiyyəti üzərində nəzarət etməlidir. Parlamentin özü demokratik seçki əsasında formalaşmalıdır. Ən yaxşı üsul isə koalision hökumətin yaradılmasıdır. Bu, koalision qanadların bir-birinin fəaliyyətinə nəzarət etməyə imkan verər. Yoxsa prokurorluqla, məhkəmə ilə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vasitəsi ilə korrupsiyaya qarşı mübarizə aparmaq olmaz. Bu cür mübarizə problemin yanlış istiqamətində həllinə yönəldimiş cəhdlərdir. Aşkarlıq olmalı və bir-birinə qarşılıqlı nəzarət edən strukturlar formalaşmalıdır. Parlament də, prezident də, məhkəmə də xalq tərəfindən seçilir. Bunlar bir-birinin fəaliyyətinə nəzarət etməlidir. Bu olmayan ölkədə heç vaxt korrupsiyaya qarşı effektli mübarizə aparmaq olmaz.
Korrupsiyaya qarşı digər bir mübarizə üsulu isə insanların qohumluq əlaqələrinə görə vəzifədə təmsil olunmağını önləməkdir. Hansı ki, bu gün Azərbaycanda bu problem olduqca geniş yayılıb.
 
-“MTN işi” ilə bağlı bəzi şəxslər məsuliyyətə vəlb edilsə də, hələ də bütün baş verənlərin “baş memarı” hesab edilən sabiq nazir Eldar Mahmudovun həbsi istiqamətində hər hansı addım atılmır. Sizcə, E.Mahmudovun hələ də həbs edilməməsi nə dərəcədə məntiqlidir?
 
-Bəzi məmurlarla bağlı qərarlar siyasi mahiyyət daşıyır. Bir dövlətin Təhlükəsizlik Komitəsinin rəhbərinin həbs olunması siyasi çalarlara malikdir. Ola bilsin ki, siyasi mülahizələr əsasında bu cür addım atılmır. Siyasət öncəlik təşkil edir. Unutmaq olamaz ki, sabiq nazir və həbs edilməyən digər şəxslər haqqında müxtəlif cəza tədbirləri görülüb. Onlar vəzifədən çıxarılıb, ev dustaqlığı edilib və s. Bunların özü də cəzanın müxtəlif növləridir. Əgər istənilən bir məsələdə dövlətin ali maraqlarına, siyasi maraqlarına xələl gələcəksə, hüquqi prosesləri tətbiq etmək şərt deyil.
 
-Bu günlərdə Rusiya Dövlət Dumasındakı bəzi deputatlar 1921-ci ildə Türkiyə ilə imzalanan “Moskva” müqaviləsinin Rusiyanın maraqlarına uyğun gəlmədiyini, bu məqsədlə də həmin müqavilənin ləğv edilməsi gərəkdiyini iddia etdi. Bu müqavilə Rusiya tərəfindən birtərəfli şəkildə ləğv edilə bilərmi və bu müqavilənin ləğvi Naxçıvan üçün hər hansı təhlükə doğururmu?
 
- Son vaxtlar Rusiyanın bütün siaysətçiləri qızdırmalı xəstələr kimi danışır. Ağlasığmayan, məntiqsiz fikirlər səsləndirir, müzakirələr aparırlar. Əvvəla, deyim ki, SSRİ-nin dağılmağı ilə “Moskva” müqaviləsi öz əhəmiyyətini itirib. Azərbaycan müstəqil dövlətdir, BMT tərəfindən tanınır, beynəlxalq hüquq subyektidir. Sovet hökuməti dağılandan sonra SSRİ dönəmində bağlanan bütün müqavilələr qüvvədən düşüb. Bu müqavilə I Dünya müharibəsinin nəticəsinə əsasən bağlanmışdır. Sözügedən müqavilə imzalanandan bir müddət sonra II Dünya müharibəsi baş verib, dünyada ciddi dəyişikliklər olub. Ona görə də hansısa müqavilənin ləğvi üçün onun hökmən kimlərsə tərəfindən ləğv edilməsi şərt deyil. Bəzi müqavilər formalaşan yeni situasiyadan asılı olaraq öz-özünə ləğv olur, əhəmiyyətini itirir. I Dünya müharibəsinin sonucundan doğan yeni situasiya ilə bağlı dünyada minlərlə müqavilə imzalanıb ki, onda gərək Rusiyanın məntiqi ilə bu müqavilələrin ləğvi də gündəmə gəlsin. Belə olarsa, onda Rusiyanın hazırkı ərazisinin mühüm bir qismi digər dövlətlərə qaytarılmalıdır. Finlandiyanın, Yaponiyanın, Çinin, Azərbaycanın və digər ölkələrin ərazisi hazırda Rusiya ərazisidir. Türkiyənin olan Krım və digər böyük ərazilər də bu gün Rusiyanın torpaqlarıdır. Rusiya öncə başqa dövlətlərin torpaqlarını qaytarsın, bundan sonra bu müqavilənin ləğvinin nəticələrindən bəhrələnsin. Görək bu müqaviləni ləğv etməklə o, nəyə nail olacaq ki?
SSRİ və çar Rusiyası yoxdur, Rusiya Federasiyası var. Beynəlxalq hüquqa görə Rusiya BMT üzvü olaraq Rusiya Federasiyası kimi tanınıb. Rusiyanın qoşulduğu müqavilələr var ki, Rusiya üçün məhz bu müqavilələr qüvvədədir. SSRİ-i dönəmində bağlanan, Lenin tərəfindən imzalanan müqavilələrin Putinə nə aidiyyatı var ki? Putin özü deyir ki, Lenin Rusiya xalqının düşmənidir. Deməli, sənə lazım olanda Lenini söyürsən, lazım olanda isə onun müqaviləsini əsas götürürsən? Bu, olduqca gülməli bir davranışdır. Bu siyasət, bu cür yanaşma Rusiyanı təhlükəli istiqamətə aparır. Tarixi müqavilələri yenidən qaldırıb onları pozmaq Rusiyanın özünün maraqlarına cavab vermir. Çünki Rusiyanın özünün maraqlarına xidmət edən bu cür minlərlə müqavilə mövcuddur. Hər kəs bu müqavilələri ləğv edər, yeni iddialarla çıxış edər, o zaman Kreml bilməz ki, yeni Rusiya dövlətini qurmaq üçün hara üz tutsun”.

"Hürriyyət"